Qarabağ Komitəsinin böyük 2019-cu il planı


Qurum növbəti il üçün prioritetlərini açıqladı

Dekabrın 20-də Qarabağ Komitəsinin toplantısı keçirilib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, gündəmdə təşkilati məsələlər, Qarabağ Komitəsinin 2019-cu il üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi, 15 dekabr mitinqinə qoyulan qadağa və bunun nəticəsində başlanan məhkəmə prosesləri, yeni mitinqin vaxtının təyin olunması və cari məsələlər müzakirə olunub. Jurnalist Dəyanət Babayevin, AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd Məcidlinin, keçmiş Qarabağ döyüşçüsü Tahir Axundovun, ADP Kəlbəcər rayon təşkilatının sədri Nəsimi Mahmudovun və Qarabağ Azadlıq Təşkilatının üzvü, keçmiş döyüşçü Elmidar Əsədovun müraciətləri nəzərə alınaraq onlar komitəyə üzv qəbul edilib.

Sonra qərarlaşdırılıb ki, yanvar ayının birinci ongünlüyündə yeni mitinqin tarixi müəyyənləşdirilsin və bunun üçün Koordinasiya Qrupuna səlahiyyət verilsin.

Qarabağ Komitəsinin iclasında “Qarabağ Komitəsinin 2019-cu il üçün əsas fəaliyyət istiqamətləri” adlı sənəd qəbul olunub.

Sənəddə aşağıdakı əsas fəaliyyət istiqamətləri müəyyən edilib:

İl ərzində Qarabağa azadlıq tələbi ilə daxildə və xaricdə piket, mitinq, nümayış, yürüş və s. kütləvi aksiyaların keçirilməsi.

Qarabağa azadlıq mövzusunda ölkə daxilində və xaricində elmi-praktik konfransların, dəyirmi masa, ictimai dinləmələr, mətbuat konfransı və digər tədbirlərin keçirilməsi.

İl ərzində Azərbaycanda və xaricdə Qarabağ Komitəsinin dayaq dəstələri, təəssübkeş qrupları, dəstək qruplarının yaradılması.

Qarabağ qurultayının hazırlanması və keçirilməsi. O1.01.2019 - 08.05.2019.

İşğal olunmuş torpaqların azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın hərbi təcavüzünə qarşı Vətən müharibəsi aparan Azərbaycan ordusu və əsgərinə dəstək tədbirlərinin həyata keçirilməsi. Müntəzəm olaraq.

“Yurduma qayıtmaq istəyirəm!” tələbi ilə məcburi köçkünlər arasında kütləvi imza toplanması, petisiyalar hazırlanması və beynəlxalq təşkilatlara, digər müvafiq ünvanlara təqdim olunması və ya göndərilməsi. İlin birinci yarısı.

Qarabağa, cəbhə xəttinə qədər “Yurduma qayıtmaq istəyirəm!” şüarı ilə dinc yürüşün təşkili. İyul 2019.

Azərbaycanda və xaricdə işğal tarixləri və hüzn günlərinin qeyd olunması.

Bəs sənəddə nəzərdə tutulan tədbirlərin hamısının həyata keçirilməsi üçün Qarabağ Komitəsinin resursları yetərlidirmi?

Tural Abbaslı ile ilgili görsel sonucu

Qarabağ Komitəsinin dönəm sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, qəbul edilən sənəddə qurumun gələn ildə görməyi planlaşdığı işlər öz əksini tapır: “Komitənin bu qədər işləri reallaşdırması üçün lazımi resursları və təşkilatçılıq bacarığı varmı” sualına ən gözəl cavabı Qarabağ Komitəsinin yarandığı gündən bu günə qədər gördüyü işlər verir. Qarabağ Komitəsi yeni-yeni formalaşanda bir çoxları komitənin uğuruna və hansısa real işlər görə biləcəyinə inanmırdı. Hətta bəzi təşkilatlar əvvəlcə göndərdikləri nümayəndələri geri çağıraraq komitənin işində iştirak etməkdən imtina etdi. Eyni zamanda QK-ya istehza ilə yanaşmağa və gözdən salmağa çalışdılar. Ancaq bütün bu pozucu və qısqanc münasibətə rəğmən Qarabağ Komitəsi gördüyü işlərlə özünü sübut etdi. Bununla da kifayətlənməyərək bugünkü siyasi-ictimai səhnənin 1 nömrəli gündəm mövzusuna çevrilə bildi”.

T.Abbaslının sözlərinə görə, növbəti il üçün fəaliyyət planında göstərilən elə bir iş yoxdur ki, komitə onun öhdəsindən gələ bilməsin: “Azərbaycanda ən çətin məsələlərdən biri izdihamlı mitinqlərin təşkil olunmasıdır, biz komitə olaraq 2013-cü ildən bu tərəfə Bakıda ən izdihamlı mitinq təşkil edərək bunun belə, bizim üçün çətin olmadığını sübut etmişik. Artıq Azərbaycanın bəzi rayonlarında komitənin dayaq dəstələri yaranıb. Demək olar ki, hər gün yeni dayaq dəstələri yaradılması ilə bağlı müxtəlif təkliflər daxil olur. Hətta QK-nın xaricdə də dayaq dəstələrinin yaradılması prosesi başlanılıb. QK-nın hər həftə keçirilən ümumi toplantılarında yeni-yeni üzvlər qəbul olunur. Bu üzvlər arasında partiya funksionerləri, Qarabağ qaziləri, ziyalılar, gənc jurnalist və bloggerlər, digər sosial qrupların nümayəndələri var. Bütün bu sadaladıqlarım faktlardan çıxış edərək, komitənin koordinatorlarından biri kimi tam məsuliyyətimlə deyə bilərəm ki, biz  planlaşdırdığımız bütün işlərin öhdəsindən çox asanlıqla gələcəyik. Xalqımıza müraciət edərək bildirmək istəyirəm ki, hər kəs Qarabağın azadlığı naminə komitənin fəaliyyətində yaxından iştirak etsin, yerlərdə komitənin dayaq dəstələrini yaratsınlar, mövcud dayaq dəstələrinə üzv olsunlar, sosial şəbəkələrdə komitənin fəaliyyətinin işıqlandırılmasında və təbliğində aktiv olsunlar”.


Tarix: 21-12-2018, 08:42
Xəbəri paylaş





Xəbər lenti