“Azərbaycanda rus dilli məktəblərin sayı kəskin şəkildə azaldılmalıdır” - Tural Abbaslı


"Rusiyada 100-dən çox xalqın nümayəndələri yaşayır. Ölkədəki ümumi məktəb sayının 20 faizində o xalqlardan hansının dilində tədris aparılır? Ermənistanda belə bir rus dilli məktəb yoxdur. Buna rəğmən, Rusiya bütün məsələlərdə Ermənistanın yanındadır. Hesab edirəm ki, bu məsələlərdə "papa"dan çox biz katolik olmuşuq".
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
Partiya sədri bildirib ki, Azərbaycanda təxminən 800 məktəbdə rus dili tədris edilir: "Hesab edirəm ki, 10 milyonluq ölkə üçün heç bir xüsusi statusu olmayan rus dilinin tədrisi üçün bu qədər məktəbin olması həddindən artıq çoxdur. Bu, vaxtında ölkədə fəaliyyət göstərən və dövlətin dərin qatlarına işləmiş siyasi idarəçilikdə yeriyən "5-ci kalon"un fəaliyyətinin nəticəsidir. Təbii ki, rus dilinin tədrisi lazımdır. Ümumiyyətlə dil bilməyin, dil öyrənməyin əleyhinə deyilik. Lakin bu dilin təmsilçisi olan millətin mədəniyyəti ilə həmin dildə düşünən yeni nəsli yetişdirmək, təbii ki, istənilən müstəqil  dövlətin gələcəyi üçün təhlükəlidir. Hesab edirəm ki, nizamlanma işləri aparılmalıdır. Birincisi, rus dilli məktəblərin sayı minimuma endirilməli, ən yaxşı halda bu rəqəm 10-u keçməməlidir. Bu dilin heç bir ayrıcalığı yoxdur. Rusların digər milli azlıqlardan heç bir fərqi yoxdur. Hər milli azlığın dilində tədris aparan 800 məktəb açsaq, dövlət dili kənarda qalmış olacaq. Rus dilini digər əcnəbi dillər kimi orta məktəblərdə  tədris etmək olar. Bütün tədris proqramını rus dilinə uyğunlaşdırmaq qətiyyən yolverilməzdir. Bu, Azərbaycanı içindən işğal edən, inkişafının qarşısını alan "5-ci kalon"un işidir. Onlar kalona kadr və kontingent yetişdirməklə məşğuldurlar. Düşünürəm ki, təcili olaraq rus dilli məktəblərin sayı kəskin şəkildə azaldılmalı, prosesdə Rusiyanın mövqeyi nəzərə alınmamalıdır".
Tarix: 28-08-2021, 17:52
Xəbəri paylaş





Xəbər lenti