Günah İranın rəhbərliyindədir

Hüquq müdafiəçisi Anar Məmmədli
İki gündür ki, sosial mediada Xankəndinə yük daşıyan iranlı/təbrizli sürücülərin manqurt çıxarılması kampaniyası gedir. Buna deyərlər eşşəyə gücü çatmır, palanı döyür.
Əvvəla, Azərbaycanın de-yure ərazilərinə yük daşımaları İranın siyasi rəhbərliyinin üzərinə düşən məsuliyyətdir. İran dövləti bu kimi həssas məsələri tənzimləməli, iki ölkə arasında münasibətləri gərginləşdirən hallara rəvac verməməlidir. Yaxşı olar ki, ölkə rəsmiləri zəruri diplomatik tədbirləri həyata keçrib bu addımların qarşısını alsın.
İkincisi, bu sürücülərin öz marşurutları barədə qərarverici səlahiyyətə malik olduğunu iddia edə bilmərik. Onlar hansısa şirkətin işçiləridir və milli duyğularla hərəkət etsələr ən yaxşı halda iş yerlərini itirə bilərlər.
Üçüncüsü, vaxtaşırı İranda siyasi azadlıqların boğulmasından, fərqli fikirli insanların təqib edildiyindən bəhs edirik. Belə durumda təbrizli sürücüdən siyasi mövqe gözləmək yanlış yanaşmadır. Məsələn, siz təsvvür edirsizmi hansısa azərbaycanlı Sovet ordusunda xidmət edərkən Əfqanıstanda döyüşməkdən məhz müsəlman olduğu üçün imtina etsin?
Nəhayət, hər kəs özünə sual etsin – Azərbaycan Respublikasında İranda yaşayan azərbaycanlılar üçün nə qədər faydalı və cəlbedici işlər görülür? Miqrasiya üçün müraciət edənlər illərlə daimi yaşayış izni ala bilmir, təhsil üçün gələnlər heç bir maddi dəstək görmür, mədəni, ədəbi çevrələrə dəstək də yoxdur.
Nə vermişik ki, ala bilmirik?!
Tarix: 16-09-2021, 22:25
Xəbəri paylaş





Xəbər lenti