Avropanın boğazına dolanmış kəndir, yaxud Rusiya nəyə arxayındır?.. - İNCƏLƏMƏ...
Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin enerji sahəsində Rusiyadan asılılıq dərəcəsini ortaya qoydu. Bir çox Avropa ölkələri enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün enerji tələbatının artması ilə hər il daha yüksək miqdarda enerji, xüsusilə də təbii qaz idxal etməklə, Rusiyadan yüksək dərəcədə asılı vəziyyətə düşüblər. Təbii qaz Avropa ölkələrində iqtisadiyyatın əsas giriş mənbəyinə çevrilib, çünki təbii qazın nəqli daha asan və bir çox digər mineral yanacaqlara nisbətən, daha təmizdir.
Digər tərəfdən, Rusiya və Avropanın coğrafi yaxınlığı və təbii qazın boru kəmərləri ilə idxalı səbəbindən iki tərəf üçün daha uzunmüddətli enerji ticarətinin olduğu bir vəziyyət var. Maraqlısı isə odur ki, davam edən müharibə şəraitində Rusiyadan təbii qaz alışı barədəmüqavilənin sonlandırılmasına üstünlük verilmir.
Rusiyadan təbii qaz idxalının dayandırılması, yəni Avropa ölkələrinin tətbiq edəcəyi mümkün enerji sanksiyaları səbəbindən bəzi ölkələrin daha yüksək risklərlə üzləşəcəyi proqnozlaşdırılır.
Avropanın aparıcı iqtisadiyyatları arasında yer alan Almaniya istifadə etdiyi təbii qazın təxminən 40 faizini, Fransa isə təbii qazın 25 faizini Rusiyadan idxal edir. İtaliya isə idxal etdiyi təbii qazın təxminən yarısını Rusiyadan təmin edir. Bu səbəbdən təbii qazın kəsilməsi vəziyyətində mənfi təsirə məruz qalacaq ölkələr kimi Almaniya, Fransa və İtaliya önə çıxır.
Bununla belə, Britaniya Rusiyadan daha az asılıdır. İngiltərə ehtiyac duyduğu təbii qazın yarısını daxili mənbələrdən alır, təbii qazı isə Norveç və Qətərdən idxal edir. Bu vəziyyət İngiltərəyə Rusiyaya qarşı mövqe tutmaq üçün daha rahat fürsət verir.
İspaniya da Rusiyadan çox asılı ölkə deyil. Coğrafi yaxınlığına görə Əlcəzair enerji sahəsində ən böyük ticarət tərəfdaşıdır, ABŞ isə LNG ticarətində mühüm aktordur.
Digər tərəfdən, Şimali Makedoniya, Bosniya-Herseqovina və Moldova kimi ölkələr təbii qazda tamamilə Rusiyadan asılı olduğu halda, Serbiyada asılılıq nisbəti yüzdə 90 civarındadır. Bundan başqa, son vaxtlar Rusiya ilə gərginlik yaşayan Finlandiyada Rusiyadan asılılıq 90 faiz səviyyəsindədir.
Avropa Birliyi ölkələrinin təbii qazdan asılılığı yüzdə 40 civarında olduğu halda, bir çox ölkələr tamamilə Rusiyadan asılı olduğundan, Rusiyadan mövcud təbii qaz və neft asılılığına necə və nə vaxt son qoyacaqları ilə bağlı fikir ayrılıqları davam edir.
Bununla birlikdə avropalılar Rusiyanın enerji ödənişləri üçün rublla ödəmə variantını yerinə yetirmək tələbinə elə də maraqlı deyillər. Çünki Rusiyadan yüksək təbii qaz asılılığının dərhal aradan qalxmayacağı və bu asılılığın bir çox Avropa ölkələrində iqtisadi daralmaya, hətta iqtisadi tənəzzülə səbəb olacağı və bunun da ilk növbədə işsizliyə səbəb olacağı böyük narahatlıq doğurur.
Məlum olduğu kimi, Rusiyanın rublla ödəniş tələbini Polşa və Bolqarıstan icra etmədiyinə görə, bu iki ölkənin təbii qazı Rusiya tərəfindən kəsilmişdi.
Beləliklə, ortaya önəmli bir sual çıxmış olur: Rusiya öz təbii qazını kəsərsə, bütün Avropa ölkələri bunu gözə ala biləcəkmi?.. Mətin Şükürlü, Bizimyol.info