İran XİN Gəncə olayına reaksiya verdi, Kreml niyə susur?


Şimal qonşumuzun Azərbaycandakı terror aktına seyrçi münasibəti təəccüb doğurur; politoloq: “Maraqlıdır ki, Azərbaycanla bağlı məsələlərdə dil-dil ötən ekspertlər də susublar”

Gəncədə baş verən qanlı hadisələrin tətikçilərinin ölkə xaricində olması artıq heç kimdə şübhə doğurmur. Azərbaycanın rəsmi qurumları da ölkədə “dini zəmində” qarışıqlıq yaratmaq istəyən xarici qüvvələrin olduğuna eyham vuran açıqlamalar yayıblar.

Vəziyyətlə əlaqədar bir sıra ölkələr operativ reaksiya veriblər, baş verənləri kəskin pisləyiblər. Hətta baş verənlərdə “İran izi”nin olması ilə bağlı iddiaların qarşılığında Tehrandan da reaksiya gəlib. İran XİN-in sözçüsü Bəhram Qasimi deyib ki, İran İslam Respublikası zorakılığı həmişə pisləyir. “Biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun (Gənc şəhərinin icra başçısı Elmar Vəliyev nəzərdə tutulur-red.) səhhəti tezliklə yaxşılaşacaq”. Mətbuat konfransında Gəncə icra başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən XİN sözçüsü deyib ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. “Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”, - deyə o vurğulayıb.

ÐаÑÑинки по запÑоÑÑ Ä°ran XÄ°N sözcüsü

İrandan məsələyə reaksiya verməsində baxmayaraq, Azərbaycanın digər böyük qonşusu Rusiya rəsmiləri məsələyə münasibət bildirməyiblər. Hətta Moskvanın Bakıdakı elçiliyi də sükut edir ki, bu da təəccüb doğurur. Vaxtaşırı Azərbaycanla bağlı hansısa məsələyə XİN rəsmisi Mariya Zaxarova səviyyəsində reaksiya verən Kremlin sükutu çox müəmmalıdır.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, əgər rəsmi mənbələrə istinad etsək, o zaman terrorçuların, cinayətkarların, terrora, qanuni hakimiyyətə qarşı zorakılığa çağırış edənlərin İranın Qum şəhərində olduqları, oradan Suriyaya getdikləri bəlli olur:

“Prosesin iştirakçılarından və əsas şübhəlilərindən biri olan Tohid İbrahimbəyli şəxs də hazırda İranda yaşayır və fəaliyyət göstərir. İranın Gəncədə baş verən terror aktlarını pisləməsi müsbət haldır, amma yetərli deyil. Əgər İran öz ərazisindən Azərbaycana əl uzadanların əlini kəsərsə, suçluların Azərbaycanın ədalət məhkəməsinə təhvil verərsə, o zaman bu bəyanatın rəsmi Tehranın gerçək mövqeyini əks etdirdiyini söyləmək olar. Onu da qeyd edin ki, müasir dövrdə xüsusi xidmət orqanlarının həyata keçirdiyi müxtəlif formalı aksiyaları, informasiya savaşının məkanının müəyyənləşdirmək çox çətindir”.

ÐаÑÑинки по запÑоÑÑ elçin mirzÉbÉyli

E.Mirzəbəyli qeyd etdi ki, hazırda Rusiyada İrana bağlı olan çoxsaylı şirkətlər fəaliyyət göstərir: “Rusiya üzərindən İranın informasiya siyasətini aparanlar da var.

Həmçinin İran üzərindən də Rusiyanın informasiya siyasətinin aparılması mümkündür. Bütün bunlara istintaq aydınlıq gətirməlidir. Bir nümunə də gətirim:

İtaliyada uzun müddətdir ki, “Beş ulduz” siyasi partiyalar blokunda təmsil olunan partiyaların himayə etdiyi ictimai təşkilatlar TAP layihəsinə qarşı total kampaniya aparırlar. İtaliya mətbuatının araşdırmaları nəticəsində hələ xeyli öncə bəlli olmuşdu ki, bu siyasi partiyaların Rusiya ilə, xüsusilə də “Qazprom”la sıx əlaqələri var. Onların fəaliyyətini Rusiyaya bağlı olan şirkətlər maliyyələşdirir. Hazırda İtaliyada bu partiyalar hakimiyyətdədirlər və yenə də eyni mövqedən çıxış edirlər. Çoxsaylı qərb təşkilatları var ki, onların bu və ya digər ölkələrə qarşı apardıqları kampaniyanın arxasından bəzən Rusiya, yaxud başqa bir dövlət çıxır. Bu baxımdan da konkret istiqamət göstərmək çox çətindir. O ki qaldı Azərbaycanda marağı olan qüvvələrə, ölkəmizin enerji və nəqliyyat dəhlizləri siyasətinə, hərbi əməkdaşlıq və inteqrasiya meyllərinə qarşı olan qüvvələrin ünvanı bəllidir. Bu sıraya işğalçı Ermənistanı da əlavə etsək, ümumi mənzərəni əldə edə bilərik”.

Kremlin sükutuna gəldikdə, politoloq bildirdi ki, adətən, Rusiya belə məsələlərə rəsmi şəkildə münasibət bildirmir:

“Ola bilsin ki, hansısa Rusiya rəsmisinə mətbuat konfransında verilən sualın qarşılığında müəyyən fikirlər səsləndirilsin. Bu da çox güman ki, şablon cümlələrdən ibarət ola bilər. Məsələn, “Rusiya öz qonşuluğundakı dövlətlərdə sabitliyin olmasında maraqlıdır” və s. Amma məsələnin digər tərəfi daha maraqlıdır. Rəsmi strukturları başa düşdük. Tutaq ki, böyük dövlət ambisiyası, yaxud diqqəti çəkməmək niyyəti və ya susmaqla qarşı tərəfin reaksiyasının hara qədər olacağını müəyyənləşdirmək məqsədi baş verənlərə rəsmi reaksiyanın verilməsinə də mane olur. Amma maraqlıdır ki, Azərbaycanla bağlı məsələlərdə dil-dil ötən ekspertlər də susublar. Zənnimcə, bu amil diqqətdə saxlanılmalı və Azərbaycanın ictimai rəyinə sırınan rusiyalı ekspertlərin bu qədər önəmli bir məsələyə reaksiya verməmələri unudulmamalıdır”.

Politoloq Arzu Nağıyev isə əməkdaşımıza dedi ki, birmənalı şəkildə hansı ölkənin bu baş verən hadisələrdə maraqlı olmasını demək düzgün olmaz:

ÐаÑÑинки по запÑоÑÑ arzu naÄıyev

“Çünki istintaq gedir və bu sübuta yetməlidir ki, belə bir bəyanatla çıxış etmək olsun. Digər tərəfdən, Azərbaycan rəsmi olaraq İrana qarşı hər hansı bir ittiham irəli sürməyib və istintaqın gedişində ikitərəfli razılaşmalara uyğun olaraq müəyyən məlumat mübadiləsi aparıla bilər . Çünki bu gün İranla bizim münasibətlərimiz elə bir səviyyədədir ki, inandırıcı deyil ki, İranın bir dövlət olaraq bizə qarşı belə cinayətlərin həyata keçirilməsində marağı olsun. Hadisələrə İran Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat verilməsi isə təbii ki, həm bir sıra şəhərlərdə yerləşən dini məktəblərlə və şəxslərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının açıqlamaları və qonşuluq siyasəti ilə əlaqədar idi”. Rusiyaya gəldikdə, A.Nağıyev yenə də soyuqqanlı yanaşmağı zəruri saydı: “Cinayətkarın hansı ölkədə yaşaması və ya orada gizlənməsi bu o demək deyil ki, bu dövlət tərəfindən göndərilən şəxsdir. Yəni mülahızələr çox ola bilər, lakin cinayət məcəlləsinin ağır maddələri ilə istintaq aparıldığı üçün sensasiya naminə hansısa dövləti günahlandırmaq düzgün deyil. Bəli bu dövlətlərin ərazində gizli və ya leqal şəkildə fəaliyyət göstərən müəyyən qurumları ola bilər ,lakin bu hələ dövlətin mövqeyi demək deyil”.

Cavid TURAN

Tarix: 17-07-2018, 19:23
Xəbəri paylaş





Xəbər lenti