Elçin Mirzəbəyli Erkin Qədirlini tənqid etdi: "AŞPA-da "Hüquq dərsi” keçmək istəyi hansı niyyətdən doğub görəsən?"
"Millət vəkili Erkin Qədirlinin Avropa Şurası Parlament Assambleyasındakı çıxışını sosial şəbəkələrinin Azərbaycan seqmentindən izlədim. Çıxış ingilis dilindədir, amma Azərbaycan və rus dillərində subtitrlərlə, həm də sürətlə yayılır. Və təbii ki, məqsədyönlü şəkildə və qənaətimə görə, hər iki halda yarınmaq üçün..."Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
"Doğrusu, Erkin Qədirlinin AŞ PA tribunasından Ukraynada baş verənlərin mahiyyətini, həmçinin beynəlxalq hüququn norma və prinsiplərini, müharibə cinayətlərinin təsnifatını, xarakterik xüsusiyyətini, müvafiq konvensiyalar müstəvisindən izahını ondan dəfələrlə yaxşı bilən mütəxəssislərin qarşısında ümumi ifadələrlə “hüquqi biliklərini” nümayiş etdirməsinin səbəbini anlaya bilmədim. Ukraynada baş verən müharibə cinayətlərini, dünyanın konkret sahə üzrə ixtisaslaşmış, çoxillik təcrübəyə malik ekspertləri faktoloji olaraq dəyərləndiriblər, hesabatlar hazırlayıblar və ayrı-ayrılıqda hər bir fakt üzrə hüquqi qiymətləndirmə aparılıb. Digər tərəfdən, bu cinayətlərlə bağlı məsələyə Haaqa məhkəməsində baxılır. Məhkəmə predmeti olan bir məsələ haqqında Erkin Qədirlidən ən azı bir neçə dəfə çox məlumatlı olan insanlara “hüquq dərsi” keçmək istəyi hansı niyyətdən doğub görəsən? Hər halda ağıllı görünmək, yaxud hansısa qütbə xoş gəlmək üçün Azərbaycanda da kifayət qədər imkan var. Ölkəmizi beynəlxalq platformalarda təmsil edən şəxslər isə ilk növbədə Azərbaycanın maraqlarını düşünməlidirlər" - E.Mirzəbəyli qeyd edib.
Tarix: 30-04-2022, 23:35