Siyasi qüvvələr üçün SINAQ İLİ


Siyasi qüvvələr üçün SINAQ İLİ 

Yola saldığımız 2018-ci il Azərbaycanda da  bir çox hadisələrlə yadda qaldı. Aprel ayında ölkənin taleyində mühüm siyasi kampaniya- növbədənkənar prezident seçkiləri keçirildi. İlin sonuna yaxın isə siyasi sferada müəyyən canlanma hiss edildi. Maraqlıdır, ölkədə fəaliyyət göstərən  siyasi qüvvələr 2019-cu ildən nə gözləyir, fəaliyyətlərini hansı istiqamətdə qurmağı planlaşdırırlar?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təmsil etdiyi qurum siyasi aktivliyi qorumağa çalışacaq: 

“Açığı, müxalifətin son “zirvə toplantısı” fiaskosundan sonra ənənəvi müxalifətdən heç nə gözləmirəm. Amma ümidimizi yenə də itirməyək. Biz hər zaman müxalifətin birləşməsinin, birgə fəaliyyətin tərəfdarı olmuşuq, bu istiqamətdə hər zaman addımlar atmışıq. AXCP olaraq bu il də əlimizdə olan bütün imkanlardan istifadə edərək siyasi aktivliyi qoruyub saxlamağa çalışacağıq. AXCP həmişə vətəndaşın yanında olacaq, ölkənin sosial-iqtisadi-siyasi problemlərini ictimailəşdirməyə, aidiyyəti ünvana çatdırmağa, mövcud problemlərdən çıxış yolları göstərməyə, hökumətə müvafiq təkliflər verməyə davam edəcək. Təşkilatlanma işini gücləndirəcəyik. Qarşıdan gələn bələdiyyə  seçkilərinə də ciddi hazılaşırıq. Bir sözlə, fəaliyyətimiz daha da yüksələn istiqamətdə davam edəcək. Hədəfimiz isə həmişəki kimi demokratik, güclü, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycandır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə 2019-cu ildən gözləntilərinin olmadığını deyib: 

“2018-ci ildə dünya siyasətində çox ciddi, qlobal böhran yaşandı. Demək olar ki, münaqişələr öz inkişafının zirvəsinə çatdı. İndi həmin münaqişələrin tənzimlənməsi prosesi gedir. Dünya iqtisadiyyatında proseslər baş verdi. İngiltərə Avropa Birliyindən çıxmaqla qurumu kifayət qədər zəiflətdi. ABŞ Rusiya, İran və Türkiyəni iqtisadi blokadaya almaqla bu sferada ciddi dəyişikliklərə səbəb oldu. Bütün bunlar hamısı Azərbaycana da çox ciddi şəkildə təsir etdi. Azərbaycan iqtidarı öz siyasətində heç bir dəyişiklik etmədiyi üçün durğunluq, iqtisadi çətinliklər, ölkədə iqtisadi-siyasi problemlər davam edir. 2019-cu ildə də qlobal böhranın həllinə başlanılarsa, nəyəsə ümid etmək olar. Bütün hallarda çalışırıq ki, ölkədə vəziyyət düzəlsin. 2019-cu ildən elə də böyük gözləntilərim yoxdur. Bu il də müxalifətin geniş bir çevrəsində demokratiya və Qarabağ uğrunda mübarizəni təşkil etmək üçün işlər aparılır. Biz də fəaliyyətimizi daha çox bu istiqamətdə aparacağıq”.

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə qurultaya hazırlaşdıqlarını, işlərini bu istiqamətdə qurduqlarını deyib: 

“2018-ci il çox çətin oldu. Sosial problemlər, işsizlik artdı. 2019-cu ildə  qurultayımız olacaq. Hazırda rayonlar üzrə təşkilatlanma işləri sürətlə davam edir. Gənclərin partiyaya cəlb olunmasında problem yaşamırıq. Son zamanlar partiyamıza üz tutan çox sayda gənclər, xanımlar var. Yəni, əsas işimiz təşkilatlanma ilə bağlıdır. Müxalifət yeni hərəkat elan edəcək. Biz də o birlikdə iştirak edirik. Ümid edirik ki, Azərbaycan naminə yaxşı işlər görəcəyik. Çünki müxalifət olaraq üzərimizdə vəzifəmiz var, bu il bu işlərin öhdəsindən layiqincə gələcəyimizə çox inanırıq. Təbii ki, proseslərdən də çox şey asılı olacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 2019-cu ili Qarabağ üçün uğurlu sayıb. Ə.Əliyev həmçinin, seçkilərə də hazırlaşdıqlarını qeyd edib: 

“2019-cu il Qarabağ məsələsində Azərbaycan xalqı üçün uğurlu il olacaq. İlk növbədə millət olaraq Qarabağı müdafiə etməyi bacarmalıyıq. Çünki beynəlxalq ictimai rəy xeyrimizə deyil. Qarabağ ətrafında yaranmış situasiya maraqlarımıza cavab vermir. Partiya kimi də fəaliyyətimizi Qarabağ məsələsinə kökləmişik. 2019-cu il həm də müxalifətin təmərküzləşmə ilidir. Müxalifət bir araya gəlməli, gücünü toparlamalıdır. Əsasən, bu işləri 2019-cu il üçün mümkün görürük”.

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədr müavini Natiq Cəfərli isə deyib ki,  əsas hədəf bələdiyyə və parlament seçkiləridir: 

“2018-ci ildə bizim üçün yaddaqalan iki hadisə oldu: apreldə keçirilən növbədənkənar prezident seçkiləri və sədrimiz İlqar Məmmədovun azadlığa çıxması. İkinci bizim üçün çox xoş xəbər oldu. Ona görə də 2018-ci ili bizim üçün uğurlu il kimi qeyd etmək mümkündür. 2019-cu ildə isə artıq ötən ildən verdiyimiz qərarların icrası ilə məşğul olacağıq. İmzatoplama kampaniyamız var, ötən ilin dekabr ayında 40 min imza ilə 3 qanunvericilik təşəbbüsü ilə çıxış etmişdik. Bu ilin əvvəlində bu təşəbbüsü yekunlaşdırıb parlamentə təqdim edəcəyik ki, müzakirə olunsun. Bu, həm də ölkədə mədəni siyasi diskussiyanın formalaşması üçün atılan addımdır. Ən böyük hədəflərimizdən biri isə seçkilərə hazırlıqdır. 2019-cu ilin dekabr ayında bələdiyyə seçkiləri olacaq, gənclərimizi bu seçkilərdə sınamağı düşünürk. Bu, həm təcrübə qazandıracaq, həm də onların maraqları var. Bir çox rayonlarda bələdiyyələr üçün namizədlərimiz olacaq”. 

Ağ Partiyanın sədri Tural Abbaslı isə 2019-cu ilin də ötən ildən fərqli olmayacağını düşünür: 

“Vəziyyət əslində sistemdən asılıdır. Təqvimin dəyişməsi nəyisə həll etmir. Hesab edirəm ki, 2019-cu ildə də siyasi qüvvələrin fəaliyyəti ötənildəkindən fərqlənməyəcək. Təbii ki, partiya olaraq üzərimizə düşən işləri görəcəyik. Xalqı aktivləşdirə, mübarizəyə qoşa bilsək, istənilən gün yeniliklər ola bilər. Odur ki, siyasi prosesləri tarixlər, günlərlə əlaqələndirmirəm. Ümid edirəm ki, bu il siyasi sferada, iqtisadi inkişafda mütərəqqi işlər görüləcək. Bu ümidlərin doğrulması üçün isə fəaliyyət  lazımdır. Hər şeyi taleyin, illərin, günlərin ümidinə buraxmaq düzgün deyil. Bu il bir bələdiyyə seçkiləri, siyasi səhnədə dəyişikliklərin olması, xalqın siyasi səhnəyə qayıtması da gözlənilir. Əslində, 2019-cu ildə bir sıra siyasi hadisələrin olacağına ümid edirəm və bunun üçün ciddi şəkildə çalışacağıq”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 5-01-2019, 16:30
Xəbəri paylaş





Xəbər lenti