Qarabağ danışıqlarının formatı dəyişəcəkmi?..


Növbədənkənar parlament seçkiləri də başa çatdı, il də artıq tamamlanmaq üzrədir, amma hamını düşündürən bir məsələyə - ötüşməkdə olan ildə İrəvanda baş verən proseslərin Dağlıq Qarabağ məsələsinə necə təsir edəcəyi hələ də açıq qalır.

Əlbəttə, hamıya aydındır ki, əvvəlcə bu axmaq ölkədə hökumət qurulmalıdır və ən son xəbərlərdən də belə nəticə hasil olur ki, hazırda kabinetin strukturu ilə bağlı işlər aparılır, neçə nazirliyin olacağı, onların səlahiyyət sferaları müəyyənləşdirilir.

Hətta bu prosesin özü də sakit və hamar keçmir, sosial narazılıqlarla müşayiət olunur. Elə bu günlərdə ləğv olunmuş nazirliklərdən birinin əməkdaşlarının etiraz aksiyası keçirdiyi deyildi.

Əslində bütün bunlar gözlənilən idi, onlar “məxməri inqilab”ın ruhundan və ölkədə aparılmış sistem dəyişikliklərindən irəli gəlir.

Amma Ermənistandan cavab gözləyən ünvanlar var. Birincisi, Moskva İrəvandan öz sorğularına cavab almağa tələsir. Rusiya prezidenti V.Putin hətta özünün növbəti illik mətbuat konfransında belə N.Paşinyanı təbrik etməyi vacib bilmədi, halbuki o, formal şəkildə olsa da bunu edə bilərdi.

İndi söhbətlər gəzir ki, Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək. Görünür, Kreml artıq onu “xalça üzərinə” dəvət edir.

Rusiyanın dövlət adamları, o cümlədən də ölkənin ən birinci şəxsləri - prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov rəsmi açıqlamalarında İrəvandakı son proseslərin guya Moskva üçün heç bir dəyişiklik yaratmadığını və iki ölkənin MDB, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsindəki iş birliyinin və əməkdaşlığının davam etdiyini bildirirlər.

Amma ki, qətiyyən belə deyil, Kreml əhli nə qədər diplomatik etiket çərçivəsində qalmağa çalışsa da vəziyyət hətta göründüyündən də mürəkkəbdi, ortada ciddi anlaşılmazlıqlar var və bu anlaşılmazlıqların bir görüş, bir müzakirə ilə çözüləcəyini düşünməyin özü sadəlövhlük olardı, ona görə ki, lap bizim “O olmasın, bu olsun” kinokomediyasında deyilən kimi, qızın iki adaxlısı var; ABŞ-ın və cənab C.Sorosun uşaqları digər hamilərini də unutmayıblar və unuda da bilməzlər...

Kremllə sıx yaxınlığı olan politoloq S.Markov Rusiyanın hətta Paşinyanın indiki ətrafından belə “öz adamları”nı tapacağını desə də, xarici işlər naziri Lavrov da vaxtilə Paşinyanın parlamentdəki doqquz deputatı ilə də “işlədiklərini” (ona işarədir ki, o adamlar da bizimkilərdir!) gözə soxmağa cəhd etsə də, Moskva çaxnaşma içindədi, onun əsl adamları sayılan şəxslər parlamentdən tamam kənarda qalıb və hətta həbsdədirlər.

Odur ki, Kremlin Paşinyandan soruşmaq istədiyi çox mətləblər var və bu məqamlara yalnız sıx təmaslarda aydınlıq gətirmək olar.

O ki qaldı Azərbaycana, xüsusən də baş verənlərin Dağlıq Qarabağ müstəvisinə proyeksiyasına, kriminal Dağlıq Qarabağ klanının qalıqları problemlə bağlı ən kiçik detalları da diqqətdə saxlayır və onlardan siyasi qalmaqallar yaratmaq üçün yararlanmağa cəhd edirlər.

Məsələn, elə bu günlərdə Azərbaycanın xarici işlər nazirinin “Danışıqlarda müəyyən anlaşma var” deməsini Ermənistandakı müxalifət “Paşinyanın Dağlıq Qarabağı Bakıya satmağa hazırlaşması” kimi təqdim etdi, üstəlik, bu cür “ittiham”lar birinci dəfə deyil ki, səslənir. Bəli, Paşinyan Qarabağ klanına aid deyil, onun hətta Qarabağdakı müharibə ilə də hər hansı bağlılığı olmayıb, o, necə deyər, “müharibə köpəkləri” kimi təsnif edilən insanların kateqoriyasına daxil deyil. Bu səbəbdən də Koçaryan-Sarkisyan güruhu daim onun bu ögeyliyini gözə soxmağa, Qarabağ siyasi-hərbi teatrını Paşinyana qarşı yönəltməyə çalışırlar.

Amma son günlərdə Dağlıq Qarabağ prosesilə bağlı baş verən ən maraqlı məqam digər məsələdir. Dağlıq Qarabağın azərbaycanlı icması özünə yeni sədr seçdi: bundan sonra təşkilata gənc və həm də artıq yetərli dərəcədə təcrübəsi olan diplomat başçılıq edəcəkdir.

Məsələ dərhal maraq doğurdu: görən, bu, danışıqlar prosesinin formatının dəyişəcəyinə işarə deyil ki? Axı Paşinyan hər fürsətdə bəyan edir ki, danışıqlara Dağlıq Qarabağın erməni icması cəlb edilməlidir. Bir tərəfdən bunu həmişə belə başa düşmüşük ki, bu yolla Ermənistanın baş naziri Qarabağ ermənilərinin ona olan etimadını artırmaq istəyir.

Amma məsələ təkcə bunda deyil: ermənilər Dağlıq Qarabağdakı oyuncaq rejimi daim danışıqlar prosesinin əsas tərəflərindən birinə çevirməyə çalışıblar və bununla Ermənistanı “oyundan çıxaracaqlarını”, Dağlıq Qarabağdakı rejimi isə tanıdacaqlarını düşünüblər.

Odur ki, sayıqlığı artırmağa ehtiyac duyulur. Əlbəttə, azərbaycanlı icmasının fəaliyyətinin gücləndirilməsi faydalı işdir. Amma icmalar, o cümlədən Dağlıq Qarabağın erməni icması danışıqlarda ən yaxşı halda müşahidəçi və ya maraqlı tərəf kimi iştirak edə bilər, çünki ermənilərin münaqişənin təqdimatını dəyişdirməsinə qətiyyən yol vermək olmaz.

Onlar illərlə ən müxtəlif prosesləri baş-ayaq, özlərinə sərf edən bir şəkildə təqdim etməyə alışıblar, amma ümid edirik, bu dəfə belə nömrə keçməyəcək.               Hüseynbala Səlimov

Tarix: 25-12-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti