Ukraynada bütün mənalarda dalana dirənən Putin Rusiyasının artıq çabalamağa başladığını görmək elə də çətin deyil. Anbarlarındakı Sovetdən qalma, az qala İkinci Dünya Müharibəsi veteranları ilə yaşıd, sınıq-salxaq hərbi texnikasını da döyüşlərə atmağa məcbur olan “dünyanın ikinci ordusu” ümumi səfərbərlik elan edib-etməmək seçimi ilə üz-üzə qalıb. Ərazisi ucsuz-bucaqsız, əhalisi 140 milyona yaxın olmasına baxmayaraq, Putin Rusiyası başlatdığı bu ədalətsiz və işğalçı savaşda ilk başdan strateji məğlubiyyətə uğrayandan sonra, indi də taktiki məğlubiyyətinin acı meyvələrini dadmaqdadır.Yorulmuş, tükənmiş, fiziki və mənəvi cəhətdən əzilmiş, gözdən düşmüş rus ordusunun hazırkı miskin mənəvi durumuna dünyada həsəd aparacaq yeganə ordu yəqin ki, erməni ordusu ola bilər...
Tarixdə Rusiyanın dünyada imperiya, dövlət, cəmiyyət və ordu olaraq indiki qədər təkləndiyi hansısa dövrü xatırlamaq çətindir. Demək olar ki, bütün böyük savaşlarda müxtəlif zamanlarda Rusiyanın Fransadan tutmuş ABŞ-a qədər samballı müttəfiqləri, ona hərbi və iqtisadi cəhətdən yardım edənlər, dəstək duranlar olub. Elə onun qələbələrini şərtlən əsas amillərdən biri də bu olub.
Hətta
Hitler Almaniyasının belə İkinci Dünya Müharibəsində
Yaponiya və İtaliya kimi müttəfiqləri olduğu halda, Putinin “dahiyanə siyasəti” sayəsində Rusiya bu gün meydanda tək qalıb. Əgər Hitlerə qarşı dünyanın
53 ölkəsi birləşmişdisə, Putinə qarşı birləşən dövlətlərin sayı artıq
40-ı ötüb və rus ordusunun Ukraynadakı hərbi cinayətləri, qətliamları üzə çıxdıqca, bütün dünyaya başağrısı olan, onu nüvə müharibəsi təhlükəsilə üz-üzə qoyan bu savaş uzandıqca,
Kremlə qarşı birləşənlərin sayı artacaq və Putin Rusiyası bu gedişlə Hitler Almaniyasının da “rekordunu” qıracaq. Bu gün hətta onun özünün memarı olduğu
KTMT və Avrasiya İqtisadi İttifaqı kimi “yarı icbari” təşkilatların üzvləri olan dövlətlər də Kremllə məsafə saxlamağa çalışırlar. Kremlin İttifaq Dövləti yaratdığı Belarus Prezidenti
Aleksandr Lukaşenko belə əlində imkan olsa, günü bu gün Putini məşhur rus gəmisinin ardınca göndərər. Onun xarici telekanala verdiyi son müsahibədə “xüsusi əməliyyat”ın uzanması və plana uyğun getməməsi barədə gileyləri, eləcə də Rusiyanın nüvə hədə-qorxularına qarşı çıxması bunun bariz nümunəsidir...
Son günlər Rusiyanın Ukrayna bataqlığında düşdüyü durumu təhlil edən mütəxəssislər Rusiyanın “əlini gücləndirmək” üçün KTMT-yə üzv olan ölkələri bu və ya digər formada müharibəyə cəlb etməsi planları və imkanlarını müzakirə edirlər. Lakin bu ideyanın reallaşması perspektivləri qətiyyən ümidverici deyil. Ən azından ona görə ki, Qazaxıstan, Belarus, Tacikistan və Ermənistandan ibarət təşkilat üzvlərinin toplam hərbi və iqtisadi potensialı Ukraynaya dəstək göstərən bir Avropa dövləti qədər belə deyil.Digər yandan bu dövlətlərin başında duranlar hər nə qədər Putinə sədaqət andı içsələr də, Ermənistan istisna olmalqla, digərlərində yaşayan xalqlar, cəmiyyətlər daha çox Ukraynanı dəstəkləyir, nəinki Rusiyanı. Çünki Rusiya tarix boyu və elə indinin özündə də bu xalqların yaddaşında “özünəməxsus izlər” qoyub.
Məsələn, Qazaxıstana KTMT adı altında həyata keçirilən son hərbi müdaxilə bu təşkilatda əhali sayı və ərazisinə, iqtisadi potensialına görə ikinci olan ölkədə əhalinin böyük hissəsinin Rusiyaya qarşı münasibətini kəskinləşdirdi.
Ardınca qazaxlar Ukraynaya qarşı işğalçılıq müharibəsində ukraynalılara dəstək verdiklərini gizlətmədilər və Qazaxıstan rəhbərliyi cəmiyyətin mövqeyinin əksinə getməyə risk etməyərək, mümkün qədər neytral mövqe tutmağa çalışdı. Hətta Qazaxıstanda 9 may paradının keçirilməməsinə dair qərar qəbul edildi ki, bu da Rusiya hakim dairələrinin narazılığına səbəb oldu. İş o yerə çatdı ki, Kremlin tez-tez hürdürdüyü təbliğat tulalarından olan Tiqran Keosayan açıq şəkildə Qazaxıstan dövlətini və xalqını təhqir və təhdid etdi. Onu Ukraynanın vəziyyətinə salacaqları ilə hədələdi. Bu isə Qazaxıstanda onsuz da kəskinləşən anti-Rusiya əhval-ruhiyyəsini pik həddə çatdırdı.
Nəticədə Qazaxıstan Xarici İşlər Nazirliyi bu təhdidlərə rəsmi qaydada cavab verməli oldu. Bütün bunlardan sonra Qazaxıstanın dövlət, cəmiyyət və ordu olaraq Ukraynada Rusiyanın tərəfində durmasını, hətta onunla birgə savaşmasını gözləmək fantastik dərəcədə ağılsızlıq olar...Belarusa gəlincə, Lukaşenko hələ müharibənin ilk günlərindən bu hərbi avantürada heç də “kefi köklükdən” iştirak etmədiyini dəfələrlə büruzə verib. İşğal zamanı hər nə qədər Belarus ərazisindən istifadə edilsə də, Lukaşenko Belarus ordusunun savaşa qatılmaması üçün əlindən gələni edib və indi də etməkdədir.
Ən azından ona görə ki, o da bu avantüranın sonunun nə olacağını görür və hətta bəzi iddialara görə, Qərblə separat danışıqlara can atır.Həmçinin, Belarus xalqı da bu savaşda Ukraynanın tərəfindədir və Rusiyanın haqsız olduğunu gözəl anlayır. Belaruslar iki il öncə keçirilən seçkidəki saxtakarlıqdan sonra ölkədəki etirazların amansızlıqla yatırılmasında Rusiyanın Lukaşenkoya verdiyi dəstəyi unutmayıblar.
Əksər şərhçilər hətta hesab edirlər ki, Lukaşenko Belarus ordusunu Ukraynaya göndərəcəyi təqdirdə, hərbçilərin Ukrayna tərəfinə keçəcəyi və Rusiyaya qarşı döyüşəcəyindən qorxur. Bunu Belarusda dəmir yollarının sıradan çıxarılması, əraziyə rus qoşunlarının daşınmasının qarşısının alınması üçün müxtəlif təxribatların törədilməsi, eləcə də Belarus ordusundakı ümumi ab-hava da göstərir. Bütün bunlar isə nəticə etibarilə həm də Lukaşenkonun öz hakimiyyətini təhlükə altında qoyur. Odur ki, rus ordusunun Kiyev ətrafında məğlub olaraq geri çəkilməsinə, sonradan isə Belarus ərazisindən çıxarılaraq, Ukraynanın şərqinə göndərilməsinə ən çox sevinənlərdən biri də elə Lukaşenko oldu. Onu da nəzərə alaq ki, hətta 10-15 minlik Belarus ordusu döyüşlərə cəlb olunsaydı belə, bunun müharibənin ümumi nəticəsinə heç bir ciddi təsiri olmayacaqdı...
Tacikistan və Ermənistana gəlincə, bu ölkələrin orduları öz sərhədlərini belə qorumaqda çətinlik çəkirlər və bir əlləri daim Rusiyanın ətəyindədir. Ermənilərin əsas hissəsi hər nə qədər Rusiyanın işğalçı müharibəsini dəstəkləsə də, bu dəstək şüarlardan, bəyanatlardan, yəni adət etdiyimiz erməni həyasızlığı və üzəduranlığından uzağa getmir.
Odur ki, mövcud reallığa və əksər təhlilçilərin gəldiyi qənatə görə, hər nə qədər istəsə, çalışsa da, Rusiyaya KTMT-dən haray yoxdur. Hətta istisna etmək olmaz ki, Ukraynadakı savaşın nəticələrindən asılı olaraq, bu çürük təşkilatın ümumiyyətlə, mövcudluğuna son qoyula bilər. Ancaq unutmayaq ki, son vaxtlara qədər Azərbaycandakı başı Moskva vaxtı ilə işləyən “politoloqlar”, “ekspertlər” və s. ölkəmizin KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təşviq edirdilər, bunun zəruriliyini əsaslandırmağa çalışırdılar. Görəsən, bu adamlar indi nə düşünürlər?Zaman bir daha göstərdi ki, Rusiyanın, xüsusilə Putin Rusiyasının yaratdığı və dominantlıq etdiyi heç bir təşkilatın beynəlxalq müstəvidə nə çəkisi, nə hörməti, nə perspektivi, nə də ona qoşulan dövlətlərə xeyri ola bilər...
Tarix: 8-05-2022, 11:18