Paşinyan Putinlə görüşdən sonra 180 dərəcə dəyişib
Azərbaycanın erməni təxribatlarına təmkinlə yanaşmaq niyyəti yoxdur.
Zəngilan rayonuna təxribat-diversiya qrupunun göndərilməsi, Azərbaycanı bu istiqamətdə daha effektiv tədbirlər görməyə vadar edə bilər
Ermənistan yaratdığımız yeni reallıqları qəbul etməyənə qədər başı yumruqlu qalmağa məhkumdur
2 gün əvvəl, aprelin 23-də saat 08.58-də Moderator.az saytında “Robert Ermənistan xalqının taleyini siyasi mübarizə alətinə çevirmək üçün çalışırsa...” başlığı altında bir məqaləm dərc olundu. Məqalədə Qarabağda qondarma erməni soyqırımının ildönümünə həsr olunan ənənəvi məşəl yürüşü keçirən və 4000 nəfərə yaxın azərbaycanlının 30 illik cəsəd qalıqları ilə savaşan bir toplumun hansı soyqırımdan danışdığını, bu zehniyyətin 107 il əvvəl baş verən hadisələrə don geyindirmək əvəzinə, Baqanis Ayrım, Başlıbel, Edilli, Xocalı, Qaradağlı, Malibəyli, Quşçular və digər ərazilərdə törətdikləri soyqırım cinayətlərinə aydınlıq gətirməli olduqlarına diqqət yönəltmişdim. “Soyqırıma” məruz qaldıqlarını iddia edən tərəfin arxivlərini açmaqdan imtina etməsi, ermənilərin cəfəngiyyatlarının üstünün açılması qorxusu ilə bağlı olduğunu, bu dəfə keçiriləcək 23-cü qondarma məşəl yürüşünün daha maraqlı olacağını, özü hakimiyyətdə olduğu 10 il ərzində qadağan etdiyi yürüşə Ermənistanın eks prezidenti R.Köçəryanın şəxsən rəhbərlik edəcəyini və bu yürüşdən müxalifətin şəxsi siyasi məqsədləri üçün istifadə edəcəyini xüsusilə qeyd etmişdim. Məqalədən daha bir cümləni olduğu kimi təqdim edirəm:
“Bu dəfə Ermənistandakı mövcud hərbi-siyasi vəziyyəti, ermənilərin çıxılmazlıq əhval-ruhiyyəsini nəzərə alsaq, o zaman məşəl tədbirinin həm Ermənistanın daxilində, həm də Azərbaycanla sərhəddə və Qarabağdakı rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin perimetri boyunca növbəti təxribatlara yol aça biləcəyi istisna edilməməlidir”.
Yuxarıda qeyd etdiyim məqalənin dərc olunmasından 9 saat sonra sərhəddə Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun fəaliyyəti müşahidə olundu. DSX bu barədə məlumatı rəsmi olaraq səhəri gün, daha dəqiq desək 18 saat sonra təsdiqlədi: “Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib”.
Dövlət Sərhəd Xidmət görülən tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alındı. Diversantlar geri çəkilməyə məcbur edildi və Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələrinin məlumatlandırıldığını, belə hal bir daha baş verərsə DSX tərəfidən daha ciddi tədbirlər görüləcəyini də bildirdi. Bu məlumatdan 7 saat sonra Dövlət Sərhəd Xidməti növbəti məlumatı dərc olundu və sərhədçilərimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç saxlanıldığı məlum oldu. Saxlanılan Matirosov 25 saat əvvəl diversiya törədən qrupun yaxud da başqa diversiya qrupunun üzvü olduğu məlum deyil.
Ermənistan baş naziri N.Paşinyan Brüssel görüşündən sonra birgə Bəyanatın yerinə yetirilməsi ilə bağlı verdiyi müsbət bəyanatların ritorikasını, V.Putinlə görüşdən sonra 180 dərəcə dəyişib. Odur ki, törədilən son diversiya faktı iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına Paşinyan komandası tərəfindən törədilən təxribatçı maneə faktı kimi dəyərləndirilməlidir.
Görünür N.Paşinyan da Ermənistanda aktivləşən revanşist qüvvələrə qoşulmağa məcbur olub. Ermənistan hakimiyyəti hələ də baş verən prosesləri lazımınca dəyərləndirə bilmir və anlamır ki, Azərbaycanın birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsində zaman itkisinə yol vermək və erməni təxribatlarına təmkinlə yanaşmaq niyyəti yoxdur.
Azərbaycan Prezidenti İ.Əliyevin “Bu (sülh müqaviləsi- red) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” bəyanatını həm Ermənistan rəhbərliyi, həm də “ilana zəhər verən kərtənkələlər” diqqətlə oxumalıdrlar. Dünyada az sayda məntiqli adam tapılar ki, Ermənistanın Azərbaycana qarşı minimal müqavimət imkanlarına belə malik olduğunu iddia etsin. Ermənistanı qismən cəsarətləndirən Rusiyadır. Kreml Ermənistan ilə Azərbaycan arasında münasibətlərin Avropa vasitəsilə nizamlanmasında maraqlı deyil. Bu belə olmasaydı, il yarımda həm erməni silahlısı Qarabağdan çıxarılardı, həm də kommunikasiyalar açılardı. Hadisələrim müsbət məcrada inkişafı və birgə Bəyanatın tam yerinə yetirilməsi, Rusiyanın 2025-ci ildə və ya daha erkən Qarabağdan, ardınca isə Qafqazdan çəkilməsini şərtləndirə bilər. Onsuz da rus əsgərinin ayağı dəyən ərazidə nə ot bitmir, nə qan tökülməsi dayanmır, nə də fəlakətlər başa çatmır. Odur ki, nə qədər tez getsələr, bütün Qafqaz üçün, xüsusilə də üzməyə sahil tapmayan məğlub ermənilər üçün bir o qədər yaxşıdır.
Ermənistan ordusunun törətdiyi təxribat diversiya fəaliyyətlərini, cəmiyyətdə baş qaldıran revanşist meyllləri nəzərə alaraq, o zaman sərhəddə və ya rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə erməni silahlılarının növbəti təxribatlarının mümkünlüyü ehtimalı yenə də yüksək olaraq qalır.
Odur ki, Silahlı Qüvvələrimizin hissə və bölmələrimizin şəxsi heyəti ayıq-sayıqlığı daha da artırmalı, mümkün təxribatların qarşısının qətiyyətlə alınması, düşmənin layiq olduğu və effektiv şəkildə cəzalandırılması üçün bütün ssenarilərə hazır olmalıdırlar. Düşmənin təxribatlardan çəkindirilməsi məqsədi ilə erməni silahlılarının Qarabağdan çıxarılması, Laçından və ya Zəngilandan Naxçıvana maneəsiz dəhlizin açılması üçün fəliyyətlər dayandığı yerdən və revanşistlərin anladığı dildə davam etdirilməsinə artıq zərurət yaranıb. Ermənistan yaratdığımız yeni reallıqları qəbul etməyənə və imzaladığı bəyanatların şərtlərini yerinə yetirməyənə qədər başı yumruqlu qalmağa məhkumdur.
Ermənistanın imza atdığı, lakin açılmasını süni şəkildə uzatdığı Zəngəzur dəhlizinin keçəcəyi Zəngilan rayonuna təxribat -diversiya qrupu göndərməsi, Azərbaycanı bu istiqamətdə daha effektiv tədbirlər görməyə vadar da edə bilər.