Qərb demokratiya və seçki məsələsini kənara qoyub


 Ekspert səbəblərdən danışdı                                                                                                                                             2013-cü ilə qədər Azərbaycanın siyasi müxalifət təsisatları və təsisatları beynəlxalq təşkilatlardan zəifləmiş şəkildə olsa da dəstək alırdı. Qərbin demokratiya və demokratik seçki tələbləri də müşahidə olunurdu və bu tələblərlə paralel olaraq müxalifət cinahına az da olsa dəstək olurdu.

Lakin 2013-cü ildən sonra Qərb, xüsusən də ABŞ Azərbaycanda demokratiya, seçki kimi məsələlərə diqqəti kənara qoyub, əvvəlki tələblərlə çıxış etmir. Bu cür iddiada olan ekspertlər fikirlərini belə əsaslandırırlar ki, Azərbaycanda demokratiya məsələlərinin, seçki məsələsinin Qərbin gündəliyindən çıxması onların hakimiyyətlə anlaşmasının nəticəsidir. Belə ki, Qərb Azərbaycanda demokratiyanın tədricən, inqilab olmadan bərqərar olmasını ən optimal və itkilərsiz variant hesab edir. Ona görə də artıq xüsusi tələblərlə çıxış edilmir və müxalifətə də hansısa dəstək verilmir.

Politoloq Natiq Miri hesab edir ki, Qərbin demokratiya ilə bağlı nisbətən dəyişən siyasətinin arxasında bir neçə motiv var: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Qərbin siyasəti təkcə Azərbaycana münasibətdə dəyişməyib. Qərb postsovet məkanında bir çox ölkələrlə bağlı demokratiya məsələlərini uzun müddətdir arxa plana keçirib. Bunun əsas səbəblərini sadalayarkən obyektiv və subyektiv amillərə nəzər salmaq lazımdır. Postsovet məkanında obyektiv səbəblər ondan ibarətdir ki, bir çox MDB ölkələri Rusiyadan asılı vəziyyətdədir. Həm də köhnə ənənəyə uyğun olaraq, bir çox ölkələrin hakimiyyətləri Moskvadan nümunə götürərək, onlara oxşamağa çalışır. Qərb siyasətçiləri reallıqla barışdıqları üçün taktikalarını dəyişməyə başladılar. Onlar ilkin vaxtlarda demokratik dəyərləri yaymaq üçün bu ölkələrə təzyiq edirdilər ki, siyasi, iqtisadi islahatlar bir-birilərini tamamlasın və bu ölkələr Qərbə daha çox yaxın olsunlar. Lakin bu təzyiqlər nəticə etibarı ilə o qədər də uğurlu olmadı. İndiki mərhələdə isə digər bir neçə səbəbə görə demokratiyaya ciddi fikir vermirlər. Konkret Azərbaycana gəldikdə aydın məsələdir ki, həm Qərbin burada enerji, təhlükəsizlik və ərazidən istifadə etmək maraqları var. Bu amillərə görə Azərbaycanın əhəmiyyəti artıb. Ona görə də Qərb Azərbaycanda gedən mənfi proseslərə göz yumub”.

Politoloq Natiq Miri ile ilgili görsel sonucu

Ekspert onu da dedi ki, Qərb demokratiya ilə bağlı pressinqindən tamamilə əl çəkməyib: “Sadəcə, bunun forması, taktikası dəyişib. Əgər əvvəllər hansısa demokratik dəyərlər, seçkilər üçün sərt tələblər ortaya qoyurdularsa, indi faktiki olaraq dolayısı ilə cürbəcür proqramlarla Azərbaycanı və digər bir sıra ölkələri Qərbə inteqrasiya etdirməyə çalışırlar. Məsələn, Avropa İttifaqı ilə ”Şərq tərəfdaşlığı" proqramı buna xidmət edir. Bu proqram uğurla həyata keçirilsə, istər-istəməz Azərbaycan da Qərbə daha çox yaxınlaşacaq. Beləliklə, qarşıda demokratik dəyərlərin qəbul etdirilməsi üçün real zəmin yarana bilər. Əvvəlki illərdə də demək olmazdı ki, demokratiya Qərb üçün prioritet olub. Lakin indiki mərhələdə Rusiya ilə Qərb arasında gedən siyasi mübarizədə demokratiya o qədər də önəm kəsb etmir. Qərb reallıqlarla barışır. Ancaq heç şübhəsiz ki, hansısa bir məqam yetişəndə, yəni hansısa bir ölkəyə ayrılıqda təzyiq göstərmək lazım olanda, həyata keçirilən uzunmüddətli proqramlardan kənar bunu edəcəklər. Bu isə demokratiya naminə deyil, daha çox Qərbin hansısa istəklərinin həyata keçirilməsi üçün edilə bilər".(“Yeni Müsavat”)


Tarix: 22-12-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti