Moskva və Vaşinqtonun fərqli Qarabağ taktikaları


Gələn il iki vasitəçi dövlətin maraqları uzlaşa bilərmi? Bakının mövqeyi qətidir: münaqişə “torpaq əvəzinə torpaq” yox, “torpaq əvəzinə sülh” formulu üzrə həllini tapa bilər...

2018-ci il bir neçə gündən sonra tarixə qovuşacaq. Əfsuslar olsun ki, bu il də torpaqlarımız erməni işğalı altında qaldı. Vasitəçi üçlük - Rusiya, ABŞ və Fransa 2018-ci ildə də sülh danışıqlarında konstruktiv mövqe tutması üçün təcavüzkara heç bir təzyiq göstərmədi. Yalnız növbətçi bəyanatlarla kifayətləndi. Xüsusən də Rusiya daha bir il əlindəki unikal rıçaqı işə salmaq istəmədi.

Nizamlama prosesinin tormozlanmasının bir səbəbi də işğalçı ölkədəki hakimiyyət çevrilişi sayıla bilər. İqtidara gəlmiş yeni qüvvənin öz legitimliyini bərqərar eləməsinə 7 ay lazım oldu. Ancaq aydındır ki, bundan sonra da danışıqlar illərlə uzana bilməz. Yeni erməni rəhbərliyinin də status-kvonu və işğal rejimini uzatmasının bədəli daha ağır ola bilər. Buna son olaraq, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında bir daha işarə vurub. Eyni zamanda sülh şanslarının hələ də itirilmədiyinə ümid ifadə edib.        

“Gələn il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”. İlham Əliyev bu sözləri dekabrın 24-də Abşeron rayonunun ərazisində köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Sitat: “Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. İşğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır”.

******

Bu sözlər düşmən tərəfə açıq bir ismarışdır ki, boş xülyalarla, ikinci saxta erməni “dövləti” arzusu ilə yaşamasın. Belə bir şey olmayacaq. Həmçinin Ermənistanın təzə iqtidarına birmənalı mesajdır ki, danışıqlarda Azərbaycandan hara kimi güzəşt uma bilər.

Bakının 25 ildir atəşkəsə dözməsi əslində ən böyük güzəştdir. Daha bir güzəşt Azərbaycanın tərkibində Dağlıq Qarabağ ermənilərinə yüksək özünü idarə statusu - muxtariyyətin verilməsi ola bilər - nəyi ki, rəsmi Bakı bir neçə dəfə dilə gətirib. Son olaraq, xarici işlər naziri Elmar Məmmədyarov bu haqda iki gün öncə “Sputnik Azərbaycan”a müsahibəsində bildirib. Bundan artıq heç bir güzəşt olmayacaq. Çünki bundan o tərəfə Azərbaycanın ərazi bütövlüyünün pozulması gəlir.

Təzə ildə Qarabağla bağlı Ermənistanda da gözləntilər var. Təbii ki, əsas narahatlıq İrəvana bu yöndə vasitəçi güclərin, xüsusən də Rusiyanın mümkün təzyiqləri ilə ilgilidir. Məsələn, Ermənistanın “Ay Data” ofisinin rəhbəri və Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan belə hesab edir ki, ABŞ tezliklə, Ermənistana Qarabağ məsələsində güzəşt etməsi üçün təzyiqlər edəcək.

Onun sözlərinə görə, Ermənistandakı daxili proseslər Azərbaycanın danışıqlar prosesinə yanaşmasında müəyyən dəyişikliklərə gətirib çıxarıb. “Ermənistan artıq Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların reallaşdırılmasından danışmır. Ona görə ki, baş nazir Azərbaycan prezidenti ilə atəşkəs rejiminin pozulmasının azaldılması barədə razılaşıb. Tezliklə, Ermənistana Qarabağın həlli ilə bağlı xüsusilə ABŞ-dan təzyiqlər başlayacaq. İrəvandan Qarabağ məsələsində güzəşt tələb ediləcək. Bu, o demək deyil ki, Ermənistan təzyiqlər qarşısında geri çəkiləcək. Vyana və Sankt-Peterburq razılaşmaları reallaşdırılmadan Qarabağın birbaşa həlli Ermənistan üçün təhlükəlidir”, - deyə o qeyd edib.

Bu iddianın nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir. Ancaq bu da var ki, Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan Rusiyadan çox Qərbə, ABŞ-a bağlı adam sayılır. ABŞ da istəyir ki, Ermənistanı Rusiyaya bağlayan əsas səbəb - həll olunmamış Dağlıq Qarabağ konflikti həll olunsun, işğalçı ölkə blokadadan çıxsın və ya münaqişənin həllində o həddə irəliləyiş əldə olunsun ki, Moskvanın İrəvana və Bakıya təzyiq imkanı minimuma ensin.

Bu ilin oktyabrında bölgədə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da Nikol Paşinyanla görüşdən sonra bəyan eləmişdi ki, İrəvan Rusiya ilə ənənəvi bağlarına təzədən baxmalıdır və əgər qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, gələn il (2019-cu il - red.) konfliktin həllində real dönüşə nail olmağa çalışmalıdır.

Bunun necə baş verəcəyini yaxın aylarda və ya uzağı, ilin birinci yarısında görəcəyik. Şübhəsiz ki, rəsmi Moskva  Vaşinqtonun Qarabağ taktikasından xəbərsiz deyil. Bu mənada prosesə Moskvanın nə dərəcədə əngəl olması və ya təşəbbüsü öz əlində saxlamaq istəməsindən çox şey asılı olacaq. Çünki Moskvada da artıq anlayırlar ki, Dağlıq Qarabağ konflikti, atəşkəs sonsuza kimi uzana bilməz. O, ya böyük sülhlə bitməlidir, ya da böyük müharibə ilə.         

*****

“Önəmli olan Ermənistanın yeni hakimiyyətinin mövqeyinin münaqişəyə baxışının dəyişməsidir. Bu olarsa, əlbəttə, Qarabağ probleminin həlli yaxınlaşa bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Qarabağla bağlı “ehtiyatlı nikbinlik” fikrini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rus səfir yeni heç nə deməyib: “Hər ilin sonunda hansısa həmsədr, diplomat nikbin ifadələr səsləndirir. İndi də Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Müəyyən nikbin ifadələr səslənir. Boçarnikov da bu ifadə ilə gələn il münaqişənin həllində ümidverici nələrinsə baş verə biləcəyinə işarə vurub”.

Politoloq Əhəd Məmmədli isə bildirib ki, Rusiya Dağlıq Qarabağətrafı 5 rayonun Azərbaycana qaytarılmasını istəyir:“Bundan sonra Rusiya öz ordusunu sülhməramlı qüvvə kimi Qarabağa yerləşdirmək və referendum yolu ilə Dağlıq Qarabağın müqəddəratını həll etmək niyyətindədir. Bu yaxınlarda Lukaşenko da bu haqda demişdi. Ermənistan tərəfi bundan imtina edir. Rusiyanın bu istəyi Azərbaycanın milli maraqlarına uyğun deyil. ”Ehtiyatlı nikbinlik" deyəndə rus səfir bunu nəzərdə tutur. Rəsmi Bakı buna razı olmayacaq. 180 ildən sonra rus ordusunu torpaqlarımızdan ona görə çıxartmamışıq ki, bir daha onları bura dəvət edək".

Məsələ də ondadır ki, Azərbaycan heç vaxt problemin həllində “torpaq əvəzinə torpaq” prinsipinə razı olmayacaq. Münaqişə yalnız “torpaq əvəzinə sülh” formulu üzrə həllini tapa bilər. Beynəlxalq hüquq da bunu tələb edir.

Siyasət şöbəsi

Tarix: 26-12-2018, 08:49
Xəbəri paylaş





Xəbər lenti