"Parlament bəyənməsə, Nazirlər Kabineti istefaya getməlidir” - PALATANIN HESABATI
Milli Məclisdə Hesablama Palatasının hesabatı qəbul olunub Bu gün Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatı müzakirə olunub. Toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatı təqdim edib. Vurğulayıb ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirdilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb. Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirib ki, sənəd “2021-2025-ci illər üzrə Strateji Plan”a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyətlə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir və infoqrafik şəkillərə üstünlük verilməklə yeni dizaynda tərtib olunub. Hesablama Palatasının sədri hesabat ilində Palatanın nəzarət tədbirlərinin ümumi nəticələrini təqdim edib, auditlərdə kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda aşkarlanan pozuntuları, həmçinin əhəmiyyətli audit tapıntılarını diqqətə çatdırıb.
Səhiyyə Nazirliyində maliyyə yoxlaması davam edir, Gənclər və İdman Nazirliyində isə... “Cari ildə qarşıda duran vəzifələr sırasında ilk olaraq işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirləriylə bağlı maliyyə auditlərini qeyd etmək istərdim”, - deyə V.Gülməmmədov söyləyib. Palata sədri onu da bildirib ki, cari ildə Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq. Onun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır. Sədr qeyd edib ki, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarəti prosesinin araşdırılması planlaşdırılır. V.Gülməmmədov onu da qeyd edib ki, Palata hazırda Səhiyyə Nazirliyində yoxlamalar aparır: "Səhiyyə Nazirliyində yoxlamalar hələ yekunlaşmayıb. Yoxlamalar arasında böyrək transplantasiyası ilə bağlı məsələlər də var". Deputat: “Nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməsə, o nazirlər istefaya göndərilməlidir” Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, heç bir qanunda hesabatlara mənfi rəy verilərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı bilinmir: "Məsələn, Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməsə, bunun hansı hüquqi nəticələr doğuracağı aydın deyil. Hesab edirəm ki, hesabat mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir. Hətta bizim komitələrdə nazirliklərin fəaliyyətləri ilə bağlı nazirlərlə dinləmələr keçirilir. Hətta əgər nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməsə, o nazirlər istefaya göndərilməlidir".
"Biz, bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməliyik. Bu, həm Milli Məclisin rolunun, həm də dövlət orqanlarının məsuliyyətinin artırılmasına öz təsirini göstərmiş olur”, - deyə millət vəkili qeyd edib. Deputat spikerdən xahiş etdi: "Hər il bu barədə yoxlama aparılsa da, ciddi irəliləyiş yoxdur" "Hesablama Palatasının ötən ilki hesabatında ilk dəfə olaraq maliyyə auditlərinə görə müsbət rəy almış orqanların siyahısı hazırlanıb". Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, bu siyahıda Mili Məclis birincidir: "Bu Milli Məclisin rəhbərliyinin maliyyə şəffaflığına və səmərəliliyə verilən yüksək qiymətdir". Deputat Vahid Əhmədov isə bildirib ki, Hesablama Palatası 2021-ci ildə 50 nəzarət tədbirindən 46-sını həyata keçirə bilib. O qeyd edib ki, Palata yoxlamalar nəticəsində ciddi nöqsanlar aşkara çıxarıb: "Bütün təşkilatlarda demək olar ciddi maliyyə pozuntuları hesabatda əks olunub. Satınalmalar və tenderlərlə bağlı məsələlərlə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Hər il bu barədə yoxlama aparılsa da, ciddi irəliləyiş yoxdur". "Hesablama Palatasının bir üzvü plenar iclaslarda iştirak etməli, qeyd aparmalıdır. Palata burada müzakirə etdiyimiz məsələləri iş planına daxil etməlidir. Sahibə xanım, xahiş edirəm ki, buna şərait yaradılsın",- deyə deputat vurğulayıb. Deputat: "Bu, Dövlət Xidmətinin fəaliyyətinə ciddi xəbərdarlıq olacaq" Millət vəkili Qənirə Paşayeva isə vurğulayıb ki, Hesablama Palatasının hesabatındakı auditin nəticələri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinə ciddi xəbərdarlıq olacaq. Onun sözlərinə görə, Palatanın yoxlaması zamanı məlum olub ki, abidələrin yarıdan çoxunun bərpasına ehtiyac olduğu halda bu, həyata keçirilməyib: "Abidələrin bərpası ilə bağlı hər il 134 abidədə 90 milyon manatlıq bərpa işinin aparılması nəzərdə tutulduğu halda bu, həyata keçirilməyib".
"Bir il keçdi, o yol dağıldı" “Uzunluğu təxminən 5 km olan Yardımlı-Abbasabad yolunun tikintisinə dövlət başçısı tərəfindən təxminən 6 milyon manat vəsait ayırmışdı”, - deyən deputat Musa Qasımlı söyləyib ki, 1 il keçib, o yol dağılıb: “Hesablama Palatası bildirmişdi ki, bəzi tədbirlər görəcək. O yoldan insanlar tez-tez istifadə edir”. V.Gülməmmədov deputata cavabında qeyd edib ki, həmin məsələ ilə bağlı hələ cari ildə nəzarət tədbiri başlamayıb: “Təqribən bu ilin 3-cü rübünün sonuna Yardımlı-Abbasabad yolu ilə bağlı kənar dövlət nəzarəti tədbirinin yekunları ilə bağlı Milli Məclisə rəy təqdim ediləcək”. Müzakirələrdən sonra Hesablama Palatasının 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı səsverməyə çıxarılaraq, qəbul olunub.