30 avqust, yoxsa 18 oktyabr... - MÜZAKİRƏ


1991-ci il 30 avqust Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında Azərbaycan Ali Sovetinin Bəyannaməsinin qəbul olunduğu gündür. Bir neçə gün əvvəl bu tarixdən 30 il keçdi. Bu hadisə Azərbaycanın müstəqilliyinin əldə edilməsi uğrunda aparılan mübarizənin çox mühüm tarixi hadisəsidir. Dövlət müstəqilliyinin bərpası daha bir neçə mərhələdən keçib: 1991-ci il oktyabrın 18-də parlament Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı qəbul edib, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsi ilə təsdiqlənib.

Müstəqillik Bəyannaməsinin qəbulu xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində istiqlalçı deputatların apardığı fədakar mübarizə nəticəsində mümkün olub. Dövlət Müstəqilliyinin Bərpası haqqında 18 oktyabr 1991-ci ilin konstitusiya qanunu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 30 avqust bəyannaməsinə əsaslanır. Həmin tarixi bəyannamə 31 avqust 1991-ci ildə nəşr olunan rəsmi qəzetlərdə çap edilib. Bəyannamədə deyilir:

“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək;

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək;

Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının İqtisadi Müstəqilliyinin Əsasları Haqqında konstitusiya qanunlarına əsaslanaraq;

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək;

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və azadlıqlarına təminat verərək;

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq;

Azərbaycan Respublikasının təhlükəsizliyinin və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq;

Azərbaycan Respublikasının bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək;

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək.

SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək;

Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək;

Azərbaycan Pespublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və BMT tərəfindən tanınmasına ümid bəsləyərək;

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpa olunduğunu elan edir".

İstiqlalçı deputat, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əslində Azərbaycanın dövlət müstəqilliyinin bərpası məhz 30 avqustdan hesablanmalıdır: “Mən ictimai-siyasi müzakirəyə belə bir təklif verirəm ki, biz artıq bunu ciddi şəkildə müzakirə eləməliyik, bizim dövlət müstəqilliyimizin bərpası məhz 30 avqustdan hesablanmalıdır Bu, qətiyyən 18 oktyabrın əhəmiyyətini azaltmaq anlamında qəbul edilməməlidir. Onu da nəzərə almaq lazımdır ki, 30 avqust eyni zamanda qardaş Türkiyədə Zəfər bayramıdır. İki qardaş dövlətin bu iki qoşa bayramı bir yerdə qeyd eləməsi də simvolik olardı. Bütün dünyada müstəqilliyin bərpası məhz onun bəyan olunması ilə eyni tarixə düşür. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında Azərbaycan Ali Sovetinin Bəyannaməsi məhz 30 avqust 1991-ci ildə qəbul edilib. Bəzən bizi tənqid edirlər ki, Azərbaycan 18 oktyabrda Dövlət müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul eləyəndə artıq neçə respublika öz müstəqilliyini elan eləmişdi. Bəli, biz də elan eləmişdik, məhz 30 avqustda elan eləmişdik, QKÇP-dən bir gün sonra elan eləmişdik”.

S.Əkbər qeyd edib ki, Azərbaycan xalqı və demokratik istiqlalçı qüvvələr çox ağır mübarizə yolunu 1991-ci ilin 30 avqustuna qədər qət etmişdi. 1991-ci ilin 30 avqustundan bir neçə gün öncə SSRİ-də uğursuz QKÇP baş vermişdi. Artıq Rusiyada şərti olaraq demək mümkündürsə, demokratlar qalib gəlmişdi. Demokratik dalğa bütün SSRİ məkanına, o cümlədən də Azərbaycana yayılmışdı. Azərbaycanda onsuz da 1990-cı ilin 20 yanvarından sonra böyük vüsət götürmüş milli azadlıq hərəkatına yeni impuls vermişdi: “Azərbaycan milli azadlıq hərəkatının parlamentdə təmsilçiləri olan bizlər də-Demokratik Azərbaycan Bloku da Azərbaycanın dövlət müstəqilliyinin bərpası yönündə ardıcıl düşünülmüş strategiyanın əsasında addımlar atırdıq. 30 avqustdan öncə biz Azərbaycanın İqtisadi müstəqilliyi haqqında müvafiq sənəd qəbul etmişdik və ardınca avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini qəbul etmişdik. 30 avqustda qəbul olunan Bəyannamənin qəbulu İqtisadi müstəqillik haqqında Sənəddən sonra ikinci addım idi. Üçüncü addım da təbii ki, Azərbaycanın 18 oktyabrda qəbul etdiyimiz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı idi. Bu aktı qəbul etməklə biz artıq dövlət müstəqilliyinə konstitusion əsas verdik. Amma siyasi baxımdan müstəqilliyin elanı 30 avqustda 1991-ci ildir. Məncə, Azərbaycan dövlət müstəqilliyinin bərpası gününü məhz 30 avqust qeyd etməlidir”.
Tarix: 2-09-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti