Ağ Evdən “geri dönüş”, yoxsa, sadəcə, jest?


Ağ Evdən “geri dönüş”, yoxsa, sadəcə, jest?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp istənilən vaxt və ilkin şərtlər olmadan İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bəyan edib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəsələr, mən, şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Mən əmin deyiləm ki, onlar buna hazırdırlar, indi onların çətin vaxtlarıdır”, -deyə

Tramp bildirib. ABŞ prezidenti deyib ki, bu, həm İran, həm ABŞ, həm də bütün dünya üçün yaxşı olardı.

İran tərəfinin ABŞ prezidentinin təklifinə reaksiyasi isə sərt olub. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri Trampın təklifinə cavab olaraq bildirib ki, prezidenti Həsən Ruhani heç vaxt ABŞ lideri Donald Trampla görüşməyəcək.

"Cənab Tramp! İran sizin üçün Şimali Koreya deyil. Biz sizin görüşlə bağlı təkliflərinizi qəbul etməyəcəyik”, - deyə o vurğulayıb. Maraqlıdır, Tramp niyə məhz indiki məqamda Ruhani ilə görüşmək istəyir? Nəzərə alsaq ki, hazırda İran ABŞ-ın tətbiq etdiyi sanksiyalarla ağır böhran dövrünü yaşayır, bu təklifin nə dərəcədə səmimi olduğuna müəyyən şübhələr var.

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında Trampın müəyyən qüvvələrin təsiri ilə iranlı həmkarına görüş təklif etdiyini deyib: “Trampın Ruhani ilə görüşmək istəməsi həm İran, həm də ABŞ-da əməkdaşlıq tərəfdarı olan qüvvələrin təsirindən ola bilər. Həmin qüvvələr iqtisadi, ticari əməkdaşlığın olmasını istəyir.

Buna görə də ABŞ-İran münasibətlərinin inkişafında maraqlıdırlar. İstisna deyil ki, Tramp məhz həmin qüvvələrin təkidlərini nəzərə alaraq, Ruhaniyə görüş təklif edib. Eyni zamanda Ruhani özü də liberal düşüncəli prezidentdir. Baxmayaraq ki, Ruhaninin ətrafında konservativ, mühafizəkar qüvvələr var və həmin kəsim İranın Qərbə qarşı radikal siyasət yeritməsini istəyirlər. Hətta bu məsələdə mühafizəkarlar Ruhaniyə qarşı çıxır, onun siyasətini açıq şəkildə tənqid edirlər. Lakin bütün bunlara baxmayaraq, Ruhani ABŞ-la yaxşı münasibətlərin, açılımasının tərəfdarıdır. Görünən odur ki, Tramp özü də İranla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edir. Hesab edirəm ki, prezidentlərin bu mövqeyi onların görüşünün baş tutmasını mümkün edə bilər”.

Xanım politoloq Trampın prezidentlik dövründə atdığı addımlara toxunaraq, bu görüşün də baş tutma ehtimalının olduğunu deyib: “Bilirik ki, Tramp artıq bir ilkə imza atıb və Şimali Koreya rəhbəri ilə görüşüb. Digər tərəfdən, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşdü, baxmayaraq ki, rəsmi Vaşinqtonun Moskvaya qarşı münasibəti heç vaxt birmənalı və müsbət olmayıb.

Ancaq Tramp bütün daxili müqavimətlərə baxmayaraq, Putinlə görüşdü. Hesab edirəm ki, bu cür siyasət yürüdən bir prezident Ruhani ilə də görüşə bilər. Təbii ki, bu görüşə də ABŞ-dan birmənalı münasibət olmayacaq. Məsələn, ABŞ-ın iri silah şirkətləri var ki, onlar İranla münasibətlərin daha sərt, gərgin olmasının tərəfdarıdır. ABŞ İranla müharibə etsə, təbii ki, həmin şirkətlər bundan milyardlarla gəlir əldə edəcəklər. Eyni zamanda, ABŞ-İran münasibətlərinin inkişaf etməsini istəyən qüvvələr də var. Maraqlı məqam ondadır ki, hər iki qüvvənin ABŞ prezidentinə çıxış və təsir imkanları var. Ancaq Trampın atdığı addımlar onun daha çox müstəqil qərar verən siyasətçi olduğunu göstərir”.

Nəzakət Məmmədova sonda vurğulayıb ki, Trampın Ruhaniyə görüş təklif etməsi sadəcə, bir jest də ola bilər: “Bununla da Tramp özünü İranla danışıqlara getmək istəyən, sülhpərvər prezident kimi göstərməyə çalışır. Digər tərəfdən, ABŞ gördü ki, İranla birtərəfli qaydada nüvə sazişindən çıxması onun Avropadakı müttəfiqləri tərəfindən kəskin etirazla qarşılandı. Ola bilər ki, Tramp Ruhaniyə görüş təklif etməklə bir növ geri addım atdığını göstərir və kompromisə getməyə hazır olduğunu bəyan edir”. 

Vilayət Muxtar

Cebhe.info

Tarix: 2-08-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti