“Rusiya mövcud olduğu bütün dönəmlərdə imperialist, işğalçı siyasət yürüdüb. Bu, istər Çar, istər Sovet Rusiyası, istərsə də hazırkı Rusiya Federasiyasının xislətidir”. Bunu
Demokrat.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Gülşən Hacıyeva deyib. O qeyd edib ki, Rusiya dövləti heç bir hüquq-sənəd tanımır, özünün imzaladığı aktlara belə hörmət etmir:
“Diqqət yetirsək, görərik ki, günümüzdə gün bir-biri ilə yaxın münasibətdə olan, tərəfdaşlıq, əməkdaşlıq edən ölkələrin bir çoxunun arasında tarixdə qanlı savaşlar olub. Hətta Avropa İttifaqı ailəsində təmsil olunan dövlətlər bir-biri ilə yaxın keçmişdə böyük münaqişələr yaşayıb. Amma bu gün aralarında normal münasibətlərin qurulmasına nail olublar. Çünki bir-birlərinin ərazi bütövlüyünü tanıyır, beynəlxalq müqavilərə, sənədlərə hörmətlə yanaşırlar. Bunlar olmadan dünyada bir düzən qurmaq mümkün deyil. Rusiya isə heç bir hüquq-sənəd tanımır, özünün imzaladığı aktlara hörmət etmir. Bu dövlət özünü dünyanın “qabadayısı” şəklində görür, istədiyinə nail olmaq üçün hər addımda gücdən istifadə edir. Rusiyanın bir dili var: Güc, zorakılıq. Baxın, Rusiyanın normal münasibətdə olduğu tək bir ölkə yoxdur. Müxtəlif sahələrdə əməkdaşlıq etdiyi ölkələr təbii ki, var. Amma bu ölkələrlə əməkdaşlıq yalnız və yalnız hansısa maraqlar üzərində qurulub”.
G.Hacıyeva vurğulayıb ki, bu gün Ukraynaya hücumdan dolayı müxtəlif sanksiyalara məruz qalan Rusiya yenə də əməkdaşlıq etdiyi dövlətlərlə arasında imzalanan sənədləri unudur: “Müqavilələri pozur, dünyanı təbii qaz, neftlə sınağa çəkir, nüvə silahı ilə təhdid edir. Belə ki, “Cənubi Rusiya Xalq Şurasının manifesti” adlanan sənəddə yazılanlar Rusiyanın hüquqtanımaz mahiyyətini bir daha sübuta yetirir. Əvvəl özünü dünyanın “ağası” kimi göstərməyə çalışan Rusiya bu, mümkün olmadıqda bölgədə hegemonluğunu qəbul etdirmək istəyir. Sonuncu savaşda bu qədər itki verən, xeyli zəifləyən Rusiya xislətindən yenə də əl çəkmir. Ukraynaya heç bir çərçivəyə sığmayan hücumundan geri çəkilmək yerinə, belə məntiqsiz addımlar atır, bununla işğalçı üzünü gizlətməyə çalışır, eyni zamanda şantaja, təhdidə davam edir. İstər bu sənəd, istər Rusiya rəsmilərinin əsassız açıqlamaları dövlət ənənəsi imperializm, işğal olan bu dövlətin iç üzünü göstərir”.
Qeyd edək ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərində “Cənubi Rusiya” adlı kvazidövlət yaratmaq ssenarisini nəzərdən keçirir. Bu barədə “Sxemlər” layihəsinin sərəncamında olan “Cənubi Rusiya Xalq Şurasının manifesti”ndə qeyd olunub. Sənəddə deyilir ki, Ukrayna dövləti 2014-cü ildə qanuni yolla seçilmiş prezidentin devrilməsindən sonra guya Ukrayna SSR sərhədləri daxilində legitimliyini itirib və “Kiyev-Rus dövlətinin, Zaporojye Seçinin, Böyük Yekaterina dövrü Novorusiyasının və Ukrayna SSR-in varisi” Cənubi Rusiya sayılır. “Keçmiş Ukrayna dövləti tərəfindən terrora və nasizm-bandera ideologiyasının totalitar şəkildə tətbiqinə cavab olaraq, biz Cənubi Rusiya Xalq Şurasının timsalında hakimiyyəti öz əlimizə alırıq və yeni Cənubi Rusiya dövlətini qururuq”, - manifestdə qeyd edilir.
Tarix: 29-04-2022, 23:22