Qarabağda dönüş ili gözləntiləri - "Konflikt ətrafında situasiya dəyişib..."


Nizamlamanın sürətlənəcəyinə bəslənən ümidlər reallığa uyğundurmu? Blokada rejimində olan Ermənistanda iqtisadi, sosial sıçrayış mümkün olmayacaq, çünki...; politoloq: “Qarabağ ətrafında situasiya dəyişib”

Hər ilsonu adətən növbəti illə bağlı Qarabağ problemi mövzusunda nikbin proqnozlar səslənir. Bu dəfə də eyni təxminlər təkrarlanmaqdadır. Ancaq bir çox optimist siyasi müşahidəçilərə görə, 2019-cu ildə Qarabağa dair sülh danışıqlarında gerçəkdən də pozitiv dinamika qeydə alına bilər. Onlar bunu Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvənin Qarabağ savaşında iştirakçı olmaması, yəni “hərb partiyası”nı təmsil eləməməsi, həmçinin işğalçı ölkənin üzləşdiyi ağır sosial-iqtisadi problemləri, nəhayət, yoluna qoymaq zərurəti ilə izah edirlər.

İlsonu xarici işlər naziri Elmar Məmmədyarov da nikbin bəyanat verərək, növbəti ildə Dağlıq Qarabağ problemi ilə bağlı canlanma olacağının anonsunu verib. Ötən həftənin Qarabağla ilgili yadda qalan başqa bir olayı isə Dağlıq Qarabağın azərbaycanlı icmasının II qurultayında icma sədrinin dəyişməsi oldu. 9 ildir bu postda olan Bayram Səfərovu Xarici İşlər Nazirliyinin əməkdaşı, gənc diplomat Tural Gəncəliyev əvəz elədi. Artıq bu hadisə ilə bağlı müxtəlif siyasi şərhlər verilib.  

Öz növbəsində politoloq Rasim Ağayev sədr dəyişikliyinin Qarabağ nizamlanmasına dair danışıqların intensivləşmə ərəfəsində baş verməsinə diqqət yönəldərək bildirib ki, bu quruma diplomatik bacarığı və təcrübəsi olan adamı çoxdan sədr qoymaq lazim idi. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli minval.az-a müsahibəsində deyib.

Bəs sədr dəyişikliyi icmanı qarşıdakı sülh danışıqlarına hazırlamaq anlamı verə bilərmi?

Politoloqa görə, məsələ icmada deyil. “Ondadır ki, ictimaiyyət danışıqlar prosesinin yaxın zamanlarda güclənməsinə hazırlanır. Bu hazırlıq da ondan xəbər verir ki, məsələ diplomatik, dinc nizamlanma relsi üzərinə qoyulacaq”, - deyə o qeyd edib.

Politoloq ötən həftə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Milanda erməni həmkarı Zoqrab Mnatsakanyanla 3 saatlıq görüşdə anlaşma əldə edildiyi barədə verdiyi bəyanata toxunaraq deyib: “Elmar Məmmədyarov başlanan prosesin məzmununu bir az şişirdir. Bununla belə, proses artıq start götürüb. Amma erməni tərəfi daha ehtiyatlı hərəkət edir. Nikol Paşinyan indi müxtəlif siyasi qüvvələrin təzyiqi altındadır. Bir tərəfdən ona xarici güclər təzyiq edir, o biri yandan isə Ermənistanın öz daxilindəki situasiya dəyişikliklər tələb edir. Nədən ki, əhalini yedizdirmək, ölkəni inkişaf etdirmək və s. lazımdır. Eyni zamanda, ermənilər üçün heç də əldən getməyən Qərbdə görürlər ki, havadarlıq elədikləri adamlar haqlı deyillər. Bütün bunlar İrəvanı Ermənistandan nəhəng sayta adamların qoparılması ilə (köç ilə -red.) hədələyir. Ona görə də Paşinyan bu cür danışmaq zorundadır. Çünki bu haqda nə qədər çox danışılırsa, bir o qədər sayda insan öyrənir ki, ermənilər heç bir təkliflə razılaşmır. Əgər sülh danışıqları istəyirsinizsə, onda təkliflərdən birini götürün, toplaşın və müzakirələrə başlayın. Bundan əlavə, ermənilər vərdiş ediblər ki, onlar nə etsələr belə, bu, həm Moskvada, həm də Avropa paytaxtları və ABŞ-da dəstəklənəcək. İndi artıq bu situasiya dəyişir. Paşinyanın əsəbi reaksiyası da elə bununla bağlıdır”

*****

İstənilən halda, Ermənistanın yeni hökuməti gec-tez Dağlıq Qarabağ probleminə ciddi şəkildə girişməli olacaq. Ən azı o səbəbə ki, inqilab dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyanın öz xalqına verdiyi vədlərin reallaşması üçün bu münaqişənin həllində müsbətə doğru dönüş yaranmalıdır. Əks təqdirə iqtisadiyyatı qaldırmaq, ölkədən kütləvi köçü dayandırmaq və xaricdəki ermənilərin, xüsusən də imkanlı ermənilərin ölkəyə dönüşünə və Qərb sərmayəçilərinin Ermənistana yatırım qoymasına nail olmaq mümkün olmayacaq.

Bir sözlə, blokada rejimində olan Ermənistanda iqtisadi, sosial sıçrayış üçün heç bir zəmin yoxdur, gözlənilmir. Bir azdan buna Nikol Paşinyan da əmin olacaq. Əksinə, konflikt Paşinyan dönəmində də uzanarsa, yeni aprel müharibələri qaçılmaz olacaq - həm də qat-qat geniş miqyasda. 

Analitiklər də Qarabağ düyünü açılmadan işğalçı ölkə üçün yaxşı perspektiv vəd eləmirlər. Bundan əlavə, Paşinyanın özünə quracağı komandanın da az önəm daşımadığı vurğulanır.

“Ermənistanda yeni hakimiyyətin bütün vəzifələrə öz üzvlərini təyin etməsi üçün kadr potensialı yoxdur”. Bu sözləri axar.az-a politoloq Əhəd Məmmədli Ermənistanda yeni hökumətin formalaşması ilə bağlı danışarkən deyib. O bildirib ki, yeni iqtidarlar əsasən strateji postlara öz adamlarını təyin edir.

“Sərkisyanın çıxartdığı kadrları yenidən vəzifəyə gətirməklə Paşinyan özünə tərəfdaş yığır. Nikol Paşinyan üçün əsas hədəflərdən biri Qarabağ klanını zərərsizləşdirməkdir. Ona görə həmin tərəfdən yanına adamlar gətirir. Paşinyan təkcə Sərkisyanın deyil, Levon Ter-Petrosyan, Çarukyanın kadrlarını da müxtəlif vəzifələrə cəlb edəcək. Ermənistanın yeni hökuməti kadr çatışmazlığından əziyyət çəkir. Paşinyan vaxt udmağa çalışacaq. Nikol sadiq komanda formalaşdıra bilsə, hakimiyyətini möhkəmləndirəcək. Əks halda böyük problemlərlə üzləşə bilər”, - deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, əgər Paşinyan özünə sadiq hökumət qura bilməsə, Rusiyanın təzyiqləri ilə üz-üzə gələcəyi istisna edilmir. “Digər tərəfdən, Ermənistanda iqtisadi, sosial, siyasi böhran yaşanacaq. Bu halda isə Qarabağ klanı, Daşnaksütyun, Sasna Çrer, Çarukyan tərəfdarları Paşinyan iqtidarına qarşı birləşib onu devirmək istəyəcək. Eyni zamanda, İrəvanla Qarabağ separatçılarının qarşıdurmasını da izləyə bilərik. Yəni müxtəlif gedişatlar ola bilər və bu gedişatlara uyğun da Bakı addım atacaq”.

Heç şübhəsiz, Azərbaycanın addımlarında əsas hədəf düşmən tərəfi sülh danışıqlarında konstruktiv mövqe tutmağa vadar eləmək olacaq. Əks təqdirdə hərb variantı işə düşə bilər. Gələn il bunun üçün əlverişli fürsətin yaranacağı istisna deyil. Bütün hallarda Azərbaycan daha bir il öz torpaqlarının işğal altında qalmasına seyrçi qalmayacaq...   

Tarix: 24-12-2018, 09:25
Xəbəri paylaş





Xəbər lenti