Qərb ekspertlərinin hesablamalarına görə, Kremlin Ukrayna savaşındakı gündəlik xərcləri, Rusiyanın gündəlik enerji gəlirləri ilə təxminən eynilik təşkil edir; Ona görə də, ABŞ və Qərb Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü maliyyələşdirməkdən yayınmaq məqsədilə prinsipial qərarlar qəbul etdi...
Bütün dünyada və Rusiyada 9 may tarixini böyük maraqla gözləyirdilər. Çünki ehtimal olunurdu ki, məhz həmin tarixdə Rusiya siyasi dairələri, xüsusilə də, prezident Vladimir Putin hansısa gözlənilməz qərarlar verəcək. Və Ukrayna savaşı ətrafında mövcud olan situasiya da qəlizləşəcək.Nəhayət ki, Rusiya 9 may tarixini bayram kimi qeyd etdi. Ancaq Kreml dünyanı ciddi şəkildə narahat edəcək heç bir qərarla diqqəti çəkmədi. Əksinə, Rusiya prezidenti Vladimir Putinin çıxışında müəyyən qədər məyusluq müşahidə olundu. Və Kreml sahibi öz çıxışını əsasən, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına haqq qazandırmağa həsr etdi.
Belə ki, Kreml sahibi Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə NATO-nı günahlandırdı. O, bildirdi ki, NATO ölkələri Rusiyanın tələblərini eşitmək istəmədilər və bu, onların fərqli planlarının olduğunu təsdiqləyir: "Donbasda hərbi əməliyyatlara hazırlaşırdılar. Kiyevdə nüvə silahının yaradılması barədə danışırdılar. Rusiyaya qarşı birbaşa təhlükə yaranmağa başlamışdı".
Rusiyanın Ukraynaya hərbi təcavüzü ucbatından milyonlarla insan qaçqın düşüb, onminlərlə insan həyatını itirib, bir ölkə dağıdılıb, dünya iqtisadiyyatına ağır zərbələr vurulub və s. Ancaq prezident Vladimir Putin bütün bunların baş vermə səbəblərini sadəcə, Rusiyanın təhlükəsizlik maraqları ilə izah etməyə çalışır.
Halbuki, onun bəhanələrin hamısı diplomatik danışıqlar yolu ilə də həll edilə bilərdi. Donbasda separatizm Ukraynanın ərazi bütövlüyünə təhlükə yaratmışdı. Deməli, rəsmi Kiyev həmin bölgədə hərbi əməliyyatlara başlamağa hazırlaşırdısa, haqlı idi və sərhədlərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarına uyğun davranırdı.
Bəs, onda bütün bunlar - Ukraynanın öz ərazi bütövlüyünü qorumaq niyyəti Rusiyanı niyə narahat etməlidir? Rusiya Çeçenistanda fərqlimi davranışdı? Kreml üçün sərhədlərin toxunulmazlığı prinsipi yalnız Rusiyaya qarşı problem yaranandamı keçərlidir?
Digər tərəfdən, Kreml sahibinin NATO ölkələrinin Rusiyanın tələblərini eşitmək istəmədiyini və onların fərqli planlar içərisində olması barədə bəhanələri də tamamilə məntiqsizdir. Çünki, Ukrayna NATO ölkəsi deyil, sadəcə, öz suveren hüquqlarından istifadə etməklə, bu hərbi-siyasi alyansa üzv olmaq istəyirdi. Buna görə Ukraynaya hərbi təcavüz etmək yalnız Kremlin siyasi məntiqinə uyğun ola bilərdi.
Ona görə də, əgər, Kreml NATO-dan narazı idisə, deməli, məhz bu hərbi-siyasi alyansa qarşı savaş elan etmək daha məntiqli olmazdımı? Ancaq nə qədər qəribə də olsa, savaşdan öncə prezident Vladimir Putin "Biz NATO ilə müharibədə qalib gələ bilməyəcəyimizi anlamayacaq qədər sadəlövh deyilik" dedikdən sonra məhz Ukraynaya qarşı müharibəyə başladı. Və bununla da əslində, Ukrayna ilə yanaşı, Rusiyanın da gələcək taleyini böyük risk altına atmış oldu.
İndi Ukraynaya məhz elə həmin NATO ölkələri ən müasir silahlarla intensiv şəkildə dəstək verir. Rusiya qoşunları isə bu dəstəyin gücləndirdiyi Ukrayna ordusu qarşısında elə bir üstünlük qazana bilmir. Hətta son vaxtlar Rusiyanın hərbi məğlubiyyətinin qaçılmazlığı barədə iddialar daha inandırıcı görünməyə başlayıb.
Digər tərəfdən, Rusiya beynəlxalq sanksiyalar altında əzilir, dünyadan sürətlə təcrid edilir. Rusiyanın maliyyə-iqtisadi sistemi sarsıdıcı zərbələrə məruz qoyulur. Hətta yaxın gələcəkdə Rusiyanın dərin maliyyə-iqtisadi böhrana düçar olacağı proqnozlaşdırılır.
Üstəlik, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi prosesi də davam etdirilir. Artıq"Böyük yeddillik" (G7) ölkələri də Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Həmin paket çərçivəsində Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmağı, daha sonra isə tamamilə kəsməyi planlaşdırırlar. G7 ölkələri qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşırlar. Və hesab edirlər ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına da uyğundur.
Belə anlaşılır ki, Rusiya Ukraynaya qarşı savaşa başlamaqla, dünyada neftə alternativ enerji mənbələrinin inkişafı proqramının icrasını da sürətləndirib. Kreml bununla əslində, Rusiyanın gələcək maliyyə qaynaqlarına real təhlükə yaradıb. Yəni, Kreml hətta Ukrayna savaşından qalıb ayrılsa belə, Rusiyanın gələcək taleyi böyük təhdid altında qalacaq.
Halbuki Rusiya siyasi dairələri hələlik gələcəyə boylanmaq həvəsindən çox-çox uzaqdırlar. Çünki onların Rusiyanın elə mövcud vəziyyəti ilə bağlı narahatlığı üçün də əsasları kifayət qədər ciddidir. Ona görə də, düşünürlər ki, G7 ölkələrinin əsas hədəfi məhz Rusiyaya Ukrayna savaşında qalib gəlmək şansı verməməkdən ibarətdir. Və bütün planlar Rusiyanın hərbi məğlubiyyətinin təmin edilməsi niyyətləri üzərində qurulub.
Əslində, G7 ölkələrinin son qərarlarında Rusiya iqtisadiyyatının elə indidən çökdürülməsi və Kremlin hərbi xərclər üçün maliyyə qaynaqlarından məhrum edilməsi niyyəti də olmamış deyil. Ağ Evdən G7 ölkələrinin qərarlarına verilən şərhdə də vurğulanıb ki, bu qərarlar ilk növbədə Rusiya iqtisadiyyatının əsas arteriyasına elə indidən ağır zərbələr vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək. G7 ölkələrinin həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərini gücləndirmək, sabit qlobal enerji təchizatını təmin etmək barədə ortaq işləmək öhdəliyi isə bu günkü hədəflər ilə yanaşı, həm də gələcək planları əhatə edir.
Məsələ ondadır ki, Qərb iqtisadçı ekspertlərinin hesablamalarına görə, Rusiyanın enerji resursları ixracından günlük gəliri 800-900 milyon dollar arasında dəyişir. Ukrayna savaşının başlanmasından sonra Rusiyanın neft-qaz satışından təxminən 70 milyard dollara yaxın maliyyə gəlirləri əldə etdiyi bildirilir. Və nə qədər qəribə də olsa, bu gəlir Rusiyanın müharibə xərcləri ilə düz mütənasib hesab olunur.
Yenə də Qərb ekspertlərinin hesablamalarına görə, Rusiyanın Ukrayna savaşında gündəlik xərcləri 900 milyon dollardan çoxdur. Belə anlaşılır ki, Kreml əslində, Rusiyanın gündəlik enerji gəlirlərini birbaşa ölkənin savaş xərclərinə yönəldir. Nəticədə Rusiya Ukrayna savaşının davam etdirilməsinə Qərb ölkələrinin ödədiyi maliyyə sayəsində nail olduğunu da düşünmək olar. Bu baxımdan, ABŞ və Qərbin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü maliyyələşdirməkdən yayınmağın yollarını axtarması da tamamilə başadüşüləndir.
Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat"
Tarix: 9-05-2022, 22:52