"Ermənistan Almaniya deyil, amma biz də nə SSRİ, nə də Böyük Britaniya deyilik..." Siyasət


KTMT baş katibi Stanislav Zas İrəvanda rəsmi səfərdə oldu və ölkənin siyasi-hərbi rəhbərləri ilə görüşlər keçirdi. Mətbuatda bu görüşlər haqqında informasiyalar xəsisliklə verildi və təbii ki, detallar barədə məlumatlardan xəbərsizik. Amma yenə də... 
 Görüşlərin biri Ermənistanın müdafiə naziri Arşak Karapetyanla olub. Görüş barəsində verilən informasiyada Karapetyanın bir fikri diqqətimi çəkdi. Karapetyan KTMT Baş katibinə deyib ki, “erməni tərəfin səbri hədsiz deyil. Azərbaycan qoşunları Geqarkunikin Yuxarı Şorca və Kut kəndlərindən və Qara göldən çıxmasa, o zaman erməni tərəf güc tətbiq etmək haqqını özündə saxlayır”.  Hələ həftəsi tamam olmamış yeni nazir bizi hədələyib və guya indiyədək səbr etsələr də, bundan sonra etməyəcəklərini bəyan edib. Bu, təzə nazirin ilk hədəsi deyil, bir neçə gün əvvəl də əmr vermişdi ki, “Azərbaycan hərbçisi qaydanı pozan kimi məhv edin”. İşə bax ee.., Allah bizə gör nə qədər səbr veribmiş, 32 il bunların işğalına səbrlə dözmüşük, amma karapetyanlar mayın 12-dən bəri sərhəddə baş verən insidentlərə (hələ məlum deyil ki, biz sərhədi o tərəfə 100 metr keçmişik, ya yox) dözmür və güc tətbiq edəcəyi ilə hədələyir. 
 
Və ən başlıcası Ermənistan silahlı qüvvələri 10 mindən yuxarı bir tərkiblə hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır və 10 noyabr bəyanatının tələblərindən biri qoşunların çıxarılması olsa da.., heç vecinə də deyil. Hətta, bu gün etibarlı mənbələrin verdiyi xəbərə görə Ermənistandan Qarabağa xeyli sayda hərbi texnika, canlı qüvvə keçib və monitorinq mərkəzi də buna razılıq verib. Bu onu sübut edir ki, adını “Qarabağ müdafiə ordusu” qoyub, bu qoşunların guya Ermənistana aid olmadığını təkrarlayan düşmənin hiyləsi keçərli deyil. 10 noyabr razılaşmasından əvvəl və sonra tutulan hərbçilərin də Ermənistan MN-ə aid olduqları açıq məsələdir. Bizim səbrimizin genişliyinə fikir verirsinizmi? 
 
Bəlkə bizim də səbrimiz sərhədsiz olmasın? Qarabağ məsələsi faktiki olaraq bir o qədər də gündəmdə deyil. Bunu müharibədən sonrakı 9 ay sübut etdi. Hiss olunur ki, nisbətən sərhədlərin müəyyənləşməsi daha çox gündəmə gəlmək ərəfəsindədir. Buna da tam əmin olmaq mümkün deyil. Qazax rayonunun işğalda qalan kəndlərinin qaytarılmasını erməni parlamenti elə həyasızlıqla qarşılayır ki, sanki bu yerləri işğal etməyiblər. Bütün Ermənistan sovet sərhədlərinin əleyhinə çıxışlar edir. Baş nazir Nikol Paşinyan da sovet xəritələri əsasında sərhəd delimitasiyasını ədalətsiz hesab edir. Ümumiyyətlə, Ermənistan məğlub olsa da sülh müqaviləsindən imtina edir, sərhədləri tanımır, Qarabağa status tələb edir və ora qoşun göndərir. Yəni, düşmən iddiasından əl çəkməyib, necə 1988-ci ildə “Miatsum” qışqırırdılarsa, indi də davam edirlər, üstəlik yeni müharibəyə açıq hazırlıq gedir. Yalnız bu günkü  mətbuatda erməni və Rusiya hərbi ekspertlərinin yayılan rəylərinə diqqət edin: “Uzunmüddətli ordu islahatları aparılmasının bünövrəsi qoyulur. Bura yalnız yeni növ silahların alınması deyil, həm də kadr hazırlığı, yeni idarəetmə sistemi aiddir”. “Ordu qarşısında hansı vəzifələr durur, ölkənin hərbi-siyasi rəhbərliyi nəyi hədəf götürür: revanş, sərhədlərin Rusiya ilə birgə qorunması” və sairə. 
 
Düşmən müharibədən keçən hər bir ayda dirçəliş mərhələsinə qədəm qoyur. Yalnız özünə inamla yox, havadar(lar)ının köməyi və dəstəyilə özlərində cürət tapırlar. Məğlub olmaq hələ iddiadan əl çəkmək deyil. Tarix bunu dəfələrlə sübut edib. Biz arxayın ola bilmərik. Almaniya Birinci Dünya müharibəsini biabırcasına uduzdu, amma on il keçəndən sonra dirçəlməyə və revanş götürməyə hazırlaşdı. Bu hazırlığı görən Böyük Britaniya səfirliyi hələ 1934-35 ci illərdə hər gün diplomatik poçtla öz ölkəsini xəbərdar edirdi ki, bu ölkə müharibəyə hazırlaşır və sürətlə inkişaf edir. İlk illər bu xəbərdarlıqlara diqqət ayırmayanlar acı nəticələrlə üzləşdilər. Müqayisə yanlış ola bilər. Ermənistan Almaniya deyil. Doğru, amma biz də nə SSRİ, nə də Böyük Britaniya deyilik. Düşmənin bizə qarşı yönəlik bütün planlarını darmadağın etmək üçün Qarabağa nəzarətimizin tezliklə reallaşmasını həll etməliyik. 
 
Bizim səbrimizin tərəzisinin gözü bu gün ağırdır, qalib dövlətik, düşməni məhv etmişik, amma hiss edirsinizmi ki, səbrimizin çəkisi getdikcə öz ağırlığını itirir, çünki düşmən səbr etmir, hərəkət edir. Hərəkətə keçmək lazımdır ki, tərəzimizin gözü həmişə ağır gəlsin.
 
İlham İsmayıl
Tarix: 11-08-2021, 14:49
Xəbəri paylaş





Xəbər lenti