Rusiyadan İrəvana: Kökə və qamçı siyasəti


Rusiyadan İrəvana: Kökə və qamçı siyasəti

Ermənistan “inqilab” nəticəsində hakimiyyət dəyişikliyindən sonra da Rusiyanın təsirindən çıxa bilmir.Maraqlıdır ki, hazırkı Nikol Paşinyan iqtidarının nə qədər qərbpərəst olduğu deyilsə də, nəticədə Rusiya da bu ölkədən imtina etmək niyyətində deyil.Bugünlərdə Rusiya Ermənistana hərbi kredit adı altında 100 milyon dollar vəsait ayırıb.Bununla bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçirdiyi mətbuat konfransında açıqlama verib.Diplomatın sözlərinə görə Moskva və İrəvan hərbi kreditin reallaşdırılması məsələsi üzrə fəal danışıqlar aparır.

“100 milyon dollarlıq kreditinin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq davam edir, işə Ermənistan və Rusiyanın müvafiq təşkilatları da cəlb edilib.Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir.Burada müəyyən müəssisələrin kommersiya maraqları da var. Buna şərh verə bilmərəm”-deyə, diplomat qeyd edib.

Məlumdur ki, Ermənistan bu günə qədər Rusiyanın hərbi, siyasi, iqtisadi yardımları ilə ayaqda durub.Amma Rusiyanın vassalı olan Sarkisyan hakimiyyəti devrildikdən sonra rəsmi Moskvanın fərqli mövqedən çıxış edəcəyi gözlənilirdi.Analitiklər də hesab edir ki, Rusiya bütün sahələr üzrə Paşinyan iqtidarına qarşı ciddi təzyiq göstərəcək.Amma görünən odur ki, gözlənilənlər olmadı və Rusiya Ermənistandan imtina etmək niyyətində deyil.Maraqlıdır, Rusiya Ermənistandan niyə imtina etmir?

“Cümhuriyət” qəzetinə danışan Natiq Miri deyib ki, Ermənistan Rusiyanın yaratdığı oyuncaq dövlətdir: 

“Ermənistan süni olaraq ortalığa çıxarılıb. Bu dövlət XX əsrin əvvəllərində Rusiyanın və bəzi qərb dövlətlərinin dəstəyi ilə “bic” doğulub.Belə bir dövlət isə bilavasitə Rusiyanın maraqlarına xidmət edir.Ermənistanın zamanında Türkiyə ilə həmsərhəd olması məhz Rusiyanın həm təhlükəsizlik baxımından, həm də strateji məkan olaraq seçilib.Bu kontekstdə “bic dövlət” yaradılıb.Yəni, Ermənistan Rusiyanın istəyi ilə doğulmuş və Azərbaycan torpaqlarında yerləşdirilmiş dövlətdir.Ona görə də bu geosiyasi maraqları nəzərə alanda, Rusiya heç bir vəchlə heç bir zaman Ermənistandan imtina etməyəcək.Ermənistanda bu gün Rusiyanın vassalına çevrilmiş hakimiyyətin inqilab nəticəsində devrilməsinə və Qərbin müəyyən fondlarının maliyyə dəstəyi ilə Paşinyanın yeni hökumət formalaşdırmasına baxmayaraq Rusiya Ermənistandan əl çəkməyəcək.Kimsə Rusiyanın hazırkı Ermənistan hakimiyyətini dərhal cəzalandıracağını düşünürsə, bu əbəsdir. Rusiya hələlik ən azından mərkəzdənqaçma prosesini tətikləməmək üçün Paşinyan hökumətinə  yeni zəmin və bəhanə yaratmayacaq. Ona görə də bir müddət Paşinyanın Rusiyaya yaxınlaşması üçün həm cəzalandıracaq, həm də cəzbedici təkliflər verəcək.Rusiya müəyyən manevrlər etməyə, Paşinyan hökuməti ilə işləməyə davam edəcək”.

N.Mirinin sözlərinə görə, Rusiya Ermənistana həm təzyiq edir, həm də şirnikləşdirici təkliflər verir ki, Moskvanın “orbitindən” çıxmağa çalışmasın: 

“Paşinyan parlament seçkilərində qalib gəlməsinə baxmayaraq, Rusiya hələ də Ermənistanın yeni rəhbərliyini təbrik etməyib. Bu bir təzyiq vasitəsidir.Amma bununla yanaşı, Rusiya həm də Paşinyan hökumətinə 100 milyon dollar civarında kreditin verilməsinə razılıq verməklə başını sığallayır ki, Ermənistan Rusiyanın orbitindən çıxmasın.Rusiya çox gözəl başa düşür ki, Ermənistan üçün bir alternativ var və bu iqtisadi cəhətdən Rusiyadan da güclü olan Qərb dünyasıdır.Ona görə də Ermənistanın məhz NATO ölkələri ilə, xüsusilə də Türkiyə ilə sərhəddə yerləşməsi Rusiya üçün geosiyasi baxımdan vazkeçilməz məsələdir.Bu baxımdan Rusiya heç bir zaman bütövlükdə Ermənistandan çıxmağı düşünmür.

Bu məsələdə hər hansı bir dəyişikliyin olacağını gözləmək doğru deyil.Rusiya bu cür addımlarla Ermənistanı idarə etməkdə davam edir və işğalçı ölkəni öz orbitində saxlayır.Hesab edirəm ki, bu siyasət davamlı şəkildə aparılacaq”.(Cebhe.info)


Tarix: 20-12-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti