BMT-dəki Krım qərarına niyə qol qoymadıq - politoloqun şərhi


Elxan Şahinoğlu: “Biz Türkiyə kimi mövqe nümayiş etdirsəydik, Rusiya nə deyəcəkdi?”

BMT Baş Assambleyasının 73-cü sessiyasında Rusiya ilə bağlı qətnamə qəbul edilib. Baş Assambleya Rusiyanı öz silahlı qüvvələrini Krımdan çıxarmağa çağırıb. Azərbaycanın son bir həftədə iki dəfə Krımla bağlı səsvermədə iştirak etməməsi, Rusiya ilə yaxın münasibətlərinə baxmayaraq, qardaş Türkiyənin qətnamənin lehinə olması  geniş müzakirələr doğurub.

Ekspertlərin əksəriyyəti Rusiya faktorunu nəzərə alaraq Azərbaycanın bu gedişini doğru sayırlar. Amma bununla belə, ərazi bütövlüyünə təcavüz olunan bir ölkənin Ukraynanın onun taleyini yaşamasına baxmayaraq, qətnamənin qəbulu üçün səsvermədən yayınması bir çox suallara yol açıb. Rəsmi Bakının bu məsələdəki mövqeyində dəyişiklik etməsinin vacibliyi barədə fikirlər səslənməkdədir.

Türkiyənin birmənalı şəkildə qətnamədə Rusiyanın əleyhinə çıxış etməsinin dövlətlərarası münasibətlərə kölgə salıb-salmayacağı ilə bağlı dilə gətirilən fikirlər birmənalı deyil.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan qətnamə ilə bağlı birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməli idi: “Bu məsələ beynəlxalq aləmdə müzakirəyə çıxarılır və Ukraynadan dəstək istənilir. Bizim Ukraynadan istəyimiz odur ki, Azərbaycanla bağlı məsələdə həssaslıq nümayiş etdirsin. Elə olarmı ki, səhəri gün Dağlıq Qarabağla bağlı məsələ müzakirəyə çıxarılsın və Ukrayna bizim əleyhimizə səs versin, yaxud da neytral qalsın. Belə olarsa, bu bizim maraqlarımıza toxunar, mənfi qiymətləndirilərdi. Ukraynanı ən çox narahat edən odur ki, Krım məsələsi müzakirəyə çıxarılanda Azərbaycan tərəfi ya neytral qalır, ya da zalı tərk edir. Amma hər halda, Ermənistan kimi əleyhinə səs vermirik. Belə olsaydı, çox böyük yanlışlıq olardı. Ukrayna Azərbaycanın regional durumunu yaxşı anlayır. Düşünürəm ki, belə məsələlərdə Rusiya faktoru bizə təsir etməməlidir. Milli maraqlarımıza uyğun hərəkət edib, səsvermədə iştirak etməliyik.

Burada ikili standartlara yol verilməməlidir. Türkiyəyə diqqət edək. Rusiya ilə çox yaxın münasibətləri var. Amma Krım məsələsində prinsipial mövqeyini daim ortaya qoyur. Rusiya da buna etiraz edə bilməz. Biz Türkiyə kimi mövqe nümayiş etdirsəydik, Rusiya nə deyəcəkdi? Deyəcəkdi ki, niyə Krım məsələsində Ukraynaya dəstək verirsiniz? Krım məsələsinin Qarabağdan nə fərqi var? Yalançı bir referendum keçirilərək, bu ərazi Rusiyaya birləşdirilib, Abxaziya və Cənubi Osetiya da həmçinin. Bu baxımdan düşünürəm ki, bu siyasətimizi gərək ciddi korrektə edək. Türkiyə Rusiya ilə çox ciddi layihələri olmasına baxmayaraq, öz ciddi addımlarını atır. Düzdür, Türkiyə çox böyük dövlətdir. Əgər qardaş ölkə Azərbaycan kimi hərəkət etsə, o zaman hər kəsdə bir düşüncə yaranar ki, Türkiyə Rusiyadan çəkinir.

Rəsmi Ankara belə bir fikrin formalaşmasını istəmir. Türkiyə heç kimdən çəkinmir. Azərbaycan da elə bir imic formalaşdırmalı və heç kimdən çəkinmədiyini ortalığa qoymalıdır. Biz nə üçün bu məsələdə kimdənsə çəkinməliyik? Biz niyə deməməliyik ki, Rusiya Krımı ilhaq edib. Çox təəssüflər olsun ki, bizdə bu sözə qarşı bir allergiya var. Deyəndə ki Rusiya Krımı ilhaq, işğal edib, bəziləri bu məsələnin üstünə getməyə çalışırlar. Azərbaycan Krım məsələsində Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Biz bu cür mövqelər sərgiləyəndə Rusiya tərəfində belə bir fikir formalaşır ki, biz onlardan çəkinirik. Nəticədə Rusiya daha çox üstümüzə gəlir. Çox təəssüf edirəm ki, bizdə bəziləri Rusiyanın Krımı ilhaq etdiyini deməkdən belə çəkinirlər. Halbuki biz Ukraynadan onu istəyirik ki, Dağlıq Qarabağı Ermənistanın işğal etdiyini birmənalı şəkildə vurğulasın. Amma biz eyni sözləri Krım üçün deyə bilmiriksə, bu, ikili standartlara işarədir. Düşünürəm ki, Azərbaycan bundan sonra Krım məsələsindəki mövqelərinə ciddi dəyişikliklər etməlidir. Bu, dövlət olaraq bizim üçün çox vacibdir”.(“Yeni Müsavat”)


Tarix: 26-12-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti