Azərbaycan müxalifəti seçki, yoxsa inqilab istəyir-rəylər


Tural Abbaslı: “İstənilən dəyişikliyin inqilabi yolla deyil, islahatlar yolu ilə olmasının tərəfdarıyam”; Natiq Cəfərli: “Legitim platformalar da ancaq seçki yolu ilə formalaşa bilər”

Son zamanlar ölkə xaricində və daxilində fəaliyyət göstərən bəzi müxalif qüvvələrin ritorikasında inqilab çağırışları yer tutmağa başlayıb. Bu da bəzi müzakirələrə yol açıb.

Müzakirələrin əsasını isə Azərbaycan müxalifətinin ölkədə “seçki, yoxsa inqilab yolu ilə dəyişikliklər” istədiyi yönündə suallar təşkil edir. 

AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür şərh verdi: “Bəli, son zamanlar istər daxildəki narazı elektoratın, istərsə də, xaricdə mühacir həyatı yaşayan vətəndaşlarımızın leksikonunda inqilab şüarlarının sayı hiss olunacaq dərəcədə artıb. Təəssüflə qeyd etməliyik ki, hakimiyyət illərdir müxalifət partiyalarını sıradan çıxarmaqla məşğuldur və bu istiqamətdə xeyli irəliləyiş əldə edib. Yəni bu gün demək olar ki, xalqın haqlı etirazlarını sivil mübarizə istiqamətinə yönəldəcək siyasi partiya və liderlər qalmayıb. Belə olan halda təbii ki, inqilab şüarları səsləndirən qüvvələr özünə meydan tapır.  eşidiləcək və hətta belə bir prosesin olma ehtimalı da yüksələcək. Hələ Nəzərə alsaq ki, son zamanlar bəzi məmurların yarıtmazlığı sayəsində xalqın dolanışığı pisləşib, o zaman belə çağırışları səsləndirənlərin əlinə fürsət düşür.

AÄ Partiya sÉdri Tural Abbaslı ile ilgili görsel sonucu

Ancaq düşünmürəm ki, siyasətdən azacıq da olsa, məlumatı olan hər hansı bir siyasətçi inqilab arzulasın. Çünki inqilabların hansı istiqamətə inkişaf edə və özü ilə hansı bəlaları gətirə biləcəyini heç kim dəqiq hesablaya bilməz. Təəssüf ki, müasir dünyamızda demokratik inqilab adı ilə başlayıb, sonradan elə həmin dövlətlərin məhvi ilə bitən proseslər kifayət qədərdir. İstənilən dəyişikliyin inqilabı yolla deyil, islahatlar yolu ilə olmasının tərəfdarıyam. Bir daha qeyd edirəm ki, inqilablar idarə olunmaz hal alanda onun qarşısında kimsə dura bilmir və beləliklə hətta dövlət və dövlətçiliyik də böyük risklər altına düşür".

T.Abbaslı hesab edir ki, arzuolunmaz situasiyaları islahatlar yolu ilə önləmək mümkündür: “Biz AĞ Patiya olaraq hər hansı bir dəyişikliyin dialoq və siyasi islahatlar vasitəsi ilə həyata keçirilməsinin tərəfdarıyıq. Buradan da hazırkı iqtidarı xəbərdar etmək istəyirəm ki, müsbətə doğru heç bir islahat edilməyəcəksə, inqilabi situasiya da qaçılmaz ola bilər və bunun da məsuliyyəti iqtidarın üzərində qalar”.

REAL-ın icraçı katibi Natiq CÉfÉrli ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli ölkədə dəyişikliklərin seçki, təkamül yolu ilə olmasını doğru sayır: “İnqilablar heç də hər zaman ölkələri irəliyə doğru aparan faktora çevrilməyib. Bunun yüzlərlə, minlərlə örnəkləri var. Rusiyada baş verən bolşevik inqilabını hələ də bütün dünya bu günə qədər həzm edə bilməyib. Doğal, normal gedişindən Avropanı, hətta Avrasiya bölgəsini tamamilə reysdən çıxaran süni bir hərəkat oldu. Bu günə qədər də bunun nəticələri bütün dünyada mənfi nəticələrini göstərir. REAL-ın əsas hədəfi seçkilər yolu ilə qalib gəlməkdir. Hazırda əsas hədəfimiz parlament seçkiləridir. Çalışacağıq ki, bu seçkilərdə bütün dairələr üzrə namizədlərimiz olsun. Seçkilərdə bütün namizədlərimizin qalib gəlməsinə, parlamentin formalaşmasında REAL-ın üstünlük qazanmasına çalışacağıq. Seçki, təkamül yolu ilə ölkənin həm siyasi, həm də iqtisadi yolla dəyişməsinə çalışacağıq. Normalda siyasi partiyaların əsas işi bundan ibarət olmalıdır. Əslində inqilab çağırışları bəzən çarəsizlikdən doğur.

Amma Azərbaycan xalqına bu günə qədər normal bir proqram, işlək model, alternativlər təqdim etmədən xalqı hərəkətsiz olmaqda günahlandırmağın özü müxalifət üçün başqa bir problemdir. Çünki müxalifət inandırmağa çalışmalıdır ki, indiki sistem pisdirsə, nəyi pisdir, bundan sonrakı sistem yaxşı olacaqsa, nəyi yaxşı olacaq. Əgər buna xalq inansa, gəlib səsini verəcək, səslərini qoruyacaq və seçki yolu ilə, eləcə də, demokratik mexanizmlər vasitəsilə Azərbaycanda sistem dəyişikliyinə nail olacaq. Hətta əminəm ki, hökumətin içərisində belə sistem dəyişikliklərinin labüd olduğunu anlayan insanlar və qruplar da var. Çünki doğrudan da bölgəmiz, dünya dəyişirsə, Azərbaycanda problemlərin həlli üçün legitim platformalara ehtiyac var. Bu legitim platformalar da ancaq seçki yolu ilə formalaşa bilər. İnqilab vasitəsilə dəyişikliklər olanda heç də bu dəyişikliklərin önündə ağıllı, bilikli insanlar olmur. Çox zaman inqilablar populist, xaotik addımlarla ölkəni daha da geriyə apara biləcək insanların önə çıxmasına səbəb olur. Azərbaycanda da belə bir hal baş verərsə, ölkəmizi 20-30 ilə geriyə ata bilər. Bu nöqteyi-nəzərdən bizim çox açıq və net mövqeyimiz var. Seçkilərə hazırlaşırıq və seçkilər yolu ilə Azərbaycanda dəyişikliklərin daha doğru, düzgün və legitim olacağını düşünürük”.


Tarix: 7-01-2019, 08:09
Xəbəri paylaş





Xəbər lenti