Polkovnikdən general NAZİRLƏRƏ müraciət: -"Azərbaycan xalqından ÜZR istəməlisiniz..."

Polkovnikdən general NAZİRLƏRƏ müraciət: -




Əziz dostlar! Hörmətli həmkarlar!

Əvvala Yeni təqvim ilimiz olan 2019-cu ilin gəlişi münasibətiylə hər birinizi ürəkdən təbrik etmək istəyirəm. Qoy bu il Azərbaycanımıza bol-bol sevinc, uğur gətirsin. Ailələrimizə, doğma və əzizlərimizə firavan günlər arzulayıram. Elə yeri gəlib qoy deyim ki, bu gün Silahlı Qüvvələr sırasına gənc balalarımız həqiqi hərbi xidmətə yola düşürlər. Bir ay ərzində gənc balalarımız əsgəri, kişilik borcunu yerinə yetirmək üçün xidmət yerlərinə yola düşəcəklər. Eyni zamanda əsgəri borcunu əsl kişi kimi yerinə yetirən "dembeller" evlərinə qayıdacaqlar. Təbrik edirəm hər kəsi. Gözləri aydın olsun ana və bacıların, gözəl nişanlı, subay xanımlarımızı, qızlarımızı. 

Məni tanıyanlar bilirlər ki, tərifdən zəhləm gedir. Bir şey yazacağam, xahiş edirəm qeydlərimi yersiz, Yeni ilə uyğun olmayan narazılıq kimi qəbul etməyəsiniz. Bizim evimizi yıxan, bizi bir xalq və millət kimi, hətta deyərdim ki, dövlət kimi məhv edən məhz belə şeylərdir. Olmamalıdır belə şeylər, əzizlərim! 

Nələr gördüm, ilahi. 2-3 misal gətirəcəyəm, məncə bəs edər. 

Bir doğmamız öz balasına ailə qurması münasibətiylə Qurban kəsdirmək üçün yollanır Mirmovsüm Ağa ocağına. Orada artıq PULLU XİDMƏT göstərirlər, qardaşlar. Əvvəllər heç vaxt olmayan bir mənzərə. Qoyunları kəsən qəssablar insanlardan 5 (beş) manat kəsim haqqı alırlar artıq. Bəlkə də, bu hansısa "ağıllının" qərarıdır. Amma, dostlar, Hacılar və Hacıbaşlar! 

O ziyarətgahda MİLYONLARLA PULLAR "fırlanır". Hələ üstəlik dövlət də o Ziyarətgah da daxil olmaqla digər dini ocaqlara maliyyə yardımı ayırır. Nəzir qutuları, kəsilən qoyunların bahalı dəriləri, bağırsaq və kəllə-paça "biznesi". Sorusmaq istəyirəm: bəs bu 5 manatlıq dilənçilik nədən yaranıb? 

Gömrük komitəsinin təzə-köhnə sədri, general Səfər Mehdiyev yoldaş! Yanvarın 3-də işə başlayacağınız gün Siz və Daxili İşlər Naziri, artıq pensiya yaşına çatmış Ramil Usubov cənab-yoldaşları Azərbaycan xalqından, konkret Bakı əhlindən ÜZR istəməlisiniz. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecədə yaşanan o BİABIRÇILIQ, sanki Bakı erməni yaramazlarının BOMBA və artilleriya atəşinə tutulmuşdu. Bu nə RƏZALƏT və nə rüsvayçılıq idi? Budur sizin işiniz və fəaliyyətiniz? Siz əgər belə gömrük nəzarətini və asayışi qoruyursunuzsa, vay halımıza. Vallah kimlərsə öz nəfsinin qurbanı olub Azərbaycan sərhədlərindən gömrük nəzarəti vasitəsiylə MİLYONLAR qazanmaq üçün bu qədər partlayıcı maddələr keçirməyi bacarıblarsa, deməli sabah böyük pullar vasitəsiylə başqa alçaqlıqları da edə bilərlər. 

Dünən, qoyun-quzu satan bəzi vicdansız qəssablar da (Ukrayna dairəsi yaxınlığında) "ağıllarını" itirib ətin kilosunu 17-18 manata Bayram keçirmək istəyən insanlara sırımaqla məşğul idilər. Və bəzi harınlar da qiymətlərə baxmadan onların "mahnısına oynayırdılar". 

Ay mənim əziz Azərbaycan xalqım! Ay qardaş və bacılar! Sizə elə gəlmir ki, son vaxtlar, ölkədə bir növ elə bir vəziyyət yaradıblar ki, sanki bu gün AXIRINCI GÜNDÜR. Baha qiymətə nəyisə satmasalar, ya sırımasalar, sadəcə ölərlər. Ya da bunlar bir günə milyoner olmaq istəyirlər. 

Ən sonda. Bakının təzə icra başçısı, forslu oğlan Eldar Əzizova da görə utandım. Siz qonşularımız gürcülər qədər də ola bilmədiniz. Ən azından siz dövlətdən milyonlar qazanan sahibkarlara tövsiyyə edə bilərdiniz və etməyə də borclu idiniz ki, heç olmasa Yeni il münasibətiylə 1 gün, ya da yarım gün insanlara bayram ovqatı yaşatmağı düşünsünlər. Pulsuz avtobus təşkil olunsaydı, sahibkarların başına daş düşməzdi. Deməli, üzünüz kölgəli və diliniz gödəkdir bəzi məsələlərə görə qayda-qanun tanımayan marşrut sahiblərinin qarşısında. 

Əzizlərim, yazdığım qeydləri oxuyub məni söyən, bayram ovqatına heç də uyğun olmayan fikirlər yazdığıma görə qınayanlara da məsləhətim budur ki, bir az DƏRİNDƏN düşünün, nəyisə HAQSIZ yazmışamsa, söyüşləriniz və iradlarınız halal olsun. Yox əgər, yazdıqlarımla razısınızsa, onda paylasın ki, kor olan gözlər, kar olan qulaqlar eşitsinlər. Bu ölkə HAMIMIZINdır. Nə yaxşı-pis varsa hamısı bizimdir. 
Allah Azərbaycanımızı boş-boş danışıb, yalanla-saxtakarlıqla məşğul olan hər kəsdən hifz eləsin. Düşmənlərimiz bəllidir. Ən qorxulusu, ölkənin daxilində olan, nəfsinə dövləti, dövlətçiliyi qurban verməyə hazır olan yaramazlardır! Tanrı xalqımızı onlardan qorusun!!


 
Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 
Miq.Az

Tarix: 2-01-2019, 09:03
Xəbəri paylaş





Xəbər lenti