İranın Amerikaya qarşı silahı - dəniz boğazları


Tehranın böyük savaş zamanı Hörmüz və Bab əl-Məndəb boğazlarını bağlaması nə ilə nəticələnə bilər?

Qərb mediası İran və ABŞ arasında mümkün qarşıdurma və dünya enerji bazarında baş verə biləcəklər barədə yazır. Məsələ ondadır ki, ABŞ və İran rəhbərliyi arasında qarşılıqlı ittihamlar və savaş təhdidləri artmaqdadır. ABŞ-ın İrana zərbələr endirməsi, embarqo vasitəsilə İran neftinin satışına maneə yaradılması cəhdi Tehranda onsuz da çətin durumda olan iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

İran rəhbərliyi isə bəyan edib ki, ABŞ Tehranın neft satışına mane olacağı təqdirdə regionda neft satışı dayanacaq. İran ali dini lideri Ayətullah Əli Xameneyi bəyan edib ki, əgər İranın neft ixracatına maneələr olarsa, regionda heç bir ölkə neft sata bilməyəcək. Oxşar bəyanatı İran prezidenti Həsən Ruhani də bəyan edib. İran generalları isə daha konkret danışıblar, hədəfdə Hörmüz və İranın əli çatan digər enerji ixrac xətləridir.

Fransanın “Figaro” jurnalı yazıb ki, İran rəhbərliyinin neft ixracını təhdid edən açıqlaması ciddi qəbul olunmalıdır, çünki bu, İran üçün böyük bir kartdır. Hörmüz boğazı bağlanarsa, dünya bazarında neftin qiyməti bu günə qədər olmadığı səviyyəyə yüksələ bilər. Hətta jurnalın iddiasına görə, 200 dollara çata bilər. Bu zaman Fars körfəzindən neft ixracatı həyata keçirən İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr ən çox zərər görə bilər. Amerika, Asiya və Avropa bazarı neft qıtlığı yaşaya bilər.

Bab Él-MÉndÉb boÄaz ile ilgili görsel sonucu

Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz boğazının eni 54, bəzi iddialara görə, 39 km-dir. Boğazın şimal sahilində İran, cənubunda isə Oman yerləşir. Hörmüz boğazı Fars körfəzini Oman dənizi və Hind okeanını birləşdirir. Bəsrə körfəzinin uzunluğu 805 km, ən geniş hissəsi isə 280 km-dir. Orta dərinliyi 40-50 metr olan körfəzin ən dərin yeri 100 metr dərinliyi olan Hörmüz boğazıdır.

İran məhz Hörmüz boğazında dəniz yolunu bağlamaqla hədələyir. Bəzi iddialara görə, İran ordusunun boğazlarla bağlı xüsusi planı mövcuddur. Bu plana əsasən, Hörmüz boğası ərazisində batan bir və ya bir neçə gəmi boğazın bağlanmasına səbəb ola bilər. Bundan başqa, SEPAH boğazı keçidə qapatmaq üçün sürətli kiçik katerlər, qurudan quraşdırılıb dəniz nəqliyyatını hədəfə alan raketlər və digər artilleriya qüvvələrinə sahibdir. Həmçinin başqa boğazın minalanması planı da var.

Bu səbəbdən Hörmüz boğazı dünyanın ən həssas boğazı hesab olunur. İran-İraq və 1991-ci il Körfəz savaşının əsas hədəflərindən biri də məhz Hörmüz boğazına sahiblənmək olub. Hazırda dünyanın ən əhəmiyyətli enerji daşınması nöqtəsi hesab olunur.

hörmüz boÄazı ile ilgili görsel sonucu

Hörmüzün gücü

Körfəz ölkələrində ixrac olunan neftin böyük faizi Hörmüz boğazından ixrac olunur. 2000-ci illərdə Hörmüz boğazından gündəlik olaraq 17 milyon barel neft daşınıb. Bu isə dənizdə daşınan neftin 35 faizi, ümumilikdə isə neft ticarətinin 20 faizi deməkdir. Hazırda isə Yaxın Şərqdə istehsal olunan neftin 40 faizi, yəni ABŞ, Avropa və Çinə göndərilən neftin yarısı Hörmüz boğazından keçir.

ABŞ Enerji Müşavirliyinin məlumatına görə, 2016-cı ildə hər gün 18,5 milyon barel neft Hörmüz boğazından keçib. Bu da bir öncəki illə müqayisədə 9 faiz artım deməkdir. Dünyada hər il dəniz yolu ilə neft və maye yanacağın 30 faizi bu boğazdan keçərək dünya bazarına çıxarılır. Sadalanan ölkələrlə yanaşı Qətər sıxılmış qazın (LNG) demək olar ki, hamısını Hörmüz boğazından daşıyaraq satır. Bu isə dünyada istehsal olunan sıxılmış qazın 2/3-si deməkdir.

Bundan başqa, Çin və Yaponiyadan Yaxın Şərq ölkələrinə idxal olunan məhsulların 60 faizdən çoxu məhz bu boğazdan keçir. Bu rəqəmlər pula çevrildikdə böyük, hətta fantastik rəqəmlər alınır.

Bab Él-MÉndÉb boÄaz ile ilgili görsel sonucu

İranın qismən nəzarət etdiyi digər mühüm bir enerji keçidi isə Bab əl-Məndəb boğazıdır. Doğrudur, Tehranın Qırmızı dənizdə hər hansı torpağı yoxdur. Ancaq Bab əl-Məndəb boğazında İranla müttəfiq əlaqələri olan husilər, yəni Yəmənin Ənsarullah Hərəkatı var. Husilər isə dəfələrlə bəyan ediblər ki, boğazı qapatmağa hazırdırlar. Bunun üçün husilərdə sahildə quraşdırılan və dəniz hədəflərini nişan alan raketlər mövcuddur. Bu raketlərlə husilər BƏƏ-nin və Səudiyyə Ərəbistanının gəmilərini vurub. Bab əl-Məndəb dünyanın əsas ticarət yollarından birinin keçididir.

Aralıq dənizinə çıxan bütün tankerlər, o cümlədən böyük həcmdə neft-qaz yükləri Bab əl-Məndəb boğazından keçir. 32 kilometr uzunluğunda olan boğazın bir tərəfində Yəmən, digər tərəfində isə Somali sahilləri - Cibuti yerləşir. Strateji olaraq boğazda əsas önəm daşıyan Perim adası Yəmənə məxsusdur. Uzaq Şərq, Cənub-Şərqi Asiya ölkələri, Avstraliya, Hindistan və Bəsrə körfəzindən gələn yüklər dəniz vasitəsilə məhz Bab əl-Məndəb boğazından keçməklə Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxır. Ümumilikdə dünya ticarətinin 65 faizinin məhz bu boğazdan keçdiyi ehtimal olunur. Boğazda keçdin dayandırılması dünya ticarətinə, yük daşımalara və ən əsası neft qiymətlərinə ciddi şəkildə təsir edə bilər. Hətta bir qədər əvvəl Yəməndə husi üsyançıları boğaz kənarına raket batareyaları yerləşdirdiklərini və hərbi müdaxilə olacağı təqdirdə Bab əl-Məndəb boğazından keçən tankerləri vurmaqla hədələmişdilər. Əgər böyük müharibə olacaqsa heç şübhəsiz ki, hədəflərdən biri də Bab əl-Məndəb olacaq. İran rəhbərliyinin təhdidinə bu boğazın da daxil olduğunu demək olar.(“Yeni Müsavat”)


Tarix: 31-07-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti