Niyə bəzi ölkələr Rusiyanın Ukraynaya təcavüzünü pisləmədilər?



“Ukrayna və onun müttəfiqləri, o cümlədən, London son 12 il ərzində Rusiyanı təhdid edirlər. NATO-nu sərhədlərimizə gətirmək, mədəniyyətimizi ləğv etmək – çox-çox uzun illərdir ki, onlar bizi alçaldırlar. Əlbəttə, NATO-nun Ukraynayla bağlı planları Rusiya vətəndaşlarına birbaşa təhlükədir”.

Rusiya Dövlət Dumasının deputatı, nüfuzlu teleaparıcı Yevgeni Popov BBC-nin “Ukrainecast” podkastına müsahibəsində belə deyib.
Popovun fikirləri Qərb ölkələrinin vətəndaşlarında təəccüb doğurur. Amma onun dedikləri Qərbin situasiyaya baxışıyla Kremlin təqdimatı arasında nə qədər böyük fərq olduğunu da göz önünə sərir.
Avropalılar və digər Qərb ölkələrində yaşayanlar üçün bu, nəinki əcaib iddiadır, həm də ciddi-cəhdlə sənədləşdirilmiş sübutlara aşkar etinasızlıqdır.
Bununla belə, Kremlin təbliğatına təkcə tərəfdarları və hətta rusiyalıların çoxu yox, bəzi başqa ölkələrin əhalisi də inanır.
Fevralın 24-də Rusiya Ukraynaya hücum edəndən sonra BMT-nin Baş Assambleyası təcili səsvermə keçirərək bunu pislədi – qətnaməni BMT-yə üzv olan 193 ölkədən 141-i dəstəklədi.
Rusiyanı qınamaqdan çəkinən ölkələr arasında Çin, Hindistan və Cənubi Afrika Respublikası kimi böyük dövlətlər də vardı. Ona görə Qərb liderləri belə bir illüziyaya qapılmamalıdırlar ki, bütün dünya Ukraynadakı fəlakətli müharibəyə görə məhz Rusiyanı günahlandırmağa hazırdır.
Nə üçün bu qədər çox ölkə Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt mövqe sərgiləməyə cəsarət etmir?
Səbəblər çoxdur: öz iqtisadi və hərbi maraqlarından tutmuş Qərbi riyakarlıqda və daha əvvəlki müstəmləkəçilik siyasətində günahlandırmağa qədər.
Bu ölkələrdən hər birini Rusiyanı publik şəkildə ittiham etməkdən və prezident Putini qəzəbləndirməkdən vaz keçirən konkret səbəblər var.

Sərhədsiz əməkdaşlıq

Əhalisinin sayı 1,4 milyarddan çox olan Çindən başlayaq.
Rusiyadakı kimi, bu ölkədə də insanların böyük əksəriyyəti Ukrayna haqqında xəbərləri hakimiyyətin nəzarətində olan KİV-dən oxuyur.
Pekində keçirilən Qış Olimpiadası zamanı – Ukraynaya hücumdan bir qədər əvvəl Vladimir Putin Çinə getmişdi. Həmin vaxt Çin tərəfinin açıqladığı rəsmi məlumatda qeyd olunmuşdu ki, bu iki ölkə arasındakı əməkdaşlıq imkanlarının heç bir hüdudu yoxdur.
Onda Putin öz çinli həmkarı Xi Jinping-i Ukraynaya genişmiqyaslı hücum hazırlığından xəbərdar etmişdimi? Çin qəti şəkildə “yox” deyir. Amma bu qədər önəmli bir qonşuya eyhamla da olsa, heç bir söz deyilməməsini təsəvvür etmək çətindir.
Çin və Rusiya nə vaxtsa strateji rəqibə çevrilə bilərlər, amma bu gün onlar müttəfiqdirlər, bu iki ölkəni NATO-ya, Qərbə və demokratik dəyərlərə ikrah hissi (düşmənçilik də demək olar) birləşdirir.
Malidə yerinə rusiyalı muzdluların keçdiyi Fransa ordusuna qarşı etiraz aksiyası
Şəklin alt yazısı,Malidə yerinə rusiyalı muzdluların keçdiyi Fransa ordusuna qarşı etiraz aksiyası
Qərb hökumətləri Çini Cənubi Çin dənizinin militarizasiyasına, uyğurları islah düşərgələrində saxlamasına, Honkonqda demokratiyanı əngəlləməsinə və “Tayvanı doğma limana qaytarmaq”la bağlı (lazım gələrsə, zor gücünə) açıqlamalarına görə tənqid edirlər.
Beləliklə, Çin və Rusiya NATO-nu ümumi düşmən hesab edirlər və onların dünya düzəninə baxışı bu ölkələrin vətəndaşlarına da sirayət edir. Nəticə etibarilə Qərb vətəndaşlarından fərqli olaraq Çin və Rusiya əhalisinin böyük hissəsində Rusiyanın Ukraynaya hücumu və rusiyalıların ordakı hərbi cinayətləriylə bağlı sübutlar ikrah və dəhşət hissləri yaratmır.
Hindistan və Pakistanı da Rusiyayla konfliktdən yayındıran özəl səbəblər var. Hindistan silah ehtiyacının böyük hissəsini Rusiyadan idxal edir. Himalaylardakı mübahisəli bölgəylə bağlı yaxın keçmişdə baş vermiş münaqişədən sonrasa bu ölkə ümid edir ki, Rusiya nə vaxtsa onun maraqlarını müdafiə edə bilər.
Pakistan da Rusiyadan silah alır və öz şimal bölgələrinə ticarət marşrutlarının yaradılması üçün onun dəstəyinə ehtiyacı var. Bir müddət əvvəl ölkənin sərt anti-Qərb (xüsusilə də anti-ABŞ) mövqeli baş naziri İmran Xanı hakimiyyətdən kənarlaşdırıblar.
O, fevralın 23-də – Ukraynaya görə Rusiyanın Qərblə münasibətləri artıq xeyli kəskinləşmiş olan günlərdə Moskvaya səfər etmiş, bir gün sonrasa Rusiya qoşunları Ukraynaya hücum edərək ölkənin şəhərlərini atəşə tutmağa başlamışdı.
Həm Hindistan, həm də Pakistan Rusiyanın Ukrayanaya təcavüzünü pisləyən BMT qətnaməsinə səsvermədə bitərəf qalıblar.

“Riyakarlıq və ikili standartlar”

Bəzi ölkələrdə, xüsusilə də müsəlmanların çoxluq təşkil etdiyi dövlətlərdə ABŞ-ı və Qərbi riyakarlıqda və ikili standartlarda günahlandırırlar.
2003-cü ildə ABŞ və Britaniya BMT-nin razılığını almadan və çox sayda ölkənin mövqeyini qulaq ardı edərək şübhəli əsaslarla İraqa hücum ediblər.
Hazırda Washington və Londonu Səudiyyə Ərəbistanını silahlandırmaqda və nəticə etibarilə Yəməndəki vətəndaş müharibəsinin uzanmasına səbəb olmaqda da ittiham edirlər. Səudlar şiə üsyançılarla vuruşan Yəmən hökumətinə dəstək məqsədilə onların mövqelərinə zərbələr endirirlər. Bu ölkədə müharibə 2014-cü ildə başlayıb və ağır humanitar vəziyyətə gətirib çıxarıb.
Afrika ölkələrinə gəlincə, Rusiyanı tənqid etməmək üçün onların öz (daha çox da tarixi) səbəbləri var.
Sovet dövründə Moskva ABŞ və Qərbin təsirinə müqavimət göstərmək üçün Saharadan tutmuş Ümid burnuna qədər bütün qitəni silahla doldurub. Üstəlik, Afrikanın bəzi yerlərində XIX-XX əsrlərdəki Qərbi Avropa müstəmləkəçiliyindən miras qalmış antipatiya hələ də tam yox olmayıb.
Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsiylə salamlaşır
Şəklin alt yazısı,Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsiylə salamlaşır
Fransa 2013-cü ildə Əl-Qaidə döyüşçüləriylə vuruşmaq üçün öz əsgərlərini Maliyə göndərmiş, amma əhalinin onlara münasibəti çox da yaxşı olmamışdı. Sonradan Fransa hərbçilərinin böyük hissəsi ölkəni tərk edib və onların yerini Kreml tərəfindən dəstəklənən “Vaqner”çilər tutub.
Bəs Ukraynada baş verənlərə Yaxın Şərq ölkələrinin münasibəti haqda nə demək olar?
Təəccüblü deyil ki, Şimali Koreya, Belarus və Eritreya kimi, Suriya da Rusiyanın təcavüzünü dəstəkləyir. Prezident Bəşər Əsəd 2015-ci ildə İŞİD-çilərin onu devirmək cəhdini Rusiyanın dəstəyi sayəsində dəf edə bilmişdi.
Amma BMT qətnaməsini dəstəkləmələrinə rəğmən, Qərbin Səudiyyə Ərəbistanı və BƏƏ kimi çoxdankı müttəfiqləri də Moskvanı tənqid etmirlər.
BƏƏ-nin faktiki rəhbəri, vəliəhd şahzadə Məhəmməd ibn-Zahid Putinlə münasibətini korlamamağa çalışır: BƏƏ-nin Rusiyadakı keçmiş səfiri hətta Rusiya prezidentiylə ova da getmişdi.
Üstəlik, bunu da unutmaq olmaz ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn-Salmanla ABŞ prezidenti Joe Biden-in münasibətləri kifayət qədər gərgindir – hətta o səviyyədə ki, birbaşa telefon danışıqlarından imtina edirlər.
2018-ci ildə dünya liderləri “Böyük iyirmiliy”in Buenos-Ayresdə keçirilən sammitinə toplaşanda (Bir neçə həftə əvvəl Qərb Səudiyyə şahzadəsini jurnalist Camal Kaşıkcını vəhşicəsinə qətlə yetirtməkdə ittiham etmişdi) onların çoxu ibn-Salmandan nümayişkaranə soyuq davrandılar Putinsə onunla çox mehribancasına – əlini açıb “beş vur” təklif edərək görüşmüşdü. Səudiyyə Ərəbistanının lideri belə bir olayı çətin unudar.
Hərçənd bütün bunlar o demək deyil ki, Belarus xaric, adı çəkilən ölkələr Ukraynaya hücumu aktiv şəkildə dəstəkləyirlər. Martın 2-də BMT-nin qətnaməsinə Rusiya da daxil olmaqla, cəmi 5 ölkə səs verib.
Amma yuxarıda sadalanan arqumentlər deməyə əsas verir ki, Qərb dünyanın qalan hissəsinin Putinə, sanksiyalara və Ukraynaya silah tədarükünə münasibətini sıradan bir hadisə kimi qəbul edə bilməz.
Bbc azeri
Tarix: 7-05-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti