“Azərbaycanı anlayırıq, amma...” və ya: bəs, Gürcüstan?



“Zelenskinin cavabı göstərir ki, o, Azərbaycanın Qarabağla bağlı çətinliklərini yaxşı bilir”
Prezident Volodimir Zelenski Bakının Rusiya Federasiyası ilə qarşıdurmada Ukraynanı Kiyevin digər dövlətlərdən tələb etdiyi səviyyədə dəstəkləmək istəməməsini əsaslı sayır. “Evropeyskaya Pravda”nın müxbiri xəbər verir ki, o, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski deyib ki, Ukrayna Azərbaycandan dəstək alır, ancaq silahla deyil: “Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanı dəstəkləyir. Silahlanma baxımından Azərbaycanın Ukraynaya yardım göstərməsi çətindir. Bu, doğrudur və başa düşmək olar, çünki onların Dağlıq Qarabağı var”.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Bakının daha çox iştirakını istərdi, amma bunu tələb etmir: “Bu, neytrallıq tarazlığını anladığımız azsaylı ölkələrdən biridir, çünki onlarda da müharibə alovlana bilər. Amma biz daha çoxunu gözləyirik və uzun müddət onları başa düşmək bizim üçün çətin olacaq”.
Məlumdur ki, Azərbaycan heç də həmişə BMT-nin Ukraynaya lazım olan qətnamələrini dəstəkləmir, lakin, eyni zamanda Ukrayna ordusunu neft məhsulları ilə təmin edir.
Beləliklə, burada əsas sözlər "daha çoxunu gözləyirik və uzun müddət başa düşə bilməyəcəyik, çünki bu, bizim üçün çətin olacaq"dır. İşğalçıya qarşı qeyri-bərabər müharibə aparan ölkə Prezidentinin bu sözlərini necə qiymətləndirmək və səciyyələndirmək olar?
AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.
Ukraynalı politoloq, “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:

“Prezident Zelenskinin Azərbaycanla bağlı mövqeyi lazımi çevikliyin və diplomatiyanın təzahürüdür. Vəziyyət elədir ki, indi bütün ölkələrə eyni standartlarla yanaşmaq mümkün deyil. Hər bir ölkənin düşdüyü şərtləri, həm Ukrayna, həm də Rusiya ilə münasibətlərinin xarakterini nəzərə almaq lazımdır. Məsələn, bu, daha çox Türkiyəyə aiddir.
Amma Gürcüstana münasibətdə vəziyyət tamam başqadır. Özü də Rusiyanın təcavüzündən əziyyət çəkən, Ukrayna kimi Avropa İttifaqı və NATO-ya can atan bir ölkə Rusiyaya münasibətdə daha prinsipial ola bilərdi”.
Azərbaycanlı hüquqşünas, ictimai xadim, siyasi şərhçi Fuad Ağayev:

“Prezident Zelenskinin cavabı göstərir ki, o, Azərbaycanın Qarabağla bağlı mürəkkəbliklərini yaxşı bilir. Onun sözlərinə görə, hazırda Azərbaycana qarşı heç bir iddiası yoxdur və Bakının müxtəlif beynəlxalq təşkilatlarda davranışını, yəni Azərbaycanın bir qayda olaraq Ukrayna üçün vacib olan məsələlərlə bağlı səsvermədə iştirak etmədiyini anlayır. Zelenski bilir ki, Rusiya hər an sülhməramlı adlandırılan qüvvələrin nəzarətində olan zonada vəziyyəti gərginləşdirə bilər. Ya da Ermənistanla sərhəddə. Bu, rus dünyasının ruhundadır.
Onun uzun müddət belə bir mövqeyi anlaya bilməyəcəklərini ifadəsinə gəlincə, bu da başadüşüləndir. Ukraynaya indi həm maddi, həm hərbi-texniki, həm də mənəvi yardımdan heç bir zərər olmayacaq. Və bəlkə də, Zelenski Azərbaycandan hansısa, ən azı sırf simvolik addımlar gözləyir. Məsələn, hesab edirəm ki, bu addımlardan biri də Azərbaycan səfirliyinin Kiyev şəhərinə qaytarılması ola bilər. Çünki başqa cür aydın deyil – məsələn, Türkmənistan səfirliyini qaytardı, Tacikistan, Qazaxıstan Ukraynanın paytaxtına missiyalarını qaytardı, mən Avropa İttifaqı ölkələrindən, Türkiyədən danışmıram.
Və nədənsə hələ də Azərbaycandan söhbət getmir. Azərbaycan səfirinin qadın olması haqda danışmağa belə, ehtiyac yoxdur - və bu qadını qaytarmamaq da olar. Diplomatik missiyamızda diplomatik rütbədə növbəti şəxslər var ki, onlar hələlik onu əvəz edə bilərlər. Ən əsası, səfirliyin özü Kiyevdə fəaliyyətini davam etdirsin. İnanıram ki, belə bir hərəkət arzuolunan olardı.
Yəni, təbii ki, sırf maddi baxımdan bu, vəziyyətə təsir etməyəcək, amma diplomatik aspektdə və sırf mənəvi dəstək baxımından bu, Ukraynadakı hadisələrlə bağlı siyasətində Azərbaycana yaxşı xidmət edə bilər”.
Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Ukrayna Rusiyanın silahlı işğalına qarşı qəhrəmancasına mübarizə aparır, itki verir. Onun beynəlxalq ictimaiyyətə dəstək üçün müraciəti mənəvi cəhətdən əsaslandırılıb və hörmətlə qarşılanmalıdır. Prezident Zelenski Azərbaycanın humanitar yardım (15 milyon avro dəyərində 1000 tondan çox), yanacaq və sürtkü materiallarının tədarükü baxımından dəstəyini yüksək qiymətləndirib. Xatırladım ki, Azərbaycan hələ müharibədən əvvəl Ukraynaya 300 milyon dollar təcili kredit ayırmışdı.
Prezident Zelenski Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmadığını və ölkəmizin coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycanın hərbi yardım göstərə bilməməsinə də anlayışla yanaşıb. Əminəm ki, Azərbaycan Ukraynaya hər cür köməklik göstərir, onların arasında eləsi var ki, bəlkə də, bu barədə geniş ictimaiyyətə məlumat vermək olmaz.
Lakin Ukraynanın öz dövlətinin müstəqilliyi və bütövlüyü uğrunda apardığı qəhrəmancasına mübarizəsi dünyada, o cümlədən Azərbaycanda bundan sonra da həmrəyliklə qarşılanacaq. Müharibə və işğal dərhal dayandırılmalıdır. Bu, beynəlxalq ictimaiyyətin qəti tələbidir. BMT Baş Assambleyasının xüsusi sessiyasında keçirilən səsvermə bunu əyani şəkildə göstərdi. Rusiya Suriya, Eritreya, Şimali Koreya və Belarusla həmrəy oldu. Hətta Rusiyanın Ermənistan, Kuba, Nikaraqua, Venesuela kimi ənənəvi müştəriləri də Rusiyanın ədalətsiz müharibəsindən uzaqlaşmağı seçib”.
Tarix: 25-04-2022, 10:20
Xəbəri paylaş





Xəbər lenti