DTİHB seçkiyə yekun rəyini açıqladı


Sabiq namizəd  Zahid Oruc: “Bu missiya getdikcə daha çox ATƏT-in Minsk Qrupuna bənzəyir”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTIHB) Azərbaycanda 11 apreldə keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb. APA-nın məlumatına görə, nəticələrlə bağlı ilk rəy seçkilərdən bir gün sonra-aprelin 12-də elan olunub.

Yekun hesabatda isə bildirilir ki, seçki qanunvericiliyi növbəti seçkilərdən əvvəl beynəlxalq standart və öhdəliklərə uyğunlaşdırılmalı, konstitusiya ilə qorunan hüquq və azadlıqlar təmin edilməli, qanunvericilikdəki boşluq və qeyri-müəyyənliklər aradan qaldırılmalıdır: “Qərəzsizliyi və seçki işlərinə olan etimadı artırmaq məqsədilə seçki komissiyalarının tərkibində dəyişiklik edilməlidir”.

Hesabatda seçici siyahısının yoxlanılması, toplantılar keçirmək üçün lazımsız məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyələr də yer alıb.

 Qeyd edək ki, ATƏT DTİHB-nin seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda fəaliyyətə başlayıb. Missiyanın rəhbəri Koryen Yonker olub. Seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçi Bakıya gəlib.

zahid oruc ile ilgili görsel sonucu

11 aprel prezident seçkilərində rəsmi nəticələrə görə ikinci yeri qazanmış keçmiş namizəd Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, ATƏT DTİHB-in seçkidən bir gün sonrakı ilkin hesabatı bu prosesdə iştirak edən tərəflərin müsbət rəyini almamışdı. Bunun əsasları var idi. Yekun hesabat isə ilkin hesabatdan nisbətən fərqlidir: “Namizəd olaraq bu prosesdə yer alan insan kimi həmin missiyanın təmsilçiləri ilə bir neçə dəfə görüşlərimiz olmuşdu. Açıq desəm, onların hər birini mən peşəkar diplomatlar hesab edirəm. Adətən onlar konkret standartlar əsasında müşahidələrini aparmalıdırlar, bitərəf hesabatlar hazırlamalıdırlar. Lakin əvəzində sanki kəşfiyyat mərkəzlərinin hazırladığı sənədlərdən keçən sorğu-sual baş verirdi. Onlar müşahidəçidən daha çox peşəkar kəşfiyyatçılar kimi davranırdılar.  Hətta bəzi görüşlərdə 100-ə qədər sual ünvanlanırdı. Lakin sonrakı dövrdə onlar bizə göstərdikləri xoş rəylərə rəğmən ilkin hesabatda xeyli tənqidi mövqelərə yer vermişdilər.

İndi isə belə bir vəziyyət qarşısındayıq ki, qalib bir prezidenti əksər dövlət başçıları təbrik ediblər. Bu o anlama gəlir ki, seçkinin legitimliyinə şübhə yeri qoymayıblar, əməkdaşlıq üçün real addımlar atıblar. Bu dönəmdə münasibətləri daha yaxşı səviyyəyə qaldırmaq üçün real görüşlər, danışıqlar həyata keçiriblər. O cümlədən prezident özü yaxın günlərdə NATO-nun tədbirinə qatılmaqla, həmçinin Donald Tuskla görüşdə Avropa İttifaqı ilə tərəfdaşlıq sənədinin imzalanmasında iştirak etməklə də birbaşa ölkənin gələcək həyatında seçkinin qalibinin kim olduğunu dünyaya bir daha təsdiq edib göstərib. Belə olan təqdirdə ATƏT DTİHB-in yekun hesabatı seçkiyə rəydən çox, daha artıq dərəcədə gələcəyə tövsiyə xarakterlidir. Hesabatda əsasən gələcəkdə hansı addımların atılmasını gözlədiklərini, seçki komissiyalarının formalaşmasında dəyişiklik edilməsini, Seçki Məcəlləsinə dəyişiklik arzularını ifadə ediblər. Bütün bu kimi məsələlərdən irəli gələn hallar əlbəttə ki, müzakirə edilə bilər".

Z.Oruc qeyd etdi ki, ATƏT DTİHB-in missiyası onun nəzərində getdikcə daha çox ATƏT-in Minsk Qrupuna bənzəyir:“Onlar özlərini belə aparırlar ki, sanki prosesi çözmək mümkün deyil, hər hansı məsələyə təsir eləmək olmur. Onların işi sanki bundan ibarətdir ki, xarici dairələrin əlində dəyənək rolunu oynayan hansısa hesabatlar, qətnamələr versinlər və bununla da iş bitmiş olsun. Yəni ATƏT-in Bakı ofisinin də bağlandığı bir şəraitdə bu qurumun təklifləri də havadan asılı qalır. ATƏT siyasi elitası belə bir iradə göstərmir ki, onlar Azərbaycanın gerçəkdən də hüquqi və demokratik bir gələcəyə qovuşmasında köklü bir şəkildə sona qədər maraqlıdırlar.

Yekun hesabatın tonunun ilkin hesabatla müqayisədə bir qədər yumşalmağa doğru dəyişməsi anlaşılandır. Həqiqətən də onlar yəqin ki, yuxarıda dediyimiz məqamları nəzərə alıblar. Biz çox arzulayırıq ki, ATƏT-lə münasibətlərimiz yaxşı bir səviyyəyə qalxsın, inkişaf etsin. Çünki bu məkanda 1975-ci ildən sülhə və təhlükəsizliyə bu qurum cavabdehlik daşıyır. Amma bundan ötrü də gərək ATƏT-in Minsk Qrupu da elə addımlar atsın ki, onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu real bir ölkədə ən yüksək səviyyəli demokratik bir prosesi bərqərar eləyə bilsin". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 20-07-2018, 08:34
Xəbəri paylaş





Xəbər lenti