Aİ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsinə niyə qarışır? - politoloqun şərhi



Qabil Hüseynli: “Onlar işğala məruz qalmış ölkə ilə işğalçı arasında fərqi görə bilmirlər, görmək istəmirlər”

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinə kömək etməyə hazırdır. “Sputnik Armenia”nın məlumatına görə, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Ermənistan XİN başçısı Ararat Mirzoyana bu vəzifəyə təyin edilməsi məqsədilə göndərdiyi təbrik məktubunda deyilir.
Borrel öz məktubunda qeyd edib ki, Ermənistan Avropa İttifaqının mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, 2018-ci ildən etibarən İrəvan və Brüssel arasında münasibətlər xeyli fəallaşıb, 1 mart 2021-ci il tarixində Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişin qüvvəyə minməsi isə yeni müsbət mərhələ oldu.
“Bu sazişin həyata keçirilməsi bizim ikitərəfli münasibətlərimizdə əsas məqamdır və biz qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən demokratiyanın möhkəmləndirilməsinə, qanunun və insan hüquqlarının aliliyinə, iş yerlərinin açılmasına və biznes qurulmasına, ətraf mühitin, təhsilin vəziyyətinin və elmi araşdırmalar üçün imkanların yaxşılaşdırılmasına yönəlmiş məsələlərdə əməkdaşlığı davam etdirməyə hazırıq”, - deyə avropalı məmurun məktubunda bildirilir.
Onu da qeyd edək ki, Avropa Birliyi işğalçı dövlət Ermənistana 2.6 milyard avroluq yardım paketi də ayırıb. AB-nin sərhəd məsələsinə qarışması Azərbaycanın xeyrinədirmi? Bu sualı cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, Avropa Birliyinin bu canfəşanlığına təəccüb etməyə bilmirik: «Bu birliyin başqa dərdi yoxdur ki, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasında vasitəçi olmaq və ya yardımı göstərmək istəyir? 30 il ki, bu problem dondurulmuşdu və 30 il idi ki, Azərbaycan torpaqları işğal altında idi. O zaman Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi, amma konkret bizə heç bir kömək etmirdi. ATƏT-in Minsk Qrupu vasitəsilə yaradılan vasitəçilik missiyasını isə bu problemin həllinə Qərb dünyasının töfhəsi hesab edirlər.
Politoloqun sözlərinə görə, indi açıq demək lazımdır ki, Qərb ölkələrinin, xüsusilə də  Avropa Ittifaqının Ermənistanı dəstəkləməsi açıq surətdə özünü göstərir: “İstər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar, xüsusən UNESCO tərəfkeşlik edirlər. Məsələyə siyasi yanaşma nümayiş etdirirlər. O qədər də əhəmiyyəti olmayan məsələlərdən Ermənistanın xeyrinə nəticə  çıxarmaq cəhdlərini də aşkar görmək olur. UNESCO müharibə dövründə darmadağın olunmuş, yandırılmış, donuz və müxtəlif heyvanlar saxlanılan Azərbaycan məscidlərinə baxmaq istəmədi. Azərbaycan Prezidenti dəfələrlə onları buraya çağırdı. Amma indi müharibə bitəndən sonra onlar işğaldan azad edilmiş ərazilərdə xristian abidələrinin vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəlmək istəyirlər.
Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az
“Ermənistana ayrılan maliyyə yardımı əlbəttə ki, birbaşa silahlanmaya, orduya xərclənəcək”
Bundan əvvəl də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  sərhədlərin delimitasiya məsələsini həm Ermənistanda, həm də Azərbaycanda olarkən gündəmə gətirdi. İndi də bunu bir daha təkrarlayıblar, təəccüb etməyə bilmirsən. Axı sizin etdiyiniz əməllərdə siyasi çalar aydın görünür. Adi gözlə belə baxanda görürsən ki, Avropa Birliyinin yanaşmalarında Ermənistana tərəfkeşlik var. Müharibənin qalib tərəfi azərbaycanlılardır, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb. İndi Azərbaycan torpaqlarını azad edib. Bu prosesin müəyyən hissələri qalıb ki, o da uyğun zamanda həyata keçiriləcək. Avropa Birliyi ilk olaraq Azərbaycana müraciət etməlidir, sərhədlərin delimitasiyası məsələsini daha çox Azərbaycanla məsləhətləşməlidir. Azərbaycan qalib tərəfdir və  təklif edir ki, sərhədlər sovet dövründə olan xəritələrlə müəyyən edilsin. Ermənistan isə buna ciddi yanaşmır. Bunu Azərbaycanın xeyrinə olan bir fakt kimi qiymətləndirir. SSRİ yaradılarkən Azərbaycan 114 min kvadratkilometrlik ərazi ilə bu birliyə daxil oldu. Sonra o ərazi 86,6  min kvadratkilometrə qədər azaldı. Bəs 114 min kvadrat kilometrlik torpaqların qalan hissəsi hara getdi? Əlbəttə, ki, Ermənistana verildi. İndi biz onun Ermənistana birləşdirilməsini faktlarla sübut edə bilmirik. Çünki ruslar hər zaman ermənilərin yanında olublar və Azərbaycan torpaqlarını hissə-hissə kəsərək Ermənistana birləşdiriblər. Indi də Avropa Birliyinin işi-gücü qurtarıb və gəlib sərhədlərin delimitasiyasında iştirak etməyə çalışır".
Q.Hüseynlinin sözlərinə görə, Avropa İttifaqının məsələlərə yanaşmasından artıq ermənipərəst mövqedə dayandıqları görünür: “Avropa İttifaqı Ermənistana 2,6  milyard avro yardım ayırdı. Təcavüzkarı belə şirnikləndirmək olarmı? Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi və indi də bizdən nələrsə qopartmaq istəyir. Ona görəmi Ermənistan bu cür mükafatlandırılır. Ermənistan həmin torpaqlardan qovulduqda  orada xarabalıqlar, yandırılmış, daşı daş üstə qalmamış ərazilər buraxıb getdi. 1  milyondan çox insan 30 il öncə yurdundan- yuvasından qovulub və indi onların geri qayıtması üçün şərait yaratmaq lazımdı. Əslində bu maliyyə yardımı Azərbaycana ayrılmalıydı, Ermənistana ayrılan maliyyə yardımı əlbəttə, ki, birbaşa silahlanmaya, orduya xərclənəcək. Bir tərəfdən də Rusiya silahları verməkdə davam edir. Soruşmaq lazımdır ki, ay xristian dünyası, nə istəyirsiniz Azərbaycandan? Özlərinin guya  müəyyən dəyərlərin tərəfdarı olduqlarını deyirlər, amma bu yanaşmada hansısa dəyərlərdən əsər-əlamət yoxdur. Tərəfkeşlik məgər Avropa Birliyi üçün dəyərdimi? Axı təcavüzkarı müdafiə etmək, ona böyük məbləğdə, daha dəqiq desək, Ermənistanın bir neçə illik büdcəsi məbləğində yardım göstərmək demokratik dəyərlərin inkişaf etdirilməsinə yönəlib? Onlar işğala məruz qalmış ölkə ilə işğalçı arasında fərqi görə bilmirlər, görmək istəmirlər. Ona görə də hesab edirəm ki, bu xristian həmrəyliyinin üzərindən Azərbaycanı vurmaq istəyənlər yerlərində otursunlar və delimitasiya məsələsinə qarışmasınlar. Bu məsələni Azərbaycan özü Ermənistanla çalışıb həll edəcək”.“Yeni Müsavat”



Tarix: 31-08-2021, 09:20
Xəbəri paylaş





Xəbər lenti