Kremlin Bakıya qarşı ehtiyat kartı – Pərdəarxası…

 



 

Son 5 ildə Azərbaycan hakimiyyətinə qarşı sanki yeni müxalifət Rusiyadakı milyarderlərimizdir. Bu, manipulyasiyadır yoxsa yarıhəqiqət, demək çətindir…

Faktiki olaraq, 2013-cü ildən təməli qoyulan “soyuq müharibə” sistemi 2018 prezident seçkilərindən sonra da davam etməkdədir.

Anaxeber.info-nun Təhlil Qrupu yazır ki, son iki həftədə YAP icra katibi müavini, deputat Siyavuş Novruzov Rusiya ilə əlaqəli biznesmenləri hədəfə almaqdadır.
Növbədənkənar prezident seçkilərinə hər hansı təsirləri müşahidə olunmayan milyarderlərin ilin sonuna yaxın gündəmə gəlməsi suallar doğurur.

Bəzi analitiklərin fikrincə, şərti adı “Milyarderlər ittifaqı” olan və baş ideoloqu Abbas Abbasov sayılan birliyin siyasi dövriyyəyə gəlməsi qarşıdakı seçkilərə hesablanıb.

Siyasi şərhçilər arasında gələn il növbədənkənar parlament seçkiləri keçiriləcəyi proqnozu verənlər var. Güman edilir ki, Putinin Bakıya siyasi təzyiq layihəsi olan “Milyarderlər ittifaqı”nın S.Novruzov tərəfindən ardıcıl tənqid edilməsi məhz seçkilərlə bağlı hakimiyyətdəki kəşfiyyat məlumatları əsasındadır.

Hətta YAP-çı deputat son çıxışında bu ittifaqda rəsmi şəkildə görünməyən professor-iş adamı İlham Rəhimovu da sancmışdı. YAP funskionerinin Rusiyadakı milyarderlərə yöbəlik çıxışları sıradan təsadüf hesab etmək sadəlövhlük olardı.

Azərbaycan-Rusiya münasibətlərinin pis olduğunu söyləmək dəı olmaz. Amma Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən həftə rus jurnalistlərə sensasiyalı çıxışı bəzi təhlillərə əsas verir.
“Batya” rəsmi Bakı tərəfindən hələ də təkzib olunmayan fikirlərində israr edirdi ki, Azərbaycan Putinin “NATO”su olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa özü istəklidir, rus və belarus qoşunlarının Qarabağa yerləşməsinə etiraz eləmir, təbii ki 5 rayonun qaytarılması qarşılığında…

Lukaşenkonun deməsinə baxmayaraq, Azərbaycan dövlət rəhbərliyinin Rusiyanın orbitinə bir az da yaxınlaşacağı və Qərbin qıcığına səbəb olacaq strateji bir seçim edəcəyi inandırıcı görünmür.

Bu baxımdan Kreml iqtidarının Bakı hakimiyyətini qarşıdakı seçkilər ərəfəsində hansı şəkildə sıxacağı, ölkənin KTMT üzvü olub-olmayacağı, “Milyarderlər ittifaqı”ndan Azərbaycana qarşı necə istifadə edəcəyi gizlin olaraq qalır.

Sadəcə, müfəssəl informasiyalar əsasında hərəkət olunur və S.Novruzovun açıqlamaları da qabaqcadan o mesajlara bir cavabdır. Deputat deyib ki, onlar anti-Azərbaycan mövqeyi tuturlar: “Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar.

Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstərir, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir”.

Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib. “Həmin şəxs iki gündən bir müsahibə verərək, deputatları ittiham edir:

“Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır.

İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.

YAP rəsmisinin çıxışında incə bir nüans var: Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar…

S.Novruzov bununla hakimiyyətə qarşı barışmaz mövqedə dayanan və xariclə əlaqəli müxalifətçiləri nəzərdə tutub. Onun sözünün nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir.

Lakin həmin liberal düşərgə və qrant alan qruplar iqtidara qarşı olsalar da, Moskva ilə bağlılıqları barədə konkret faktlar yoxdur. Əksinə, Qərb fondları və dairələri ilə daha sıx əməkdaşlıq edirlər. Ona görə də deputat özü detallarına qədər danışmaq istəməyib və iz azdırmağa çalışıb, milyarderlərin isə bir təhlükə olduğunu deməyə cəhd edib.

“Milyarderlər ittifaqı” Rusiyanın ehtiyat kartlarından biridir və Moskva bu cür kartları postsovet respublikalarına qarşı hazır saxlayır. Rusiya daima bu cür ehtiyat kartları xərcləməyərək əlində saxlayır.

Necə ki, Qarabağ münaqişəsini xərcləməyərək əlində saxlayır, hər an Azərbaycana qarşı istifadə edə bilər. O cümlədən Rusiyadakı Azərbaycan lobbisi, oradakı nüfuzlu şəxslər Azərbaycana təsir imkanları baxımından Rusiyanın əlindəki ehtiyat kartlardır.

Doğrudur, son dövrlərdə ”Milyarderlər ittifaqı”nın fəaliyyəti gözə dəymir, ancaq istənilən halda o, bir kartdır. Yada salaq ki, hər şey 2012-ci ilin sentyabr ayının 28-də Moskvada məşhur hotellərdən birində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlı qurum  təsis edilməsi ilə başladı.

Azərbaycanın Rusiyada diaspor təşkilatlarının sayı son illərdə çoxalsa da, bu formatına görə əvvəlkilərdən xeyli fərqlənirdi. 2013-cü ilin prezident seçkilərinə bir il qalmış Moskvada qurulmuş təşkilatda sürpriz isimlər və ən əsası Rusiyada yaşayan ən varlı və nüfuzlu azərbaycanlılar vardı.

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Ağamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılovun daxil olduğu yeni təşkilat tezliklə üzvlüyündəki varlı azərbaycanlılara görə  “Milyarderlər ittifaqı” adlandırılmağa başladı.

İttifaqın sədri isə Rusiya hakimiyyətinə yaxın olan Abbas Abbasov idi. Çox tezliklə məlum oldu ki, “Milyarderlər ittifaqı” Azərbaycandakı siyasi proseslərə qarışmaqda qərarlıdır.

Qurumun liderləri Azərbaycan hakimiyyətini tənqid edən, seçkilərə hesablanmış açıqlamalar verdi. Daha sonra qurumun üzvü R.İbrahimbəyov Azərbaycanda yaradılan Milli Şuranın sədri seçildi.

Cəmiyyətdə isə bu projenin Rusiya hakimiyyəti tərəfindən dəstəkləndiyi və Putinin Azərbaycanda hakimiyyət dəyişikliyini dəstəklədiyi haqda məlumatlar yayıldı. Xüsusən də işə Rusiyada yaşayan milyarderlərin də cəlb olunması haqda xəbərlər prosesə xeyli dərəcədə ciddi siyasi rəng qatırdı.

Ancaq sonradan Putinin Bakıya səfəri baş verdi və açıq şəkildə prezident İlham Əliyevi dəstəklədiyi mesajlarından sonra “Milyarderlər ittifaqı” layihəsi tədricən gündəmdən çıxdı.

Tarix: 20-12-2018, 13:28
Xəbəri paylaş





Xəbər lenti