İrana qarşı “B planı” işə düşür: Çin Rusiyadan torpaqlarını məcburən alacaq

 ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçirilən görüşü nəticəsiz başa çatdı. Buna baxmayaraq, Helsinki danışıqlarınının ümumi yekunu Vladimir Putinin Donald Tramp üzərində üstünlüyü kimi qiymətləndirilir. İlk növbədə, bu, psixoloji amillə bağlıdır. Çünki mövcud situasiyada danışıqların bərpa edilməsi Trampdan daha çox Putinə lazım idi. Bu revanş Rusiya prezidenti üçün daha çox daxili ictimai rəyə hesablanıb. Putin həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət qarşısında, ABŞ qarşısında üstün mövqe nümayiş etdirməyə çalışdı. Çünki V.Putin bu görüşün nəticəsinin ABŞ cəmiyyətində D.Trampın əleyhinə işləyəcəyini bilirdi. 
Helsinki danışıqları başa çatar-çatmaz prezident Trampın ünvanına kəskin tənqidlər gəlməyə başladı. “Vanity Fair” jurnalının analitiki Ebiqeyi Treysinin rəyinə görə, Tramp-Putin görüşü başlanmazdan əvvəl başa çatıb. “Tramp görüşü hamı üçün yaxşı başlanğıc adlandırdı. Lakin Putinin önə çıxdığı artıq görünürdü”.
Donald Trampı ən çox tənqid edənlərdən biri Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsneger olub: “Prezident Tramp, mən sizin mətbuat konfransınıza baxdım. Siz çox utancverici görünürdünüz. Siz orada balaca, yorğun makaron, bir az da kiçik fanat kimi dayanmışdınız”-Şvartsneger belə deyib.
Ekspertlərin rəyinə görə, görüşdə hər hansı razılaşmanın əldə olunmaması NATO rəsmilərini məmnun edib. Əks təqdirdə, ABŞ-ın Rusiya sərhədləri yaxınlığında NATO-nun təlimlərinə qatılması sual altına düşə bilərdi. İndi isə Birləşmiş Ştatların Rusiya ilə “soyuq cəbhə” xəttində gərginlik yenidən arta bilər. Xüsusilə də Rusiyanın İranla müttəfiqlikdən imtina etməməsi və Suriyada Tehranla birgə əməkdaşlığa üstünlük verməsi Vaşinqtonun planlarını pozdu.
 
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, qeyd edilən görüşdə tərəflərdən biri digərinə siyasi güzəştə getməsə də, qarşıdurma yeni mərhələyə daxil oldu. Ona görə də yaxın perspektivdə ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşməsi daha böyük siyasi coğrafiyanı əhatə edə bilər. Belə ki, Çin də bu “soyuq müharibə”dən yararlanmağa çalışacaq: “Helsinkidə aparılan danışıqlar Donald Trampın 2016-cı ildən sonra prezident seçilməsindən sonra ilk rəsmi görüşüdür. Ona görə də bunu supergüc və regional güc arasında keçirilən Helsinki sammiti də adlandırmaq olar. Rusiya artıq beynəlxalq deyil, regional gücdür. Helsinki görüşünü kəşfiyyat xarakterli, psixoloji savaş da adlandırmaq olar. Həmin sammitdə qalib yoxdur. Sadəcə, tərəflər bir-birini psixoloji cəhətdən sınağa çəkdi. İki saata yaxın bağlı qapılar arxasında keçən görüşdən sonrakı mətbuat konfransında məlum oldu ki, ABŞ-ın istəyi çoxdur və Putin bu şərtləri yerinə yetirəcək gücdə deyil. Helsinki sammitinin yekununda da Putin bildirdi ki, heç kim heç kimə güvənmir. Bizim ABŞ-la ortaq nöqtələrimiz çoxdur və həmin nöqtələrdə birgə savaşa bilərik. Bunlar beynəlxalq təhlükəsizlik məsələləridir. Əslində, Putin burada Çinə də işarə etdi. Çünki ABŞ Çinə qarşı beynəlxalq səviyyədə iqtisadi müharibə elan edib.
Rusiya da bu müharibədə yaxından iştirak edəcək. Əgər Çin güclənərsə, Rusiyaya qarşı ərazi iddiası irəli sürür. Putin Çinə qarşı mübarizədə aparmaq, Suriya böhranının həllində, enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizədə ABŞ-la birgə fəaliyyət göstərməyə razıdır. Lakin Putin Rusiyada insan haqları, jurnalistlərin və müxalifət fəallarının həbsi, Ukrayna münaqişəsi, Cənubi Qafqazda geosiyasi təsirinin saxlanılması kimi məsələlərə ABŞ-ın qarışmamasını istəyir. Əslində, söhbət Rusiyanın deyil, Putin hakimiyyətinin milli maraqlarından gedir. Ona görə də Putinin kiçik bir zəiflik göstərməsi onun hakimiyyətinin sonu demək olar. Çünki Putinin hakimiyyət işğal, repressiya, qorxu üzərində qurulub. Helsinki görüşünün qalibi yoxdur və sammit heç-heçə nəticələndi. Görüşün nəticəsi ikinci tura qalıb. Lakin burada önəmli məqam ondan ibarətdir ki, Putinin siyasi təcrübəsi, etiket davranışları, sözləri Trampdan daha üstündür. Tramp isə sadəcə olaraq, biznes adamıdır və ona tapşırılan siyasi kursu görüşdən əvvəl və sonra dilə gətirir. Özünün manevr etmək şansı sıfra bərabərdir. Dövlət nə qədər güclü olsa da şəxsiyyət amili, onun davranışı çox önəmlidir. Ümumiyyətlə isə görüşün heç-heçə nəticələndiyini deyə bilərik”.
Qeyd edək ki, görüşdən bir həftə əvvəl ABŞ və Rusiya prezidentlərinin əsasən Suriya məsələsini müzakirə edəcəyinə dair məlumat yayılmışdı. Danışıqlarda Trampın Suriyanın İordaniya ilə sərhəddəki cənub-qərb ərazilərini Rusiyaya güzəştə getməyin müqabilində Putindən İranla müttəfiqliyə son qoymasını istəyəcəyi bildirilirdi. Bu isə İranı Suriyadan sıxışdırıb çıxarmaq və İsrailin təhlükəsizliyini təmin etmək baxımından ABŞ-ın maraqlarına cavab verir. Rəsmi Moska İranla müttəfiqliyin davam etməsində israrlı görünsə də, İsrailin sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında ABŞ-la razıdır. Lakin Helsinki görüşünün nəticəsiz başa çatması İran məsələsində tərəflərin ortaq məxrəcə gələ bilmədiyindən xəbər verir. Ona görə də ABŞ-ın İranı Suriyadan qovmaq üçün daha sərt addımlar atacağı gözlənilir. Ancaq Tramp administrasiyasının İrana qarşı “B planı”nının nədən ibarət olacağı hələlik məlum deyil.
Fərrux Məmmədov isə Suriyanın cənub-qərb bölgələrinin Rusiyaya verilməsi barədə deyilənləri inandırıcı saymır: “Böyük dövlətlərin mütləq “B”, “C”, “E” planları olur. Bu baxımdan, ABŞ-ın da “B planı”nın olması şübhə doğurmur. Lakin ABŞ İordaniya sərhədini Rusiyaya verə bilməz. Çünki İordaniya Qərbin ən güclü müttəfiqlərindən biridir. Amerika Rusiyanın bəzi hissələrini İran məsələsinə görə Suriyaya təhvil verə bilər. Lakin Rusiya anlayır ki, İran məsələsində ABŞ-a güzəştə gedərsə, sonra ABŞ qarşısında təkbaşına duruş gətirə bilməyəcək. Heç kim zəmanət verə bilməz ki, ABŞ İrandakı siyasi rejimi məhv etdikdən sonra siyasi, iqtisadi, hərbi sahələrdə silahlar Rusiyaya çevrilməyəcək. Ona görə də Putin heç kimə güvənmədiklərini dedi. Putin nə qədər tab gətirə bilsə, bir o qədər də ABŞ-la razılığa gəlməyəcək. Problem Putinin özü ilə bağlıdır. Putin çay axınının qarşısındakı böyük bir qayaya bənzəyir. Həmin qaya parçalanmasa, insanlar susuz qalacaq. 
Bu səbəbdən indi həmin qayanın parçalanması üçün “”B planı”nı həyata keçirəcək. Böyük Britaniya da Rusiyaya qarşı çox aqressivdir. Rəsmi London təhlükəsizlik məsələsində ABŞ-la birgə hərəkət edir. Milli təhlükəsizlik məsələsində Avropa Birliyi ABŞ-la eyni mövqedən çıxış edir. Yaponiya, Çin təhlükəsi ilə üz-üzə qalmış Cənubi Koreya da ABŞ-ın yanında yer yer alır. Ərəb coğrafiyası isə Rusiyaya qarşı birgə hərəkata hazırdır. Bunun başlanması isə İranla bağlıdır. İran məsələsi tam bitdikdən sonra bütün oxlar Rusiyaya çevriləcək. Çin də bunu gözləyir. Bu zaman Çinin yeni xarici siyasət konsepsiyasını görəcəyik. Rusiyanı ərazilərindən Çinə pay verməyə, əhalisini həmin torpaqlara yerləşdirməyə və muxtariyyət statusu verilməsinə məcbur edəcək”. 
Helsinki görüşünün nəticəsiz başa çatması və Putini bütün güzəştlərdən imtina etməsi ABŞ-da son vaxtlar prezident Trampa qarşı səngimiş daxili təzyiqləri yenidən artıra bilər. D.Tramp impiçment təhlükəsindən və onun prezident seçkilərində Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə məlumatlardan siyasi cəhətdən sığortalanmaq üçün son bir ildə Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib. Yəqin ki, Putinlə son görüş Trampın əleyhdarlarını fəallaşdıracq. Ona görə də Tramp yenidən Rusiyaya qarşı sərt embarqolar tətbiq etməklə bu təzyiqlərdən yayınmağa üstünlük verə bilər. Fərrux Məmmədov bildirdi ki, Vladimir Putinin 40 dəqiqə, Trampın isə 20 dəqiqə görüşə gecikməsi artıq “soyuq müharibə”nin başlanmasından xəbər verir. Eyni zamanda, sammit ərəfəsində ABŞ-da rusiyalı kəşfiyyatçının tutulması görüşün nəticələrini Trampı dəstəkləyən qüvvələrə əvvəlcədən məlum olduğunu göstərir. Görüşün keçirildiyi zaman Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyinə və daha da gücləndiriləcəyinə dair açıqlama Vaşinqtonun verdiyi siqnallardan birini verməsi kimi başa düşülə bilər.
Müşfiq Abdulla
Cebhe.info
Tarix: 19-07-2018, 00:22
Xəbəri paylaş





Xəbər lenti