Siyasi böhran bazara sıçradı


Siyasi böhran bazara sıçradı

Dünya birjalarında ABŞ dolları ucuzlaşır.

Buna səbəb ABŞ-da siyasi qeyri-müəyyənlikdir. Yapon yeni dollarla müqayisədə bahalaşaraq 111,1-dən 111,26-ya yüksəlib. Həmçinin, avro da dollara nisbətən dəyər qazanıb. ABŞ-da dekabrın 22-dən etibarən bəzi federal idarələr fəaliyyətini dayandırıb. Buna səbəb də büdcənin olmamasıdır. Respublikaçılar və demokratlar büdcə layihəsinin qəbulunda ortaq rəyə gələ bilməyib. 

Buna görə də hökumət fəaliyyətini dayandırmalı olub. Administrativ Büdcə İdarəsinin rəhbəri Mik Malveyni bu il ərzində büdcə müzakirələrinin uğurlu sonluqla nəticələnməmək ehtimalını istisna etməyib. Bu isə dolların məzənnəsinin azalmasında təsirsiz qalmayıb.

ABŞ-da dövlət büdcəsi ənənəvi olaraq növbəti ilin yanvarına qədər təsdiqlənir. Büdcənin uzun müddət təsdiqlənməməsi dolların indeksinin zəifləməsinə və digər dönərli valyutalara qarşı dəyər itirməsinə səbəb olur.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında dolların indeksindəki azalmanın ciddi olmadığını bildirib: “Məlumatlara görə ABŞ prezidenti Tramp Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Paueldan (Jerome Powell) çox narazıdır. Hətta ilin əvvəlində FED rəhbərinin istefaya göndərəcəyi ilə bağlı xəbərlər də var. Bu xəbərlər dolların məzənnəsinin azalmasında ciddi rol oynayır”.

Federal büdcənin təsdiqinə gəlincə, iqtisadçı qeyd edib ki, ABŞ Konqresində büdcənin təsdiqindən öncə həm respublikaçılar, həm də demokratlar lazım bildikləri dəyişiklikləri və xərcləri artırmaq üçün basqı yaradırlar: “Büdcənin təsdiqini gecikdirməklə danışıq masası qurulur və burada maraqların uzlaşdırılmsı baş verir. Düşünmürəm ki, bu uzun zaman alacaq. Barak Obamanın prezidentliyi zamanında da iki dəfə büdcənin təsdiqi gecikmişdi. Çox güman ki, yanvarın əvvəllərində büdcə təsdiq olunacaq. Əsas məsələ Federal Ehtiyatlar Sistemilə (FES) bağlıdır. ABŞ tarixində ilk dəfədir ki, prezidentlə FED arasında publik debat gedir. Onlar bir-birlərini ittiham edəcək səviyyədə çıxışlar edirlər. Bu qarşıdurma davam etsə, gələcəkdə dolların indeksinin daha da ucuzlaşmasına səbəb ola bilər”.

FED-in müstəqil bir qurum olduğunu deyən analitik, qurumun Konqres qarşısında hesabatlılığının olduğuna da diqqət çəkib: “FED-ə prezidentin birbaşa müdaxilə etmə səlahiyyətləri yoxdur. Amma gələn il FED üzvlərindən iki nəfərin prezident tərəfindən təyin olunması vaxtı gələcək. O zaman Tramp özünə yaxın bildiyi şəxsləri FED üzvlüyünə təsdiq etməklə onun siyasətin dəyişdirə bilər. Əslində  bu gün birjaları narahat edən məsələ məhz FED-in müstəqilliyinin zəifləməsi ilə bağlıdır. Düşünmürəm ki, bu, ABŞ-da uzunmüddətli dalğalanamalara səbəb olsun. Trampın siyasəti aydındır, o, dolların çox bahalaşmasını istəmir. Çünki bahalı dollar Amerika ixracatına mənfi təsir göstərir. Sözlü müdaxilələrlə Ağ Ev rəhbəri gələcəkdə dolların müəyyən qədər bahalaşmasının qarşısını ala biləcək addımlar atacaq. Həm FED-in, həm Trampın istəyi ondan ibarətdir ki, dolların indeksi çox da kəskin sürətdə bahalaşmasın. Ona görə də dolların indeksinin indiki səviyyələrdə qalmasına çalışacaqlar. Bahalı dollar əsasən inkişaf etməkdə olan ətraf ölkələrə mənfi təsir göstərir. Ən başlıcası onların valyutalarının ciddi oynaqlı olmasına səbəb olur. Həmin ölkələrin valyuta birjalarındakı dinamikaya baxdıqda çox ciddi oynamaların olduğunu görə bilərik. Bu da həmin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir”.

Prosesin neftin qiymətlərinə təsirindən danışan Natiq Cəfərli vurğulayıb ki, “qara qızıl”ın qiymətlərinə başqa amillərin təsir etmə ehtimalı daha yüksəkdir: “Hazırda hasilatın və istehlakın uyğunsuzluğu prosesi gedir. ABŞ-da hasilat sürətlə artır, bu da neft qiymətlərinə basqı yaradır. Son 40 ildə dünyada belə bir tendensiya mövcuddur - dollar bahalaşır, neft də ucuzlaşır. FED-in atdığı addımlar dolların gələcəkdə daha da bahalaşmasına səbəb olsa və dollar indeksinin oynaqlığı artsa, bu zaman neft qiymətlərinə əlavə təzyiq vasitəsi yaranacaq. Əslində bu məsələ dolayı təsirə malikdir. Neft qiymətlərinə hasilat və istehlak məsələləri birbaşa təsir edir. 

Dünyada hasilat artır, istehlak isə gözlənilən tempdə artmır. Hətta Avropada, eləcə də Amerikanın bir çox ştatlarında istehlak azalıb. Getdikcə daha çox alternativ enerji mənbələri yayılır. Həmçinin daxili yanma mühərrikinin istifadəsində elektrik maşınlarının istifadəsi də artır. Bu isə neftə olan tələbatın zəifləməsinə səbəb olur ki, nəticədə qiymətlərdə əsas basqı yaradan amilə çevrilir. Təbii ki, burada geosiyasi amillər də var. Amerikanın apardığı siyasət həm də ona köklənib ki, neft qiymətləri uzun zaman aşağı səviyyələrdə qalsın”.

Yeganə Oqtayqızı

Cebhe.info

Tarix: 25-12-2018, 21:39
Xəbəri paylaş





Xəbər lenti