Rusiya Azərbaycanın qələbədəki payını mənimsəyib: "Bakı haqqında heç nə deyilmirdi"


Rusiya Azərbaycanın qələbədəki payını mənimsəyib: "Bakı haqqında heç nə deyilmirdi"Bakı şəhəri

Bu gün "9 may Qələbə günü"dür. 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində Azərbaycan da iştirak etsə də, nədənsə Rusiya hər zaman bu qələbəni öz adına çıxarmağa çalışıb. Sovet İttifaqı dağıldıqdan sonra 9 may bəlkə də yeganə bayramdır ki, Azərbaycanda da qeyd edilir. Əvvəllər bu müharibə Böyük Vətən Müharibəsi adlandırılırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 30 il müharibə şəraitində yaşadı və 2020-ci il İkinci Qarabağ Müharibəsi – Vətən müharibəsi adlandırıldı.

AMEA tarix institutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra 9 may yeganə bayramdır ki, Azərbaycanda qeyd edilir. Və hər il bayram ərəfəsində ölkə başçısı prezident İlham Əliyev bununla bağlı fərmanlar verir. Tarixçilərimizin bir hissəsi hesab edir ki Azərbaycan SSRİ-in 1941-1945-ci illərdə sovet-alman müharibəsində iştirakına münasibətdə “Vətən müharibəsi” anlayışını istifadə etmək düzgün deyil. Həmin tarixçilərin əsas arqumentləri ondan ibarətdir ki, faşist Almaniyası Azərbaycanı işğal etməyib, onun ərazisində hərbi əməliyyatlar apamayıb və respublika SSRİ-in tərkibində olduğu üçün bu müharibəyə məcburən cəlb olunmuşdu. Lakin həmin əsrlərdə azərbaycanlıların faşizmə qarşı ön və arxa cəbhədə göstərdikləri misilsiz qəhrəmanlıqları haqqında gətirilmiş çox saylı nümunələr bir daha onu sübut edir ki, sovet vətəndaşı kimi bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı bununla öz doğma Vətəni yəni Azərbaycan qarşısında müqəddəs borcunu yerinə yetirdiyinə inanırdı.

Vətən tarixçilərinin digər hissəsinin fikrincə, Böyük Vətən müharibəsinin Azərbaycan xalqının taleyindəki əhəmiyyəti ilə bağlı hər hansı bir şübhə tarixlik prinsipi ilə ciddi ziddiyyət təşkil edir və tarixi keçmişi modernləşdirmək cəhdlərinin təzahürü kimi qiymətləndirilməlidir. Bu müəlliflər qeyd edirlər ki, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan SSR əhalisinin mütləq əksəriyyəti üçün müharibədə Sovet İttifaqının qələbəsinə verdikləri töhfə şüurlu zərurətdən irəli gəlirdi. Bu sərt dövrdə soydaşlarımızın davranışlarının motivasiyasına gəldikdə isə qeyd etmək lazımdır ki, 1920-ci ildən 1941-ci ilə qədər, yəni Azərbaycanda sovet hakimiyyəti illərində yeni nəsil böyümüş dü. Bu nəsil, sovet ideologiyası şəraitində formalaşmışdı, təhsil almışdı, işləmişdi və s. Buna görə həmin nəslin nümayəndələri müharibəyə Azərbaycanı deyil, məhz həmin böyük Sovet İttifaqını müdafiə etmək üçün getmişdilər”.
Böyük Vətən Müharibəsi ifadəsi necə ortaya çıxıb?
“Müharibə başlayan gün iyunun 20-də o vaxt tanınmış sovet diktoru Levitan radio vasitəsilə çıxış etdi. Orada Levitan qeyd edir ki, “Böyük Vətən Müharibəsi başlayır”. Böyük Vətən Müharibəsi ifadəsi də ilk dəfə bu çıxışda istifadə edilir. Çıxışda bildirir ki, “Alman faşist işğalçılarına qarşı” və qeyd edir ki, “biz haqq yoldayıq, qalib gələcəyik”. Həmin gün SSRİ xarici işlər naziri Molotovun da çıxışı var. Həmin çıxışda bu müharibə Böyük Vətən Müharibəsi adlanmasa da, 1812-ci ildə vətən müharibəsi ilə müqayisə edilmişdi. Sonradan iyulun 3-də İosif Stalinin müraciəti var. Orada Stalin bunu “Böyük Müharibə” adlandırır. Sonradan 1943-cü ildən “Vətən müharibəsi ordeni” təsis olunur. “Böyük Vətən müharibəsində şücaətə görə ordenlər” təsis olunur. Bu ifadə yavaş-yavaş yer aldı və tarixçilər tərəfindən də istifadə edilməyə başladı. Stalinin həmin çıxışında maraqlı bir ifadə var: “ayrı-ayrı xalqların dövlətçiliyinə rusların, estonların, gürcülərin, latviyalıların, ermənilərin və azərbaycanlıların dövlətçiliyinə olan bir təhdiddir. Ayrı-ayrı hər bir xalqın adı çəkilir və qeyd edilir ki, bu xalqlar birləşib düşmənə qalib gəlməlidir. Stalin o çıxışında ilk dəfə olaraq etiraf edir ki, bu xalqların öz dövlətçiliyi var. Mənə elə gəlir, burada bir neçə millət olduğuna görə Böyük Vətən sözü bu mənada işlənilir” - deyə tarixçi danışır.
Azərbaycanlıların rolu …
İ.Niftəliyev bildirir ki, 1 iyun 1941-ci il tarixinə 3,3 milyon əhalisi olan Azərbaycan SSR-dən 600 mindən çox insan müharibə illərində ordu sıralarına çağrılmışdı, yəni respublikanın hər beşinci sakini. 300 mindən çox insan, yəni hər on nəfərdən biri cəhbədən geri qayıtmamışdı. Bununla yanaşı, son illərdə ölkə arxivlərindən tapılmış sənədləri və müharibə zamanı insan itkisi ilə bağlı sovet tarixçilərinin əsərlərində verilmiş çoxlu sayda qeyri-dəqiq məlumatları müqaisəli şəkildə nəzərdən keçirəndə Azərbaycandan orduya səfərbər olunan ların və onların içərisində itkilərin sayı haqqında statistik məlumatların ciddi şəkildə dəqiqləşdirilməsi məsələsi ortaya çıxır. Azərbaycan ərazisində hərbi əməliyyatlar aparılmasa da, onun əhalisinin ümumi sayı ilə müqayisədə canlı itkiləri və əraziləri müharibə meydanına çevrilmiş Böyük Britaniya, İtaliya və Fransa kimi böyük dövlətlərin, habelə Şərqi Avropanın bir sıra ölkələrinin (Macarıstan, Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Çexoslovakiya) itkilərini üstələmişdir.
Tarixçinin fikrincə, Azərbaycan tarixşünaslığında İkinci dünya müharibəsi dövrünə həsr olunmuş kifayət qədər mövzular var ki, onların yenidən nəzərdən keçirilməsinə və araşdırılmasına ehtiyac var.
“Respublikanın faşizm üzərində qələbəyə verdiyi töhfə Azərbaycan tarixşünaslığında ən çox araşdırılmış mövzulardandır. Sovet tarixşünaslığından fərqli olaraq müasir Azərbaycan tarixçilərinin İkinci Dünya müharibəsi ilə bağlı əsərlərində Bakı neftinin Böyük dövlətlərin hərbi planlarında mövzusu mühim yer tutur. Sovet tarixşünaslığında və hərbi xatirələrdə Bakının və onun neftinin İkinci dünya müharibəsinin nəticələrində həlledici rolu azaldılmışdı. Belə ki, çoxcildli SSRİ tarixinin 10-cu cildində oxuyuruq ki, müharibə dövründə ölkə üçün strateji xammalın çıxarılmasında əsas rol Ural, Sibir, Volqaboyu kimi bölgələrə məxsus idi və SSRİ-nin əsas neft mərkəzi olan Bakı haqqında bir söz belə deyilmirdi. Lakin hərbi əməliyatların gedişatı onu göstərdi ki, bu ilk növbədə neftin köməyi ilə hərəkətə gətirilən mühərriklər müharibəsidir. Neft olmasaydı bütün bu nəhəng texnika bir anda yararsız metal yığıntısına çevriləcəkdi. İkinci Dünya müharibəsinin ən vacib döyüşünü - Stalinqrad döyüşünü - əslində “Neft uğrunda böyük döyüş” adlandırmaq olar. Buna görə də, bu gün Azərbaycanda Sovet İttifaqının Almaniya üzərində qazandığı qələbədə Bakı neftinin əhəmiyyətini nəzərə alaraq,  Azərbaycan neftçilərinin qəhrəmanlıq əməyi yalnız Bakı şəhəri qəhrəman şəhər adına layiq görüldüyü halda öz layiqli qiymətini alacağına inam var”,- deyə tarixçi qeyd edir.
Tarix: 9-05-2022, 11:22
Xəbəri paylaş





Xəbər lenti