"Azərbaycan Ermənistanla danışıqları birbaşa aparmalıdır" - Sülhəddin Əkbər




Partiya sədri: “Rusiya da Minsk Qrupunun olmasında maraqlıdır, Moskva ABŞ və Fransanın Bakıya təzyiq göstərməsini istəyir, düşünür ki, o halda Azərbaycan ondan asılı duruma düşəcək”
ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri təyin olunması münasibəti ilə Nikol Paşinyana təbrik məktubunda heç də xoşagələn ifadələr işlətməyib. Bayden yazıb ki, “Vaşinqton 2020-ci ildə Dağlıq Qarabağ konflikti üzündən təhlükəsizlik sferasında Ermənistana yaranan mürəkkəb təhdidləri başa düşür”. Təhdidləri ha...
Məktubda həmçinin deyilir: “Birləşmiş Ştatlar tərəflərə ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli sülh nizamlanması üzrə danışıqlarda kömək etməyə sadiqdir. Ermənistanı və Azərbaycanı ən qısa zamanda substantiv danışıqlara başlamağa çağırırıq”.
Paralel olaraq, Minsk Qrupu ilə bağlı bənzər fikir qurumun digər üzvü, həmsədr olmayan Almaniyanın kansleri Angela Merkelin Paşinyana ünvanladığı təbrikdə görmək olar.
Rəsmi Bakının isə “substantiv danışıqlara” həvəsi yoxdur və olmayacaq da. Ona görə ki, Azərbaycan “Dağlıq Qarabağ konflikti”ni artıq özü həll edib, BMT qətnamələrini ordu icra edib, hansısa dövlətin vasitəçiliyinə lüzum qalmayıb. İş-işdən keçəndən, Azərbaycan problemi təkbaşına, hərbi yolla çözəndən sonra hansı “substantiv danışıqlar”dan söhbət gedə bilər ki?
Bu qədər absurd mövqenin “Ağ Ev” rəhbərindən və Merkeldən sərgilənməsi tərəfkeşlikdən başqa bir iş deyil. Daha doğrusu, Bakı İrəvanla substantiv danışıqlara hazırdır, lakin bu, yalnız Böyük Sülh Sazişinin imzalanması ətrafında ola bilər! Əgər Qərb də bəyan elədiyi kimi, regionda daimi sülh və əməkdaşlıqda səmimi şəkildə maraqlıdırsa, onda İrəvanı buna çağırmalı, ondan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tanımağı tələb eləməlidir.

“Rusiyanın erməniləri Qarabağda saxlamaq cəhdləri ona baha başa gələcək”.

Yəni biz dayanıqlı sülhdən danışırıq. Bunu isə təəssüf ki, görmürük. ABŞ və Fransanın hələ də Minsk Qrupunun qulpundan yapışması isə regionda iştirakını təmin etməyə hesablandığını göstərir. Müharibədə proseslərdən kənarda qalan Qərb indi Rusiya və Türkiyənin bölgədə varlığını həzm edə bilmədikləri üçün Minsk Qrupunun vasitəsi ilə Cənubi Qafqaza qayıtmaq istəyirlər. Heç də inandırıcı deyil ki, onları “Ermənistanın yaraları” maraqlandırır.
Bəs Qərb liderlərinin dəridən-qabıqdan çıxması nəticə verəcəkmi? Minsk Qrupunu yenidən reabilitasiya edə biləcəklərmi? Ümumiyyətlə, az qala hər gün ermənilər atəşkəsi pozur, Kəlbəcər, Naxçıvan istiqamətinə atəş açırlar. Bu, İrəvanı arxayın edən Qərbdəki dəstəkçilərin hadisələri tətikləməsinə oxşayır. Avropa Birliyindən 2.6 milyard yardım alacağı vədinə görə Ermənistan tamamilə oyundankənar hərəkətlər edir, üçtərəfli bəyanata zidd addımlar atır - baxmayaraq ki, Paşinyan dildə sülhün alternativi olmadığını bəyan edir, amma Azərbaycanı da ittiham edir, guya qeyri-konstruktiv mövqedən çıxış edən bizik. Belə olan halda 10 noyabrdan sonra regionda fərqli situasiya yaranır, Minsk Qrupunun xortlaması üçün süni nəfəs verməyə çalışırlar.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ və Qərbin Minsk Qrupu ilə bağlı mövqeyi gözlənilməz deyil. “Mən həmişə çıxışlarımda demişəm ki, Rusiyanın təşəbbüsü təkbaşına ələ alması həmsədr ölkələri və kollektiv Qərbi qane etməyəcək. Ona görə çalışacaqlar ki, Minsk Qrupu vasitəsi ilə danışıqlara qayıdılsın. Bunun üçün Azərbaycana təzyiq yollar axtarırlar. Nəzər alın ki, söhbət dünyanın super gücü olan ABŞ və Avropa Birliyinin iki aparıcı gücünün birindən gedir, üstəlik, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər. Rusiya da Minsk Qrupunun olmasında maraqlıdır. Çünki Moskva Amerika və Fransanın Bakıya təzyiq göstərməsini istəyir. Kreml hesab edir ki, bununla daha avantajlı mövqeyə çıxır və Azərbaycan ondan asılı mövqeyə düşəcək”, - deyə S.Əkbər vurğuladı. 
Partiya sədrinin fikrincə, əslində Rusiya Minsk Qrupunun birbaşa bərpasında maraqlı deyil, o halda əvvəlki formata qayıdılacaq: “Ancaq rəsmi şəkildə buna qarşı da çıxa bilmir. Digər tərəfdən, Azərbaycanın Rusiyaya daha da ehtiyacının artmasını gözəyir. ABŞ və Avropa Birliyi çalışacaq ki, sülh müqaviləsi alınmasın. Rusiya da bunda maraqlı deyil. Faktiki olaraq, üçtərəfli razılaşmanın digər bəndlərini yerinə yetirmək istəmirlər və proses donub. Əgər sülh müqaviləsi bağlansa, o deməkdir ki, Ermənistan Azərbaycanın sərhədlərini tanıyacaq, dolayısı ilə Qarabağ məsələsindən imtina etməli olacaq, ikincisi, İrəvanın Ankara və Bakı ilə münasibətləri normallaşacaq, o halda Rusiyanın əhəmiyyəti azalacaq”.
S.Əkbərin sözlərinə görə, Qarabağda qalan erməni əsilli vətəndaşlarımız perspektiv görmədiyi üçün getmək yolları axtarır: “Rusiyanın onları Qarabağda saxlamaq cəhdləri ona baha başa gələcək. Hazırda 35 min erməni qaldığı deyilir, bəlkə bu rəqəm də şişirdilib. Bir anlıq təsəvvür edək ki, iki ölkə arasında əlaqələrdə normallaşma prosesi gedir, Qarabağ mövzusu Ermənistan üçün arxa plana keçir və ermənilər perspektiv görməyib Azərbaycanı çoxu tərk edir, uzağı az sayda erməni qala bilər. Bu zaman Rusiya sülhməramlıları burada kimin arasında sülh yaradacaq ki?! Deməli, onlara ehtiyac olmayacaq. Ona görə Azərbaycan Ermənistanla danışıqları birbaşa aparmalıdır, Qarabağdakı erməni əsilli vətəndaşlarımızla da birbaşa dialoq aparmalıdır”.
Tarix: 7-08-2021, 14:13
Xəbəri paylaş





Xəbər lenti