Müxalifət sarı jilet geyinəcəkmi - partiya sədrlərindən maraqlı açıqlamalar


Fransada “sarı jiletlilər” hərəkatı Avropa ölkələrinə qısa zamanda yayıldı. Bəs bu prosesin postsovet məkanına da təsiri ola bilərmi? Azərbaycanda da bir hərəkətlənmə başlasa, müxalifət sarı jilet geyinəcəkmi?

 

Pənah Hüseyn: “Güman eləmirəm ki, bizdə sarı jilet geyinib ortalığa çıxanlar olsun”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Fransa, ümumiyyətlə, tarixən inqilablar beşiyidir. Tarix göstərir ki, həmişə Fransada baş verən bu cür hadisələr digər Avropa ölkələrinə və dünyaya təsir edir: “İndi bu ”sarı jiletlilər" hərəkatı adlanan hərəkat da son dövrlərdə Avropada baş vermiş ən ciddi hadisələrdən biridir. Artıq proses digər Avropa ölkələrinə keçir. Kifayət qədər ciddi hadisələrdir. Bizim regionda da bu cür proseslər özünəməxsus formada təzahür edir. Ermənistanda baş verən inqilabı misal göstərmək olar. Eyni zamanda Gürcüstanda son zamanlar ciddi proseslər müşahidə edilir. Azərbaycanda isə bilirsiniz ki, Qarabağ şüarları ilə müəyyən hərəkətlənmə və canlanma son dövrlər müşahidə olunur.

PÉnah Hüseyn ile ilgili görsel sonucu

Düzdür, mən bütün bunların hamısını bir mərkəzdən idarə olunan proseslər adlandırmıram. Bu hadisələrin haraya gedib çıxacağını tam şəkildə proqnozlaşdırmaq olmaz. Avropadakı hadisələrdə solçu anarxist şüarların üstünlük təşkil elədiyini görürük. Azərbaycanda hələ ki müstəqillik dövründən sonra sol hərəkat, sol ideya o qədər geniş yayılmayıb. Biz Azərbaycanda sağ mərkəzçi ideologiyaların üstünlük təşkil elədiyi hərəkətləri, Qarabağ məsələsi ilə bağlı hərəkətlənməni müşahidə edirik. Son dövrlərdə Rusiyada “sarı jiletlilər” məsələsinə oxşar hadisələrin müşahidə olunduğu haqda məlumatlar gəlir. Əgər Rusiyada bu proses başlayarsa, şübhəsiz ki, onun təsiri Azərbaycana və başqa region ölkələrinə də olacaq.

Son dövrdə proqnoz vermək çox çətinləşib. Ənənəvi məntiqi mülahizələr heç də proseslərin düzgün proqnozunu yaratmır. Azərbaycanda proseslər “sarı jiletlilər” formasında yox, fərqli şüarlarla gedə bilər. Mən burada Qarabağ məsələsinin detanator rolunu oynayacağına üstünlük verərdim. Geyim və rəng məsələsi isə həlledici deyil. Gənclik hərəkatı hansısa şəkildə ortalığa çıxa bilər. Lakin bu da faktdır ki, Azərbaycanda sol hərəkatın bazası, daşıyıcıları zəifdir. 2005-ci ildə narıncı iniqlablar o dövrdə demokratikləşmə ideyasını simvolizə edirdi və universal xarakter daşıyırdı. Amma indi “sarı jilet” simvolu daha məhdud bir ideyanı təmsil edir. Ona görə də mən güman eləmirəm ki, bizdə sarı jilet geyinib ortalığa çıxanlar olsun".   

Ä°lgili resim

Əli Əliyev: “Ola bilər, amma belə tezliklə deyil”

VİP sədri Əli Əliyev isə bildirdi ki, “sarı jilet” simvolik məsələdir. Jilet, qızılgül, narıncı, ərəb baharı-bunlar hamısı epitetlərdir. Əslində mahiyyət fərqlidir: “İnqilab dalğası o yerlərə çatır ki, orada şərait olsun. Yəni cəmiyyətin buna hazırlıq dərəcəsi mühümdür. Mənə görə jilet geyinilməsi üçün Azərbaycanda obyektiv şərtlər mövcuddur. Lakin subyektiv amilləri görmürəm. Belə ki, cəmiyyətin narazılıq dərəcəsi yüksək olsa da, təşkilatçılıq aşağıdır. Narazılığın etiraza transformasiyası üçün kommunikasiya, müxalifətin mütəşəkkilliyi aşağıdır. Həm də hələlik çətin də olsa, iqtidar zahirən bütövlük görüntüsünü qoruya bilir. Bu gedişlə yaxın gələcəkdə bizdə də ayaqlanma ola bilər. Amma belə tezliklə deyil”.

Tural Abbaslı: ile ilgili görsel sonucu

Tural Abbaslı: “Sarı jilet geyinib kimlərisə təkrarlamaqla uğur qazanmaq mümkün deyil deyil”

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, onlar hansısa ölkələrdə gedən prosesləri, proseslərin simvollarını kopyalamaq niyyətində deyillər: “Bir zamanlar bizlər Azərbaycan müxalifəti olaraq ”narıncı inqilabların" eynisini burada da təkrarlamağa çalışmışdıq. Lakin həmin dönəmlərdə bir çox obyektiv və subyektiv səbəblərdən bizdə bu etirazlar uğurla nəticələnmədi. Digər partiyaları deyə bilmərəm, ancaq AĞ Partiya olaraq biz artıq hansısa hərəkat və inqilabların burada kopyalanmasının tərəfdarı deyilik. Çünki xalqımıza yad olan və cəmiyyət tərəfindən qəbullanmayan metodlarla uğur əldə etmək olmur. Həmçinin bu gün Fransa, Belçika, Hollandiyada olan etirazların və zamanında Ukrayna, Gürcüstan, ən son Türkiyədə “Gəzi olaylarının” arxasında xalqlardan daha çox beynəlxalq maraqlı güclərin durduğunu biləcək qədər də təcrübəmiz var. Bu etirazlara fikir versəniz görərsiniz ki, etirazların simvolları, metodları, taktikaları tam eynidir. Belə hərəkatlar adətən Amerikanın hansısa dövlətlərə təzyiq etmək üçün Soros Fondu kimi qurumların əli ilə törətdikləri fəaliyyətlərdir. Bizsə AĞ Partiya olaraq özümüzü milli qüvvə hesab edirik, biz milli müxalifətçiliyin tərəfdarıyıq. Ümumilikdə isə biz müxalifət olaraq öz xalqımızla işləməli, onların səslərinə qulaq verməli, onların həssasiyyətlərinə və tələblərinə uyğun mübarizə metodları yaratmalıyıq. Yalnız bu halda biz müxalifət olaraq uğur əldə edə bilərik. Yoxsa sarı jilet geyinib kimlərisə təkrarlamağa çalışmaqla uğura nail olmaq mümkün deyil".(“Yeni Müsavat”)


Tarix: 19-12-2018, 08:36
Xəbəri paylaş





Xəbər lenti