2019-cu il həlledici il olacaq – Politoloq



2019-cu ilin son dövrlərin bəlkə də ən təlatümlü ili olacağını ehtimal etmək çətin deyil. Regionumuzda və dünyada baş verən dinamik proseslər, hadisələrin sürətli inkişafı bunu deməyə əsas verir.

İlk gününü yaşadığımız yeni ildə regionumuzda baş verə biləcək proseslərdən gözləntilərini Teleqraf.com-la bölüşən politoloq Nəzakət Məmmədova belə deyib.

O qeyd edib ki, Cənubi Qafqaz bölgəsində yeni güc nisbəti yarana bilər:

“Bu ABŞ, Avropa Birliyi və Rusiya üçbucağının geosiyasi nüfuz savaşının gedişatından asılı olacaq. Yola saldığımız ildə ABŞ-a qarşı AB-Rusiya ittifaqının Gürcüstanda və Ermənistanda fəallaşdığını müşahidə etdik. 2019-cu ildə həmin qonşu ölkələrdə savaş pik həddə çata bilər. Regiondan çıxmaq istəməyən Rusiya ilə ona dəstək verən AB-nin ABŞ-a qarşı müqaviməti özünü bütün sahələrdə göstərəcək. İranın da cənubdan bu məsələdə Rusiya və AB-yə dəstəyi şübhəsizdir”.

N.Məmmədova qeyd edib ki, regionda qızğın mübarizə 2019-cu ilin həlledici il olması ilə bağlıdır:

“Ermənistanda post-parlament, Gürcüstan və Azərbaycanda isə pre-parlament seçkiləri dövrü məhz 2019-cu ildir. Gürcüstan və Azərbaycanda 2020-ci il parlament seçkiləri ilidir, təbii ki, növbədənkənar seçkilər də istisna edilmir. Bu baxımdan 2019-cu il iki respublikada seçkiyə hazırlıq və hətta seçki ili ola bilər ki, bu da siyasi sistemdə dəyişiklik, islahatlar və mübarizə ili kimi keçə bilər. Xüsusilə, Gürcüstanda parlament seçkilərinə hazırlıq və seçki dövrü kəskin qarşıdurma ilə müşayiət olunacaq. Prezident seçkilərinə bir o qədər də önəm verməyən və rəqib dövlətləri irəli buraxan ABŞ parlament seçkilərində özünə yaxın siyasi partiyaların qanunverici orqanda təmsil oluna bilməsi üçün bütün gücünü səfərbər edərək, Rusiya və AB-nin Gürcüstan siyasətindəki mövqelərini sarsıtmağa çalışacaq. Məhz bu seçkilər NATO-nun Qara dəniz akvatoriyasının bir hissəsi kimi Gürcüstanı üzv qəbul etmə siyasətinə həlledici təsir göstərən amil olacaq”.

Politoloq onu da bildirib ki, Azərbaycanda seçkilərin qonşu ölkələrə nisbətdə sakit keçəcəyini demək olar:

“Xarici güclərin daxili siyasətə müdaxiləsi Gürcüstan və Ermənistanla müqayisədə çox cüzi olduğundan seçkilərin kütləvi iğtişaşla müşayiət olunacağı inandırıcı deyil. Ermənistanda isə siyasi mübarizə 2019-cu ildə şiddətlənə bilər. Nikol Paşinyanın öz mövqeyini möhkəmlətməsi, Rusiyanın Ermənistandakı mövqeyi, Qarabağ münaqişəsinin taleyi bu ildə həlledici dövrə qədəm qoyacaq”.


Tarix: 1-01-2019, 21:23
Xəbəri paylaş





Xəbər lenti