Güclü siyasi sistemlərin üniversal prinsipləri və realliqlar

 

Fəxrəddin Mehdiyev

Dünyanın siyasi xəritəsində iki yüzə yaxın dövlət var. Bu ölkələrin  az bir hissəsi- 27 ölkə inkişaf etmiş ölkələr hesab edilir.   Sosial-iqtisadi inkişaf səviyyəsinə görə  inkişaf etmiş ölkələr  iki qrupa –   yüksək və orta inkişaf etmiş ölkələrə  ayrılırlar. İnkişaf etmiş ölkələr  əhalinin yüksək həyat səviyyəsi, eləcə də   ümumi daxili məhsulun   yüksəkliyi ilə   fərqlənirlər.  “Böyük  yeddilər” adlanan  ABŞ, Yaponiya, Kanada, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya  da  dünya sənaye məhsulunun 50% -ni, kənd təssərüfat məhsulunun 25% -i istehsal edilir. Bütövlükdə inkişaf etmiş ölkələrdə dünya əhalisinin 15%-nin yaşanmasına baxmayaraq , dünya sənaye məhsulunun 60%-i ,   kənd təssərüfat məhsulunun 40%-ni istehsal edilir.   ABŞ, Yaponiya,  Almaniya , Fransa, İngiltərə  böyük elmi-texniki potensiala malik ölkələrdir,   inkişaf etmiş ölkələrdə  elmə sərf olunan vəsaitin 80%-dən çoxu bu beş  ölkənin payına düşür. Qeyd etmək lazımdır ki,  Kanada,  Avstraliya ittifaqı,  CAR, Yaponiya, Cənubi  Koreya  Respublikası  və qismən də ABŞ istisna olmaqla bu qrup ölkələrin heç biri sənayenin tələbatının öz təbii resursların hesabına təmin etmir.  İqtisadi, eləcədə hərbi potensialına, elmi-texniki inkişafda payına,   beynəlxalq aləmdəki nüfuzlarına görə  həmin ölkələr güclü dövlətlər hesab edilir. Siyasi, iqtisadi, insan hüquqlarının və azadlıqlarının təmini, demokratiyanın vəziyyəti və s. sahədə aparılan beynəlxalq  qiymətləndirmələrə görə  də  həmin ölkələr reytinqdə  öncüllər sırasındadır.    Bu mənada həmin dövlətləri güclü dövlət adlandırmaq düzgün olardı.   İnkişaf etmiş ölkələrin   sosial iqtisadi qurluşunu  və  ən mühümü siyasi sistemini təhlil etdikdə həmin ölkələrin   xüsusi ilə  siyasi sistemlərində    böyük oxşarlıqlar   aşkar olunur, siyasi sistemin güclü və dinamik olması ilə fərqlənirlər.   Siyasi sistemin gücü ilə dövlətin   gücü  arasında    əlaqə mövcuddur. Müqayisəli təhlillər göstərir ki, həmin  ölkələrin   dövlət qurluşu İngiltərə parlamentarizmin   və ya ABŞ Prezidentli  Respublika idarəçiliyinin    modifaksiyalarıdır.

Siyasi sistemin güclü olmasını şərtləndirən əsas amil sistemin   cəmiyyətin inkişaf qanunlarına  əsaslanmasıdır.    Hakimiyyətlər vaxtaşırı siyasi partiyaların mübarizəsi ilə  keçirilən, əsasən proporsional  seçki yolu ilə formalaşır,  nəticədə sistem-siyasi elitanı  dinamik və sivil formada   dəyişir,  vaxtaşırı yeni-yeni  siyasi qüvvələri siyasi səhnəyə gətirir .

Bu qrup ölkələrdə  seçicilər liderə deyil, partiya və partiyaların seçki proqramlarına səs verirlər.  Seçkilərdə qalib gələn partıyalar komanda formasında hakimiyyətə gəlirlər   və seçki proqramlarının  yerinə yetirlməsində   komanda məhsuliyyəti daşıyırlar. Seçkilərdə uduzan partiya  proqram və komandaları ilə siyasi rəqabət şəraitində növbəti seçkilərə qədər müxalifətdə qalırlar.

Beləliklə, bu sistemdə liderizm  xəstəliyinə, siyasi fetişizmə yer qalmır.   Bununla əlaqədar olaraq həmin ölkələrin siyasi tarixində maraqlı və ibratamiz hadisələr az deyil. İkinci dünya müharibəsi ərəfəsində İngiltərənin o vaxtkı hakimiyyəti faşist Almaniyasına münasibətdə təslimçilik siyasəti aparırdı.   Aparılan təslimçilik siyasəti faşist Almaniyasını gücləndirdi və şirnikləndirdi, qısa müddətdə faşist Almaniyası Avropanın əsas ölkələrini işğal etdi və İngiltərəyə qarşı  böyük hücumlara  başladı. Ölkə üçün son dərəcə ağır vəziyyətdə təslimçilik siyasitini sərt tənqid edən çox populyar siyasətçi Uinston Çerçil Baş nazir seçilir. U.Çerçil ölkəni səfərbər edir,  Almaniyaya qarşı SSRİ  ilə ittifaqa daxil olur, faşist Almaniyasına qarşı beynəlxalq koalisasiyanı yaradılmasında bilavasitə  iştirak edir. İngiltərə ikinci dünya müharibəsindən  qalib  çıxır. Və sözsüs ki , U. Çerçil  Baş nazir kimi İngiltərənin  müharibədə qalibiyyətində    müstəsna  rol oynayır. Lakin 1945-ci ildə müharibənin  zəfər  çağında   keçirilən parlament seçkisində  U.Çerçilin      xalq arasında böyük nüfuz sahibinə olmasına baxmayaraq seçicilər  müxalifətə- Leybaristlər partiyasına səs verirlər, partiyanın lideri Ettli Baş Nazir seçilir və  Uinston Çerçil Baş Nazir kimi  hakimiyyətdən gedir.

Başqa bir misal.   Məlumdur ki,  ABŞ da  Franklin Ruzveltin  dörd  dəfə dalbadal  prezident seçilməsi    nadir hadisə idi.   F.Rüzveltin prezidentliyi dövründə   1929-33-cü illərdə    ABŞ    böyük depressiyanın  aradan qaldırır , daha da güclənir,  İkinci dünya müharibəsindən   qalib çıxır, 1944-cü ildə ABŞ pulu – dollar beynəlxalq valyuta əməliyyatlarında  dünya  puluna çevrilir  və s. ABŞ elmi-iqtisadi, hərbi potensialına görə  dünyanın nəhəng güc mərkəzinə çevrilir.  Bütün bunlar F.Ruzveltin prezidentliyi dövründə baş verir.   Və prezident kimi  ABŞ  tarixindəki   nailiyyətlərdə F.Ruzveltin misilsiz xidmətləri danılmazdır.   Lakin ABŞ-da  böyük uğurlardan da belə bir nəticə çıxarılır  ki,  xidmətlərindən asılı olmayaraq  prezidentin  dalbadal iki  dəfədən artıq  seçilməsi yol verilməzdir və bu barədə konstitutsiyada dəyişiklik edilir.

Görünür ki, tamamilə haqlı olaraq  İngiltərə parlamentarizmi və ABŞ Respublika Prezident idarəçilik   institutu yalnız cəmiyyətin inkişaf qanunlarını əsas götürür, bu qanunda tələb edir ki, zaman dəyişdikcə   siyasi elita  dəyişməlidir, siyasi rəqabət şəraitində  yeni-yeni qüvvələr hakimiyyətdə  təmsil olunmalıdır.

Bu idarəçilik sistemlərində volyuntarizmə  də yer yoxdur.  ABŞ Konstitutsiyasında hakimiyyət bölgüsünün dəqiq  tənzimlənməsi qərarların qəbul edilməsində subyektivliyi  və volyuntalizmi  istisna edir.  Prezident idarəçiliyinin  ABŞ modeli dedikdə, qanunverici, icraedici, məhkəmə hakimiyyəti arasındakı  düzgün, optimal təsir – əks təsirin  proporsionalığını nəzərdə tuturuq. Bu model güclü Prezident, güclü Parlament, müstəqil məhkəmə hakimiyyətinə əsaslanır. Nəhəng dövlətin icra hakimiyyətinin başçısı- Prezident Konstitutsiya çərçivəsində böyük səlahiyyətlərə malikdir, lakin Prezidentin  Konstitutsiya və qanunlara  uyğun olmayan istənilən qərarını  məhkəmə dərhal qüvvədən salır.  Bu barədə çoxlu nümunələr mövcuddur.  Bu yaxınlarda  ABŞ   Prezidenti  Trampın  mətbuat  konfransında jurnalistlərdən birinin davranışı  Prezidentin narazılığına səbəb olur və onun akkretadiyası ləğv olunur.   Jurnalist bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və qısa müddətdə məhkəmə qərarı qüvvədən salır və jurnalistin akkretadiyasını bərpa edir.

Bizim   İngiltərə parlamentariz  üstünlüklərinə istinad etməyimiz səbəbsiz deyil.  İngiltərə parlamentarizmin  əsasları  1215-ci ildə  “Azadlıqların  Böyük Xartiyası”  möhtəşəm  sənədi ilə başlamışdır.  Həmin  tarixi sənədin müstəsna əhəmiyyəti ondan ibarət oldu ki,  bununla   məhkəmə hakimiyyətinin , təqsirsizlik prezumpsiyası   prinsipinin əsasları qoyuldu.  1832-1867-ci illərdə İngiltərə Parlamentarzmi əsasən formalaşır.    Parlament- İcmalar Palatası yarasız nazirləri hakimiyyətdən  kənarlaşdırmaq səlahiyyətlərini alır,  iki partiyalı sistem yaranır, seçkilərdə qalib gələn partiya  hakimiyyətə gəlir,  höküməti  foramalaşdırır. Seçkilərdə uduzan partiya müxalifətə keçir.  Mənə elə gəlir ki,  İngiltərənin böyük   inkişaf yolu   “Azadlıqların Böyük Xartiyası”ndan başlamışdır və  Parlamentarizm idarəçiliyi  İngiltərəni inkişaf səviyyəsinə görə bütün dövrlərdə dünyada söz sahibi edir. Bu əsrdə  də İngiltərə dünyanın siyasi, elm, tədris, texniki tərəqqi, maliyyə mərkəzidir.

Buradan təbii bir sual yaranır, nə üçün bir çox ölkələr  tarixin  sınağından çıxmış, bu gün  də  öz qüdrətini saxlayan məlum  idarəçilik sistemindən istifadə etmirlər? Sualın  cavabı  aydındı, nümunə gətirdiyimiz  idarəçilik sistemləri  həmin ölkələrdəki siyasi elitaların  şəxsi maraqlarına  cavab vermir.   Ona görə də Konstitutsiyalarında  Prezidentli idarəçiliyi  bəyan etsələr də,  bu idarəçiliyin  imitasiyasını yaradırlar.  Misal üçün, SSRİ  dağıldığdan sonra  Pribaltika ölkələri, Ukrayna   dərhal  güclü siyasi  sistemlərə  transfer  etməyə başladılar.  Digər  Respublikalarda, o cümlədən bizdə   keçmiş nomenklaturanın mütəşəkkil səyləri ilə  Prezidentli Respublikaının imtasiyasını etdilər.  Yəni, əslində  Super prezidentli  idarəçilik sistemlərini  yaratdılar- güclü prezident,    icra hakimiyyətindən aslı olan   zəif parlament,  icra hakimiyyətindən aslı olan qeyri – müstəqil  məhkəmə hakimiyyəti. Bu idarəçilik sisteminin   özünü  doğrultmağı mümkün olmadığından bir çox ölkələr Qırğızıstan, Moldava, Gürcüstan, Ermənistan  artıq bu sistemdən imtina etmişlər,  digərlərin də imtina etməsi zaman məsələsidir. Çünki  hər kəsə aydındır ki,  belə sistem  ölkə üçün  böyük maddi və mənəvi  itkilərdir, cəmiyyətin inkişaf qanunlarına uyğun olmadığından gələcəyi yoxdur.

Bu gün ölkələrin iqtisadiyyatının rəqabət qabiliyyətliliyi  qloballaşma dövründə həyati əhəmiyyətli məsələdir. Hər bir ölkə  beynəlxalq əmək bölgüsündə öz yerini  tutmağa səy göstərir. Lakin nəzərə almaq lazımdır ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyi idarəçilik sisteminin  rəqabət qabiliyyətliliyindən aslıdır. Qeyd edildiyi  kimi   dünyada artıq belə sistemlər mövcuddur, bunu kəşf etməyə ehtiyac da yoxdur.  Cənubi Koreya Respublikası, Sinqapur kimi təbii resurslardan məhrum olan ölkələrin siyasi sistemləri  özlərini qısa müddətdə inkişaf etmiş ölkələrin cərgəsinə qovuşdurdu və sıçrayışlı  inkişaf tempinə görə həmin ölkələrə   Asiya pələngləri adını qazandırdı.

Siyasi sistemlərin rəqabət qabiliyyətliyinin    aktuallığı dünyada   getdikcə  kəskinləşəcək. Alimlərin fikrincə, dünya dördüncü sivlizasiya dövrünə  başlayır- (post industrual – informasiya cəmiyyəti)  və bu cəmiyyətlərdə əhalinin 90%-i  intellektual  sahədə, 10%-i maddi istehsalda, 1%-ikənd təsərüfatında işləməli olacaq.  Yəni insan potensialından istifadənin miqyası   görünməmiş dərəcədə  artacaqdır.  Bu isə öz növbəsində güclü siyasi sistemə (parlament idarəçiliyi ,  proporsional seçki sitemləri və s.)   keçməyi   zəruriləşdirir.

Və nəhayət,  bizim parlamentli respublikanın  və prezidentli  idarəçiliyin ABŞ modelinin nümunə kimi  göstərdiylərimiz    onları   idellaşdırmaq cəhdi kimi  qiymətləndirlməməlidir.  Çünki   maddi dünyada heç bir varlığın, prosesin  ideal sərhədləri yoxdu. Lakin eyni zamanda   inkişaf etmiş ölkələrin   təcrübəsi göstərir ki , həmin ölkələrin    siyasi sistemi, idarəçiliyi   problemlərə vaxtında  adekvat , çevik rekasiya verir və böhranlardan   daha da  güclü çıxırvə ən əsası    cəmiyyətdə   yaradıcı enerjinin generatoru kimi çıxış edir.

P.S. Məqalə ölkələrin inkişaf səbəbləri haqqında  gəlinən nəticədir və tənqidi fikirlərə əvvəlcədən hörmətimi bildirirəm.

Tarix: 4-01-2019, 09:44
Xəbəri paylaş





Xəbər lenti