Qarabağda “düyün nöqtəsi”: "Moskva və İrəvan öhdəliyini yerinə yetirmir”






Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı açıqlamada Ermənistan hərbi-siyasi hakimiyyətinə xəbərdarlıq edib. Bəyanatda deyilir: “Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır”.

 Rəsmi Bakının mövqeyi aydındır: biz sülh istəyirik, amma provokasiyalara qarşı da səssiz qalmayacağıq.

 “Sherg.az” olaraq BDU-nun müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Sultan Zahidovla son durumu müzakirə etdik:

- Müdafiə Nazirliyinin açıqlamasını necə qiymətləndirirsiniz?

- Məsələ ondan ibarətdir ki, üçtərəfli bəyanatın şərtlərinə əməl edilmir. Sənədə görə, sülhməramlılar Qarabağa girəndə erməni silahlıları çıxmalı idilər. Amma belə olmadı. Bu mənada bəyanat həm Ermənistana, həm də sənədin icrasına görə məsuliyyət daşıyan Rusiyaya ultimatumdur. Moskvanı məsuliyyətsiz davranışlarına görə qınamağa haqqımız var. Nəzərinizə çatdırım ki, üçtərəfli razılıqdan sonra Bakı ilə Moskva arasında müsbətyöndə danışıqlar oldu. Lakin bir çox məqamlardan, o cümlədən “İskəndər – M” raketi ilə bağlı həqiqət üzə çıxandan sonra yenidən “düyün nöqtələri” yarandı.

- Ermənistan hakimiyyətinin istədiyi nədir?

- KTMT baş katibi Stanislav Zasın İrəvana səfəri də göstərir ki, baş nazir sözügedən qurumu proseslərə cəlb etməyə çalışır. Bu isə bizim maraqlarımıza uyğun deyil.

- Bəs Rusiya nəyin uğrunda çalışır?

- Moskva öhdəliyini yerinə yetirmir. Bununla belə, bəyanatın bəzi müddəalarının yerinə yetirilməsi üçün İrəvana təzyiq göstərir. Çünki bu, öz maraqlarına uyğundur.  Paşinyanın kommunikasiya xətləri ilə bağlı açıqlaması və “Bizim kimsənin torpağında gözümüz yoxdur” bəyanatı Kremlin onu “əhliləşdirdiyini”nin təzahürüdür.

- Paşinyanın loyal açıqlamaları ilə sərhəddəki təxribatlar üst-üstə düşmür. Bu paradoks daxildəki durumla nə qədər əlaqəlidir?

- Ermənistanda xaos hökm sürür. Əhali Paşinyanı “xain” adlandırır. Ona görə də baş nazirin etirazları səngitmək naminə təxribatlar törətməsi istisna deyil. Amma imkanları məhduddur. Azərbaycan ordusunun qələbəsi və Rusiyanın üçtərəfli sazişə qol çəkməsi Ermənistanın davranışlarını çərçivəyə salır. Hazırda geosiyasi vəziyyət rəsmi Bakının xeyrinədir.

- Proseslərin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?

- Qarabağa ermənilərin yerləşməsi prosesi davam edərsə, bu, açıq-aydın üçtərəfli razılığın pozulması olacaq. Beləliklə, Rusiyanın ölkəmizdəki səfiri xarici işlər nazirliyinə çağırıla, hətta şimal qonşumuza nota verilə bilər.
Tarix: 12-08-2021, 23:04
Xəbəri paylaş





Xəbər lenti