“Tramp doktrinası” - ABŞ-ın dostları məyus, düşmənləri isə məmnun qaldı


Amerikanın xarici siyasətində gözlənilməz proseslər baş verir. Bu ölkənin Suriyadan çıxması, Əfqanıstandakı hərbi kontingentinin sayını kəskin azaltmağa hazırlaşması ortaya xeyli suallar çıxarır. Hər ölkə bu prosesə öz çıxarlarından yanaşır.

“Arab News” Səudiyyə Ərəbistanında xüsusi çəkiyə malik olan və kral sülaləsinə yaxınlığı ilə tanınan mətbuat orqanıdır. Amerikanın dəyişməkdə olan xarici siyasəti haqqında ərəblər nə düşünür? Bu suala qəzetin yazarı Osman əl-Şərif aşağıdakı kimi cavab verir.

ABŞ-ın indiyə qədər yeritdiyi siyasətdə müttəfiqlər xüsusi yer alırdı. İkinci dünya müharibəsindən sonra ABŞ-ın xarici siyasətində bəlli prinsiplər vardı. İlk növbədə Qərbi Avropadakı müttəfiqlərini qoruyurdu. Demokratik dəyərləri kommunist düşüncəsindən müdafiə edirdi. Ronald Reyqanın doktrinası Sovet İttifaqını müflis etməyə hesablanmışdı...

Amerika öz dostlarını müdafiə etmək üçün hər şeyə hazır görünürdü. Xüsusən SSRİ güclü olanda, kommunist təhlükəsi bir çox ölkələri təhdid edəndə Amerika sinəsini qabağa verirdi. O da sirr deyil ki, Amerika Yaxın Şərqdə xüsusi maraqlara sahibdir və həmişə bu regionda söz sahibi olub. İndi isə prezident Donald Tramp tamam fərqli siyasət yeridir.

Məqalə müəllifi əmindir ki, cənab Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bu işə məsul olan kimsə ilə söhbət etməyib, bu, onun təkbaşına çıxardığı qərardır. ABŞ-ın müdafiə naziri Cim Mettis və başqa məsul şəxslər məhz bu kimi dəyişikliklərə etiraz olaraq istefa verib. Konqresmenlər də Trampa etiraz etdi, ancaq prezident öz fikrindən dönmədi.

Müəllif hesab edir ki, cənab Tramp üçün geopolitik yanaşma önəmli deyil, o, hər şeyə maliyyə prizmasından boylanır. Yeni ortaya çıxmış “Tramp doktrinası” Amerikanın xarici siyasətində köklü dəyişikliklərə start verib. Trampa qədər isə demokrat və respublikaçı prezidentlərin hamısı bəlli xarici siyasət sərgiləmişdi. İndi isə Tramp yazır ki, Amerika Yaxın Şərqdə polis rolunu ifa etməli deyil. Bu isə regionda formalaşacaq abi-havaya mənfi təsir edəcək. Elə Amerikanın da Fars körfəzindəki ölkələrlə münasibətinə xələl gətirəcək.

Amerikanın Əfqanıstan və İraka hərbi müdaxiləsi trillion dollarlara başa gəldi. Ancaq hər iki ölkədə dövlət qurulmasında ciddi problemlər var. Əfqanıstanda isə Amerika ən uzunmüddətli savaş yaşadı. Bu qədər savaşdan sonra problemin siyasi həllinə nail olunmasının mümkünlüyü ehtimalı çox aşağı dəyərləndirilir.

Suriya ilə bağlı da ABŞ-ın uzunmüddətli strategiyası yoxdur. Amerikalılar deyirlər ki, ona görə Suriyaya girmişik ki, İŞİD-ə qalib gələk. Trampın optimist bəyanatına baxmayaraq İŞİD Amerika ordusu tərəfindən məhv edilmədi. Amerika ordusunun Suriyadan çıxması isə İŞİD-ə yeni nəfəs verə bilər. Tramp inanır ki, Türkiyə İŞİD-lə bağlı missiyanı özü də tamamlıya bilər, ancaq Türkiyənin Suriyadakı siyasəti çoxyönlüdür.

Trampın qərarı Amerikanın dostlarına və düşmənlərinə deyir ki, bu ölkəyə etibar etmək olmaz. Fransa prezidenti Emmanuel Makron bu məqamı tam açıqlığı ilə dilə gətirdi.

Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi olan İsrail isə hesab edir ki, Amerikanın gedişi İrana böyük bir hədiyyədir. Bundan sonra İsrail öz problemlərini özü həll etmək zorunda qalacaq.

Suriyada vuruşan kürdlər də ABŞ-ın gedişindən məmnun deyil. Onlar terrorçulara qarşı vuruşurdular və yeni Suriyadan müəyyən siyasi haqlar almağa ümid edirdilər. Amerikanın Suriyadan çıxması regionda Rusiyanın da əl-qolunu açacaq. İndi Rusiya Suriyada və ətrafında baş verəcək hadisələrə ciddi təsir imkanları əldə etdi.

Ərəb jurnalist hesab edir ki, Amerikanın Suriyadan çəkilməsi təkcə Yaxın Şərqlə əlaqəli məsələ deyil. Amerika təkcə burada müttəfiqlərini itirmədi. Amerika Cənubi Koreyadan Yaponiyaya qədər, Polşadan Baltikyanı dövlətlərə qədər, hamını məyus etdi.

Məqalənin sonunda deyilir ki, qloballaşan dünyada Amerikanın öz içinə çəkilməsi və “Tramp doktrinası”na sığınması mümkünsüz görünür. Ancaq bütün dünya Amerikanın yeritdiyi yeni xarici siyasətlə bağlı ortaya çıxacaq yeni nəticələrə hazır olmalıdır...

P.S. ABŞ-ın xarici borcu 22 trillion dollardan çoxdur. Şübhəsiz ki, Donald Tramp bu amili də nəzərə almaq zorundadır.

 Elbəyi Həsənli, musavat.com

http://www.arabnews.com/node/1425631

Tarix: 26-12-2018, 16:54
Xəbəri paylaş





Xəbər lenti