“Paşinyan Azərbaycan üçün “yemdir” iddiası


Əhəd Məmmədli: “Yeni erməni iqtidarını hələ çox sınaqlar gözləyir”

Ermənistanın inqilab yolu ilə hakimiyyətə gələn baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycan üçün daha sərfəli şəxs olduğu barədə səslənən fikirlər durmadan artır. Xüsusilə dekabrın 9-da düşmən ölkədə keçirilən parlament seçkilərindən sonra bu istiqamətdə müzakirələr qızışıb.

Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq Qarabağ müharibəsində iştirak etməyib. Gedən müzakirələrdə bu faktor daha çox önə çəkilir. Düzdür, Paşinyan hakimiyyətə gəldiyi ilk zamanlarda Azərbaycan tərəfin qəzəbinə səbəb olan bir sıra populist, sərsəm fikirlər səsləndirdi. Amma bunun daha çox erməni xalqına yönəlik açıqlamalar olduğu qeyd edilir. Nikolun Azərbaycan üçün bir “yem” olduğu barədə də düşüncələr var.

Bütün bunlarla yanaşı, Nikolun arxasında fərqli qüvvələrin dayandığı ilə bağlı fərqli fikirlər səslənir. Hətta onun arxasında vaxtilə Azərbaycanla torpaqların qaytarılması ilə bağlı razılaşmaya getmək istəyən və hətta buna görə hakimiyyətini itirən sabiq  prezident Levon Ter-Petrosyanın dayandığı barədə iddialar yer alır. Hazırda həbsdə olan Köçəryanın dəmir barmaqlıqlar arxasına salınmasında Ter-Petrosyanın əli olduğu güman edilir.

Politoloq Əhəd Məmmədli hesab edir ki, Azərbaycan müharibəsiz heç bir erməni lideri ilə dil tapan deyil: “Bəlkə Ter-Petrosyanla dil tapmaq mümkün olardı, amma  onu da hələ ötən əsrin 90-cı illərində buna görə devirdilər. Bununla da Petrosyanın hakimiyyətə birdəfəlik yolu bağlandı. İnqilab təzə olanda, Paşinyan ilk dəfə baş nazir seçiləndə Azərbaycanda ona bəziləri ümid bəsləyirdi. Lakin keçən zaman göstərdi ki, çox nahaq yerə ona ümid bəslənib. Azərbaycanı barbar adlandıran erməni ilə necə asan dil tapılacaq? Paşinyan iqtidara gələn kimi hərbi ritorika ilə danışmağa başladı. Oğlunu işğal olunmuş Azərbaycan ərazilərində qulluq etməyə göndərdi. Tez-tez Dağlıq Qarabağa səfərlər edir. Hər səfərində də Azərbaycana qarşı nəsə sarsaqlayır. Düzdür, deyə bilərsiniz ki, o bütün bunları seçkilərdən qabaq edirdi ki, hakimiyyətini tam bərkitsin. Amma düşünmürəm ki, o, təkcə bunları seçkilərə görə edirdi. Bu yaxınlarda Putin deyib ki, Ermənistan tarixən Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi olub, belədir və inanıram ki belə də olacaq. Güman edirəm ki, bundan sonra Azərbaycanda bəzilərinin Rusiyanın ədalətli yolla Qarabağ münaqişəsini həll edə biləcəyi yönündə ümidləri də sona yetdi. Ermənistan öz arxasında Rusiyanı hiss edənə qədər danışıqlarda Azərbaycana tərəf heç bir güzəştlər etməyəcək. Paşinyan erməni xalqının yeni lideridir. Azərbaycanın qarşısına atılmış ”yem" ATƏT-in Minsk Qrupudur, 30 ilə yaxın gedən nəticəsiz danışıqlardır, “Rusiya bizim dostumuzdur” kimi fikirlərdir. Paşinyanın arxasında təbii ki, görmədiyimiz qüvvələr var. Hələlik isə onun arxasında ən böyük qüvvə erməni xalqıdır. Nə vaxta qədər xalq onun arxasında olacaq, o nə istəyəcəksə onu da asanlıqla həyata keçirəcək.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Ermənistandakı hadisələr bir daha göstərdi ki, xalqdan böyük güc yoxdur. Paşinyanı heç bir lider yönəltmir. Ermənistanın bu saat ən güclü siyasətçisi Paşinyandır. Siyasi karyerasının ən zirvə nöqtəsində olan Paşinyan niyə kiməsə imkan verməlidir ki, onu yönəltsin? Təbii ki, ona dəstək verən nüfuzlu adamlar, qüvvələr var - məsələn, erməni lobbisi. Heç şübhəsiz ki, onlardan məsləhətlər alır. Amma kiminsə Paşinyanı yönəltdiyinə inanmıram. Petrosyanla Paşinyanın əlaqələri ola bilər, yəqin ki var da. Petrosyan Paşinyanın keçmiş lideridir. Lakin Paşinyan Petrosyandan çoxdan ayrılıb. O, Petrosyanla da məsləhətləşə bilər. Kiminsə nə vaxtsa keçmiş lideri ola bilər, lakin indi Paşinyan özü bir liderdir. Paşinyanın inqilab yolu ilə hakimiyyətə gələndən sonra Köçəryanın qısa müddətdə həbs edilməsi və buna “Qarabağ klanı” və Rusiyanın səssiz qalmasını yeganə səbəbkarı hansısa görünməz lider deyil, xalqın Paşinyanın arxasında durmasıdır. Petrosyan indi Ermənistanda heç nəyi həll etmir. O, Köçəryanın həbsi ilə əlaqədar Paşinyana məsləhət verə bilər, amma son qərar Paşinyanın olub. Bir də ki, hazırda Petrosyandan Paşinyana məsləhət verəsi daha güclü, səlahiyyətli şəxslər var".

Politoloq Köçəryanın həbsinə də toxundu: “Paşinyan güclü olduğuna qədər bu şəxs həbsxanada qalacaq. Bir az keçdikdən sonra inqilab kütlənin ümidini doğrultmasa, Paşinyanı sevənlər ona etiraz etməyə başlasa, Köçəryanın azad edilmə ehtimalı çoxalacaq. Bu olan təqdirdə Rusiyanın Ermənistana müdaxiləsi daha da asanlaşacaq. Dağlıq Qarabağ - Ermənistan qarşıdurması yaranacaq. Yeni erməni iqtidarını hələ çox sınaqlar gözləyir. Sınaqlardan keçə bilsələr, Azərbaycana ziyan olacaq, keçə bilməsələr də Azərbaycana ziyan ola bilər. Paşinyan bütün bu sınaqlardan çıxa bilsə - düzdür buna inamım azdır - bu, Azərbaycan üçün mənfi sonuclarla nəticələnə bilər. Paşinyan iqtidarı iflasa uğrasa, rusyönümlülər Ermənistanda yenidən hakimiyyətə qayıdacaqlar. Bu da Azərbaycan üçün yaxşı sonluq olmaz. Qısası, çox həssas dönəmlər yaşayırıq. Regionda yaxın müddətdə kardinal dəyişikliklər gözləyirəm”.

“Yeni Müsavat”

Tarix: 22-12-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti