"Suriyanın ərazi bütövlüyü qalacaq, idarəetmə forması dəyişə bilər" - POLİTOLOQ


"Suriyanın ərazi bütövlüyü qalacaq, idarəetmə forması dəyişə bilər" - POLİTOLOQ






Nəzakət Məmmədova: "Əsəd Türkiyəyə qarşı YPG ilə birləşmək istəyir, lakin o, Suriyada söz sahibi deyil"

"Reytinqinin yüksəlməsi üçün Münbiç və Fəratın şərqində keçiriləcək əməliyyatlar Ərdoğan üçün mühüm əhəmiyyət kəsb edir"

Bildiyiniz kimi, ötən ilin dekabr ayının 29-da Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiә naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Suriyadakı prosesləri qiymәtlәndirmək məqsədiylə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Rusiya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu generalı Valeri Gerasimov vә Vladimir Putinin Suriya mәsәlәlәri üzrә xüsusi nümayәndәsi Aleksandr Lavrentyevlә görüşüb. Bununla bağlı verilən rəsmi bilgilərdə qeyd olunub ki, görüş zamanı İdlib mәsәlәsi ilә yanaşı, ABŞ qoşunlarının Suriyadan çıxması vә Fәrat çayının şәrqindәki son vәziyyәt müzakirә olunub. Toplantıdan sonra mətbuata açıqlama verən Mövlud Çavuşoğlu Suriya, o cümlədən regional mәsәlәlәrdә Rusiya vә İranla әmәkdaşlıq etmәyә davam edәcәklәrini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbәsindә, Suriyanı terrorçulardan koordinasiyalı şәkildә tәmizlәmәk mәsәlәsindә razılığın əldə olunduğunu bəyan edib.

Rusiya Bəşər Əsədə Münbiçə girməməyi tapşırıb

Onu da nəzərinizə çatdıraq ki, haber7.com-un müəllifi Mehmet Acet sözügedən görüşdə müzakirə olunan məsələlərin detallarını qələmə alarkən, Türkiyə nümayəndə heyətinin Donald Trampın Suriyadan çəkilmə qərarından sonra Rusiyanın nəbzini ölçmə niyyətiylə Moskvaya səfər etdiyini vurğulayıb. Beləliklə, Moskvada aparılan danışıqlardan çıxan nəticələrin yenicə bəlli olmağa başladığını deyən müəllif iddia edir ki, Türkiyə heyəti aparılan müzakirələrdən özlərinin də gözləmədiyi dərəcədə yaxşı nəticələr alaraq geri qayıdıb: "Müzakirələr aparılarkən Münbiç məsələsi gündəmə gələndə Türkiyə nümayəndə heyətinin bu şəhərlə bağlı narahatlıqlarını dinləyən rusların dərhal telefonla Əsəd rejiminin rəsmilərinə zəng etdiyi və "Münbiçə girməyin" dedikləri dilə gətirilir. Bundan daha önəmlisi isə Türkiyənin əsas hədəf sahəsinə girən Fəratın şərqi ilə bağlı Rusiya tərəfinin nümayiş etdirdiyi yanaşma tərzidir". Mehmet Acetin bildirdiyinə görə, Rusiya Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxmayacaq: "Ankaranın əvvəldən bəri təhlükəsizlik qayğılarına haqq verən Rusiya rəsmiləri Türkiyənin bu regiona yönəlik mümkün bir əməliyyatına qarşı çıxmayacaqlarını Türkiyə heyətinin nəzərinə çatdırıblar. Rusiya rəsmiləri həmçinin, hərəkat zamanı Suriya hava məkanının bağlanmayacağı haqda da Ankaraya təminat verib. Türkiyə müxalif Azad Suriya Ordusu birliklərini də hərəkətə keçirərək sərhəd bölgəsinə ciddi bir hərbi güc toplayır. Bunun nə mənaya gəldiyini həm ABŞ, həm də Rusiya tərəfinin düzgün şəkildə təhlil etdiyi, Türkiyənin hərbi əməliyyat mövzusunda qərarlı olduğunu dəqiq bir şəkildə fərq edildiyi bildirilir". Müəllif qeyd edib ki, Rusiyada aparılan danışıqlarda Fəratın şərqindəki PKK/YPG terror təşkilatı ilə bağlı mövqelər də masada ətraflı bir şəkildə qiymətləndirilib: "YPG-nin ləğvi məsələsində ruslardan bir etiraz gəlməyib. Əksinə, ruslar təhlükəsizlik qayğıları üzündən Türkiyəyə haqq verdiklərini dedilər. YPG-dən sonra isə iki tərəfin fərqli yanaşmaları var. Ruslar bu bölgənin bütövlükdə rejimə təhvil verilməsini təklif edərkən, Türkiyə oradakı demoqrafik struktura uyğun olacaq şəkildə təhlükə yaratmayacaq yerli ünsürlərin idarə etməsindən yanadır".

"ABŞ ordusunun Suriyadan çıxarılması Moskvanın tərəflər arasında seçiminə səbəb olacaq"

Bu arada, ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor sözügedən mövzu ilə bağlı "Foks Nyus" televiziyasına müsahibəsində bildirib ki, ABŞ ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq. Belə ki, Rusiyanın uzun müddət İran, Türkiyə və Suriyadakı müttəfiqləri arasında münasibətləri bərpa etməyə çalışdığını deyən Duqlas Makqreqorun fikrincə, ABŞ ordusunun Suriyadan çıxarılması Moskvanın tərəflər arasında seçiminə səbəb olacaq: "Biz mümkün olduğu qədər tez bir zamanda Şimali Suriyadan getməliyik. Ona görə ki, burada kürd terrorçularına hücum etməyə hazır olan onminlərlə türk əsgəri var. Biz Suriya hökumətini buraya daxil olmağa məcbur etdik, özümüz isə gedirik. Putin seçim etməli olacaq. Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılar və İrana təsirini itirəcək".

Əsəd rejiminin əsgərlərinin Arimah bölgəsinə daxil olması Türkiyənin hazırlaşdığı Münbiç əməliyyatını əngəlləmək məqsədi daşıyır

Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün öncə "Reuters" agentliyinə açıqlama verən terror təşkilatı PKK/YPG Münbiçdən çəkildiyini bildirərək bölgəni Əsəd rejiminə buraxdıqlarını bəyan edib. YPG-dən verilən açıqlamada "Güclərimizin çəkildiyi yerlərdə nəzarəti saxlamaq üçün Suriya hökumətini dəvət etdik. Suriya hökumətini, silahlı qüvvələrini Münbiçə göndərməyə və bu mövqeləri qorumağa dəvət edirik" deyilir. Məhz bundan sonra Suriya hərbi birlikləri Münbiçin qərb hissəsindəki Arimah bölgəsinə daxil olub. Belə ki, bununla bağlı verilən məlumatlarda deyilir ki, Əsəd rejiminin əsgərlərini Münbiçin qərb sərhədlərində kürd separatçıları qarşılayıb və qısa müddətli dialoqdan sonra onları Arimah qəsəbə mərkəzinə buraxıblar. Nəzərinizə çatdıraq ki, Arimah qəsəbəsi Münbiçlə "Fərat qalxanı" əməliyyatlarının aparıldığı ərazilərin tam sərhəddində yerləşir. Məhz bu səbəbdən də siyasi təhlilçilər Əsəd rejiminin əsgərlərinin Arimah bölgəsinə daxil olmasının təsadüfi olmadığını, Türkiyənin hazırlaşdığı Münbiç əməliyyatını əngəlləmək məqsədi daşıdığını bəyan edirlər.

"Bu gün Suriya 3 ölkənin - Türkiyə, Rusiya və İranın nəzarətindədir"

"Putin PaÅinyana öz ÅÉrtlÉrini diqtÉ edÉcÉk" - NÆZAKÆT MÆMMÆDOVA

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova qeyd etdi ki, Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiә naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının rusiyalı həmkarları ilə dekabrın 29-da baş tutan görüşü xüsusi önəm kəsb edir. Həmin görüş zamanı Suriya ilə əlaqədar diplomatik, hərbi və kəşfiyyat məsələlərinin müzakirə olunduğunu vurğulayan politoloqun sözlərinə görə, ABŞ bölgədən çıxdıqdan sonra onun yerini Türkiyənin alacağı gözlənilən idi: "Çünki ABŞ Suriyadan məhz Türkiyənin tələbiylə çıxıb. Əslində, Suriyada Amerikanın elə də böyük qüvvələri yox idi. Cəmi 2 min nəfərlik xüsusi təyinatlılar var idi. Lakin onlar YPG-ni təlimatlandırır, onları silahla təmin edir, fəaliyyətlərini Pentaqonla koordinasiya edir, bir sözlə, bütün prosesləri idarə edirdi. Bildiyiniz kimi, artıq onlar yeni il öncəsi Suriyanı tərk edib. Odur ki, bu gün Suriya 3 xarici ölkənin - Türkiyə, Rusiya və İranın nəzarətindədir. İran daha çox Livanla sərhəddə üstün mövqelərə malikdir. Çünki "Hizbullah"la əlaqəsini itirmək istəmir. Suriyanın şimalında Türkiyənin, Aralıq dənizinin sahillərində və böyük şəhərlərdə isə Rusiyanın mövqeləri güclüdür".

"Artıq Amerika Suriyadan çıxıb və bu səbəbdən də Türkiyənin qarşısında bir maneə qalmır"

Beləliklə, əldə olunmuş razılaşmaya əsasən Türkiyə, Rusiya və İranın Suriyanı 3 yerə böldüklərini deyən Nəzakət Məmmədovanın fikrincə, Bəşər Əsəd artıq elə də ciddi söz sahibi deyil: "Yəni Əsəd Rusiya və İran ona nə göstəriş verirsə onu həyata keçirir. Türkiyə isə öz növbəsində, "Zeytun budağı" (Zeytin dalı-red.) əməliyyatları ilə Suriyanın şimalındakı mövqelərini daha da gücləndirdi. Növbəti mərhələdə isə Münbiç və Fəratın şərqində güclənməyi planlaşdırır. İndiyədək buna mane olan əsas səbəb ABŞ-ın Fəratın şəqrində YPG ilə bir yerdə olması idi. Artıq Amerika Suriyadan çıxıb və bu səbəbdən də Türkiyənin qarşısında bir maneə qalmır. Təbii ki, ABŞ-ın çıxmasından sonra həmin ərazidə bir boşluq meydana gələcək. Həmin boşluğu isə ya Əsəd qüvvələri, ya da Astana prosesinin iştirakçısı olan Rusiya, Türkiyə və İrandan biri doldurmalıdır. Yəqin ki, onlar artıq bu yeri Türkiyəyə verəcək, onun həmin ərazilərdə əməliyyat keçirməsinə imkan yaradacaqlar. Əslində, bu əməliyyat çoxdan olmalı idi. Səhv etmirəmsə, Ərdoğan 6 həftə ərzində bunu etməyi söz vermişdi, lakin bir qədər gecikir. İnanmıram ki, Bəşər Əsəd bu məsələdə Türkiyəyə mane olmaq iqtidarında olsun. Düzdür, Əsəd Türkiyəyə qarşı YPG ilə birləşmək istəyir. Lakin bir qədər əvvəl də qeyd etdiyim kimi, o, Suriyada söz sahibi deyil. Çox güman ki, Türkiyənin nümayəndə heyətinin dekabrın 29-da rusiyalı həmkarları ilə baş tutan görüşdə bu məsələyə dair ciddi müzakirələr aparılıb. Hazırda Ərdoğanla Putinin görüş məsələsi də gündəmdədir".

"ABŞ Yaxın Şərqin xəritəsini dəyişməyə məhz Suriyanın parçalanması ilə başlamaq istəyirdi"

İran və Rusiyanın Afrində olduğu kimi, Münbiç və Fəratın şərqində də Türkiyəyə əməliyyat aparması üçün imkan yaradacaqlarını bildirən politoloq hesab edir ki, sözügedən əməliyyatlar qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan üçün mühüm əhəmiyyət kəsb edir: "Çünki bu il Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bildiyimiz kimi, Türkiyədə bələdiyyə seçkilərinə çox önəm verirlər. Bu baxımdan, reytinqinin yüksəlməsi üçün Münbiç və Fəratın şərqində keçiriləcək əməliyyatlar Ərdoğan üçün lazımlıdır. Bu səbədən də inanmıram ki, Moskva buna mane olsun və ya Əsəd hər hansı bir formada müqavimət göstərsin. Ümumiyyətlə, bu gün mövqeləri xeyli zəif olan Əsəd Rusiyanın razılığı olmadan heç bir addım ata bilməz. Bundan başqa, ABŞ-ın çıxmasından sonra həmin bölgədə onun yerini Türkiyənin tutması Kreml üçün daha sərfəlidir".

Türkiyə, Rusiya və İranın Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını vurğulayan Nəzakət Məmmədova bildirdi ki, onların əksinə olaraq ABŞ Yaxın Şərqin xəritəsini dəyişməyə məhz Suriyanın parçalanması ilə başlamaq istəyirdi: "Xatırlayırsınızsa, referendum vaxtı Bərzaniyə dedilər ki, səbrli ol. Çünki ABŞ kürd dövlətinin yaradılmasını Suriyadan başlayıb İraqa keçirmək istəyirdi. Amerika bu prosesi İraqdan başlamaq istəmirdi. Bərzani isə bunları dinləməyib referendum keçirdi, nəticəsi də məlum oldu. Beləliklə, Suriyanın gələcəyi ilə bağlı bu qənaətdəyəm ki, ölkənin ərazi bütövlüyü qalacaq, lakin siyasi sistem, idarəetmə forması dəyişə bilər. Məsələn, Suriya gələcəkdə federativ dövlət ola bilər. Hər bir halda ölkənin parçalanmasından söhbət gedə bilməz. Çünki buna Astana prosesində iştirak edən dövlətlər imkan verməz".

Vazeh BƏHRAMOĞLU

Tarix: 5-01-2019, 16:57
Xəbəri paylaş





Xəbər lenti