Rusiya geridönüşü olmayan bir yola girdi - TƏHLİL
Ukrayna müharibəsi dinamizmini itirir. Tərəflər irimiqyaslı hücumlar etmir, lokal döyüşlər və gözlənilməz zərbələrlə bir-birini taqətdən salmağa çalışırlar. Dünən Ukrayna Ordusunun dəqiq artileriya atəşi ilə İzyum yaxınlığında rusların komanda məntəqəsi dağıdılıb, yüzə yaxın canlı qüvvəsi, yüksək rütbəli zabitləri və general-mayor Semyonov məhv edilib. Daha əvvəl də yazmışdım Rusiyanın əməliyyat-taktiki raketləri sonsuz sayda deyil və bir müddət sonra onları qənaətlə istifadə etməyə məcbur olacaq. Çünki o raketlərin istehsalı uzun zaman və maliyyə tələb edir. Gözləndiyi kimi artıq Rusiya əvvəlki intensivlikdə qanadlı raketlərdən istifadə edə bilmir, çünki yerini doldura bilmir. Yerdə isə ciddi irəliləyiş yoxdur, əksinə bəzi strateji üstünlükləri itirib.
Bu səbəbədən də son günlər rus siyasətçiləri və şərhçilərinin aqressiv nüvə hədələri artıb. Məsələn Kalininqraddan London, Paris, Berlini 200+ saniyəyə vuracaqlarına dair şəkillər paylaşırlar. Putinin və Lavrovun təhdidləri daha ciddiyə alınmır. Bilirsiniz niyə? Atdıqları raketlərin effektivliyi 30%-dir. Ya hədəfi düz vurmur, ya partlamır, ya da bəsit HHM sistemləri ilə vurulur. Atacaqları nüvə silahlarının da öz şaxtasından çıxıb-çıxmayacağı, hara düşəcəyi, harada partlayacağı artıq rusların özündə də qorxulu suallar doğurur.
Prinsipcə Qərb Ukraynada istəyinə nail olur. Ukraynanın hərbi və maliyyə baxımdan müqaviməti artırılır. Rusiyanı uzun müddətli “taqətdən salma” planı işləyir, beynəlxalq imici İrandan da betərdir, hətta ona “müttəfiq” olan dövlətlərin xalqları belə aşkar Ukraynanı dəstəkləyir. Rusiya geridönüşü olmayan bir yola girdi və o yolun sonunda ruslar üçün qalibiyyət yoxdur. Mərhumiyyət, təklənmə və parçlanma var.
Putin 2008-ci ildə Gürcüstan və 2014-cü ildə tək buraxılmış Ukrayna tələsinə düşdü. Kobud desək onu şirəyə gətirdilər. İki gün öncə elə Rusiyaya tırka verən Çinin rəsmi televiziyasında parçalanmış Rusiyadan hansı dövlətlərə pay düşəcək deyə bu xəritə paylaşılmışdı. Çinlilər yeni dünyada bizi də yaddan çıxarmayıblar…
Dünyanı idarə edən güclər az riskli və az insanlı yeni dünya düzəni qurmağa çalışır. Bu proyektin ilk komponenti virus idi, ikinci komponenti müharibələr yolu ilə dünyanın siyasi xəritəsini dəyişmək. Hər iki komponentin Böyük Məşqi edilib, qalıb daha qlobal miqyasda reallaşdırılması. Dünyanın siyasi xəritəsi isə gec-tez əsaslı şəkildə dəyişəcək. Gedən proseslərin və siyasi reallıqların təhlili göstərir ki, bu xəritədə Azərbaycan daha böyük və daha güclü bir siyasi aktor kimi yer alacaq!
Əli Məhərrəmli, politoloq
Tarix: 1-05-2022, 10:46