“ABŞ GERİ ÇƏKİLİR, BÖLGƏDƏN GETMİR” –Kürdlərlə bağlı qeyri-müəyyənlik davam edir - TƏHLİL

Tunca Bengin

“Milliyet”, Türkiyə, 22 dekabr 2018-ci il

 

Fəratın şərqinə yönəlik hərbi hərəkat üçün geriyə sayma davam edərkən, ABŞ Prezidenti Trampdan gələn “İŞİD bitdi, Amerika hərbçiləri geri dönür” açıqlaması, tam mənası ilə, papaqdan dovşan çıxarmaqdır. Çünki ortaya çıxan görüntü budur. ABŞ deyir ki, mən Türkiyənin qərarlılığını gördüm və PYD/PKK üzündən müttəfiqimlə dava etmək istəmirəm, bundan sonra Suriyada müəyyənedici olmayacam.

Ancaq ABŞ-ın bununla bağlı zəif tərpənişləri olsa da, indiyədək bu terrorçuları niyə qoruduğu, minlərlə TIR silahı niyə verdiyi aydın olmur. Ayrıca, Menbiçdə bu qədər ayaq sürümək, son dəqiqəyədək dirənmək nə üçün idi? Fikirləri qarışdıran suallar çoxdur. O da nəzərə alınmalıdı ki, bu söz sahiblərinin yalan məsələsilə bağlı çoxsaylı “məhkumluğu” mövcuddur. Ona görə də, Trampın bu sözlərinə ehtiyatlı yanaşmaqda fayda var. Elə Ankarada mövcud olan hava da belədir. O səbəblə də, Türkiyə hər cür ehtimala qarşı hazırlıq görür.

Dünən yaranmış bu durumu, xüsusilə də Trampın hərbçilərin geri çəkilməsilə bağlı sözlərini şərh etməsi üçün MİT rəhbərinin sabiq müavini Cevat Öneşə müraciət etdim.

Cevat Öneşin cavabı bu oldu: “ABŞ-ın geri çəkilməsinin xarakteri hələ bəlli deyil. Haradan, necə çəkiləcək? ABŞ-ın 20-dən çox bazası var. Bazalar boşaldılacaqmı, PKK tərksilah ediləcəkmi, Fəratın şərqindəki mövcud quruluş necə olacaq? Bunları hələ bilmirik. Çox qarışıq bir durumdur, lakin qarşımızda ABŞ-ın siyasi həllə yönəlik olaraq atdığı yeni bir taktiki və strateji addımı var”.

 

Geri çəkilmək bölgədən getmək deyil?

 

“O zaman geri çəkilmək bölgədən getmək deyil?” deyərək, sual etdim.

Öneşin cavabı qısa və aydın oldu: “Təbii. ABŞ, “mən bu sahəni boşaldıram, bu sahə ilə bağlı marağım yoxdur” demir. Hətta Pentaqondan “çalışmalarımız davam edir” kimi, fərqli bir səs də gəldi. ABŞ-ın öz hərbçilərinin bir qismini geri çəkəcəyi qətidir, lakin bunun qarşlığında nə olacaq, mövqeyi nədir? Ceyms Cefrinin ifadə etdiyi kimi, ABŞ-ın geri çəkildiyi bölgələri peşmərgələrmi dolduracaq? Bu peşmərgələrin strukturu necə olacaq? ABŞ Suriyada federal quruluşdan, kürdlərə muxtariyyat verilməsi hədəfindən vaz keçibmi? Yoxsa İraqda olduğu kimi, Suriyada da muxtar Kürdüstan qurumu istəməkdədir? Əgər bu istənirsə, gələcəkdə bölgədə birləşmiş Kürdüstanı da ortaya çıxaran yeni bir prosesdir. Bu məsələlərlə bağlı bir cavab, açıqlıq yoxdur”.

Təbii, bu nöqtədə ortaya əsl həlledici başqa bir sual çıxır: PYD/PKK-nın durumu və peşmərgə ilə arasındakı güc rəqabəti necə olacaq?

Önəş davam edir: “İraqda yaradılan yeni quruluşda KYB-yə mənsub olan bir şəxs Prezidentdir. İraqdakı kürd muxtar qurumunun iqtidar sahiblərinin də, müxalifətinin də hazırda PKK-ya qarşı olmadığını bilirik. PYD-nin, yəni PKK-nın pərdə arxasında onlarla əməkdaşlıq edə biləcəyini və İraq-Suriya Kürdüstanının ortaya çıxarıla bilməsi üçün birgə hərəkət edəcəklərini ehtimal edə bilərik”.

 

Bərzani ilə PKK ortaq hərəkət edə bilərlərmi?

 

Bu arada, təbii olaraq, növbəti sual gəlir: Bərzani ilə PKK ortaq hərəkət edə bilərlərmi?

Öneşin bu suala da cavabı qısa və aydın oldu: “Edə bilərlər. Onsuz da İraq kürd siyasətində “Qoran” hərəkatı, KYB və PKK arasında olan əlaqələr məlumdur. Artıq siyasi dövrə, həll dövrünə, legitimlik dövrünə giririk. Bunun baş tutması üçün də PKK-nı nominal olaraq ortadan qaldırırlar. Hətta PKK özünü ləğv edə bilər, lakin başqa adlarla, ittifaqlarla, əməkdaşlıqlarla qarşımıza çıxa bilər. Onsuz da PKK liderlərini bizə təslim etmələrilə bir addım atdılar, hətta “PYD ilə PKK-nı döyüşdürə bilərik” dedilər. Bunlar davamlı olaraq aparılan yeni siyasi strukturlaşma axtarışları, siyasi inkişafın önünü açma məsələsidir. Nəticədə, ABŞ vəkalət yolu ilə əlaqə qurduğu, ittifaq yaratdığı güclərlə bölgədəki, Suriya və İraqdakı yerini qoruyacaqdır”.

 

ABŞ hərbçiləri geri çəkir, lakin bayrağı durur

 

Son sualım da “Yəni ABŞ hərbçiləri geri çəkir, lakin bayrağı durur?” oldu.

Hörmətli Öneşin cavabı yenə də qısa və aydın oldu: “Şübhəsiz. Qlobal güc olan ABŞ-ın bayrağı hər yerdə durur və bayrağın dalğalanması üçün də yeni taktikalar, yeni strategiyalar dövrəyə girir…”

Tərcümə Strateq.az-ındır

Tarix: 23-12-2018, 16:50
Xəbəri paylaş





Xəbər lenti