Britaniyadan: “Rusiyaya qarşı koalisiya böyüyür və Putini sona doğru itələyir”
Rusiyadan: “Qərbin məqsədi müharibəni uzatmaq, daha çox qan tökülməsinə nail olmaq və regionda sabitliyi pozmaqdır”
ABŞ Konqresi “Lend-Liz” qanununu qəbul edib. Qanuna əsasən, ABŞ Prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursat, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək.
Bu yardım müharibənin sonuna qədər sürəcək. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” iki həftə əvvəl Senatda yekdilliklə qəbul olunub və Nümayəndələr Palatasında 417 səslə təsdiqlənərək Prezidentin imzasına təqdim edilib. Qeyd edək ki, “Lend-Liz” ilk dəfə 81 il öncə qəbul edilib və məlumatlara görə, Hitler faşizminin məğlubiyyətində mühüm rol oynayıb.
Anlitiklərin fikrincə, sözügedən qanunun qəbulu Rusiyanın çöküşü üçün başlıca amillərdən birinə çevriləcək. Belə ki, Putinin çöküşü qaçılmazdır və bu qanunun qəbulundan sonra Putin yalnız bir müddət hakimiyyətini qoruya biləcək.
AYNA mövzunu xaricdə yaşayan azərbaycanlı ekspertlərlə müzakirə edib.
ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir Əhməd Obalı:
“ABŞ, Böyük Britaniya ortaya kifayət qədər prinsipial mövqe qoyub və sona qədər dirəniş göstərəcəklər. Təsəvvür edin ki, hər gün Ukraynaya milyardlarla dollar yardım edilir. Bu, həm silah, həm də humanitar yardımlardır. Artıq bütün ölkələr də məcburdur ki, Rusiyaya qarşı sanksiyalara qoşulsunlar. Əks halda özləri müxtəlif təzyiqlərlə üzləşə bilərlər.
Braziliyanın Prezidenti bu günə qədər sanksiyalara qoşulmurdu, artıq o da qoşuldu. Moskvanın ən çox etibar etdiyi Hindistan belə, bu gün ona arxa çevirir. Çünki Rusiya zəifləyir və heç bir dövlət zəifin yanında yer alıb, özünü dünyadan təcrid etmək istəmir. Bunun əsas səbəbkarı da Putin və onun komandasıdır.
Ukrayna müstəqil dövlətdir və istənilən təşkilata üzv ola bilər. Kreml anlamadı ki, zorakı yollarla bunun qarşısını almağın, bütün postsovet ölkələrini təhdid etməyin bir sonu olacaq.Təbii ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı addımları davam edəcək. Son qərar, yəni “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” qanunu Kremlin süqutuna hesablanmış çox mühüm bir addımdır. Ola bilər ki, Putin Rusiyanın daxili imkanları hesabına bir müddət öz hakimiyyətini qoruya bilsin, lakin təcavüzkar siyasətindən əl çəkməsə, onun xilası mümkün olmayacaq”.
Böyük Britaniyada yaşayan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu:
“Bayden adminstrasiyasının Putinə münasibəti məlumdur. Elə bu səbəbdəndir ki, Rusiya və onun müttəfiqləri ABŞ-da keçirilən son prezident seçkilərində Trampın qələbəsinə çalışırdılar. Hələ seçkilərdən dərhal sonra Bayden Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırdı. Onun ötən ilin sonunda bəyan etdiyi “2022-ci ildə dünyada daha heç nə əvvəlki kimi olmayacaq” bəyanatı da təsadüfi deyildi. Bu, aydın bir mesaj idi ki, Amerika müttəfiqləri ilə birlikdə Putinə qarşı sərt addımlar atacaq.
Düzdür, Ukraynaya təcavüzdən öncə Qərbin nisbətən yumşaq rəftarı Rusiyaya əminlik qazandırdı. Bu, həm də diplomatik bir gediş idi. Kremlin gözləntilərinin tam əksinə olaraq müharibənin qalibi Rusiya yox, Ukraynadır.
Bu gün artıq Putinin geriyə yolu qalmayıb. Çünki Kreml heç bir strateji və taktiki istəyinə nail olmayıb. Əksinə, ona qarşı qurulan koalisiya sürətlə böyüyür və Putin rejimini sona doğru itələyir”.
Rusiyada yaşayan politoloq Teymur Yəhyayev:
“Amerika Rusiyanı qarışdırmaq və regona nəzarətə ələ keçirmək niyyətindədir. Rəsmi Vaşinqton bəyan edir ki, guya Ukraynada demokratiyanı qoruyur. Hər kəsə məlumdur ki, demokratiya ABŞ və müttəfiqləri üçün fərdi məna daşıyır və harada öz maraqlarına təhlükə hiss edirlərsə, orada demokratik dəyərlərə sadiq olduqlarını nümayiş etdirirlər.
Əslində isə demokratiya adı altında viran qoyduqları ölkələrin sayı-hesabı yoxdur. Mövcud şəraitdə özləri kənarda dayanıb, iki qardaş slavyan xalqını bir-birinə qırdırırlar. Əgər Rusiya ilə Ukrayna arasında barışıq əldə olunmasa, Ukraynanı xarabalığa döndərməyənə qədər oradan əl çəkməyəcəklər. Yəni, “bu xəmir hələ çox su aparacaq”.
Rusiya tələb edir ki, onun sərhədləri yaxınlığında NATO qüvvələri cəmləşməsin. Çünki NATO ABŞ-ın “dirijor çubuğu” ilə hərəkət edir. Onların Rusiya sərhədlərinə yaxınlaşması Rusiya üçün təhlükə mənbəyidir.Moskva təhlükəsizlik təminatı tələb edir, Vaşinqton və London isə nəinki bunu təmin etmir, əksinə Avropaya təsir imkanlarını artırmaq üçün iki qardaş xalqı bir-birinə qırdırır. Əsas məqsədləri isə müharibəni mümkün qədər uzatmaq, daha çox qan tökülməsinə nail olmaq və regionda sabitliyi pozmaqdır”.