Zatulin: “İstəyirsiz inanın, istəyirsiz inanmayıın, Rusiya bölgəyə uzun müddətə gəlib”

Zatulin: “İstəyirsiz inanın, istəyirsiz inanmayıın, Rusiya bölgəyə uzun müddətə gəlib”
Ermənilərin dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin bu gün separatçı rejimin İctimai televiziyasına müsahibə verib və sensassiya baş verməyib. Azərbaycana qarşı düşmən mövqeyini illərdir nümayiş etdirən Rusiya deputatı bu dəfə də öz ampluasına sadiq qalıb. O, Ermənistan rəhbərliyinə və Qarabağ ermənilərinə tezliklə özlərinə gəlməklərini arzuladıqlarını bildirib. O, bu istiqamətdə Rusiyanın müxtəlif addımlar atdığını, o cümlədən erməniləri silahlandırdıqlarını və buna görə Azərbaycan Prezidentinin narazı qaldığını vurğulayıb. Hətta, Gorus – Qafan yolunun bağlanması ilə bağlı problemi Rusiyanın həll etdiyini qeyd edib. 
 
Qarabağ ermənilərini ən çox narahat edən Rusiya sülhməramlılarının hansı müddətə Qarabağda olmasıdır. Jurnalistin bu məsələ ilə əlaqədar sualını cavablandıran Rusiya deputatı xüsusi canfəşanlıqla bölgəyə uzun müddətə gəldiklərini söyləyib. “İstəyirsiz inanın, istəyirsiz inanmayın, mən əminəm ki, Rusiya Federasiyası bölgəyə çox ciddi şəkildə və uzun müddətə gəlib. Və Rusiya Federasiyası Azərbaycana da, yəqin Türkiyəyə də izah etməyi bacarar ki, onun burada olmasını zəruri edən, müharibənin yenidən başlamamasıdır” - Zatulin deyib. 
 
Zatulinlər, Jirinovskilər, Markedonovlar Kremlin danışan dilləridir. Dörd il iki aydan sonra razılaşmaya görə “tərəflərdən biri etiraz edərsə” Rusiya bölgəni tərk edəcək. Ermənistan heç vaxt Rusiyaya qarşı etiraz edən tərəf olmayacaq və müddətin başa çatdığı ərəfədə sülhməramlıların daha beş il qalmasına səbəb ola biləcək müxtəlif təxribatlar törətməyə cəhdlər edəcək. İndidən nəzərə almağın faydası var. Qarabağ münaqişəsinin son akkordlarını vurmağın yeni mərhələ dövrü başlayır. Məntiqlə bu ilin sonu, 2022-ci ilin əvvəli Azərbaycanın Qarabağ siyasətində də yeni mərhələnin və gəlişmələrin olması artıq zərurətə çevrilir. 
 
Moderator.az

Tarix: 8-09-2021, 09:36
Xəbəri paylaş





Xəbər lenti