Rusiya Azərbaycana sülh üçün gəlməyib


İctimai fəal Bəxtiyar Hacıyev
Rusiyanın Qarabağdakı hərbi kontingentinin 2025-ə qədər iki uc ssenarisi var: Ən pis ssenari və ən yaxşı ssenari.
Ən yaxşı ssenari budur ki, doğrudan da Rusiya Azərbaycan və Ermənistan arasında sülh olmasını istəyir, doğrudan da 5 il müddətinə orada təmizlik, səliqə-səhman, sülh yaradacaq və Azərbaycan xahiş etdiyi anda missiyasını tamamlayacaq, gedəcək, Azərbaycan da erməni əsilli vətəndaşları da qatacaq yerdə qalanların içinə, ermənilər də ərazi iddialarından əl çəkəcəklər, sülh yaranacaq.
Ən pis ssenari isə budur ki, Rusiya bu münaqişəni yaradan, alovlandıran, öz maraqları üçün qızışdıran tərəf kimi Azərbaycan ordusunun ərazi bütövlüyümüzü təmin edəcəyini görüb, müdaxilə etdi, ordusunu “sülhməramlı” adı ilə ölkəmizə gətirdi, işğal etdi. İndi də Qarabağdakı ermənilərə humanitar yardımlar adı ilə orada nüfuzunu artırır, Ermənistana “biz olmasaq, Qarabağı tamam itirə bilərdiniz” deyirlər və Azərbaycandan hərhansı anda hərhansı bir məsələdə narazı olduqları anda “Dağlıq Qarabağ Respublikası” kimi tanıyıb, ya müstəqil qurum kimi dəstəkləyə, yaxud elə Jirinovskinin dediyi kimi Rusiya ərazisi kimi tanıya bilər.
Bu iki ən uc ssenarinin ortasında da müxtəlif ssenarilər ola bilər. Ancaq biz hər dəfə Rusiya rəsmilərinin, Rusiya rəsmi qurumlarının ən pis ssenari istiqamətində açıqlamalarını, bəyanatlarını, yazılarını görəndə həyəcan təbili çalırıq, Rusiyanın işğalçı dövlət olduğunu xatırladırıq.
Bəziləri isə öz qorxaqlıqlarına və yaltaqlıqlarına haqq qazandırmaq üçün bu həyəcan təbili çalanlara “qələbəmizə kölgə salırlar”, “şəxsi dava aparırlar”, “prezidentimizin uğurlarını gözləri götürmür” və s. kimi bəhanələrlə yalanları yayırlar.
Qarabağın bu gün işğaldan azad olunan hissələrinin azad olunmasında insanları yatmağa, komfort zonaya itələyənlərin yox, insanları komfort zonadan çıxaranların rolu var.
Kimin deməyindən, niyə deməsindən asılı olmayan bir həqiqət var: Rusiya Azərbaycan ərazisinə sülh gətirmək üçün gəlməyib.
Tarix: 4-09-2021, 00:07
Xəbəri paylaş





Xəbər lenti