RUSİYADA İSTEFALAR BAŞLADI - 4 regionun rəhbəri bir gündə işdən getdi + FOTO
Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev istefa verib. “Report”un xəbərinə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.“Mari El Respublikasının rəhbərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, - o teleqramda vurğulayıb.
Bundan əvvəl Rusiyada bir gün ərzində üç qubernator istefa verib. Ölkənin Saratov, Kirov və Tomsk vilayətlərinin qubernatorları istefaya gedib. Belə ki, ilk olaraq Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib. Bu barədə region administrasiyasının rəsmi saytında bildirilib.
Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.
Qeyd edək ki, bu il Sergey Jvaçkinin 65 yaşı tamam olub.
Sonra Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.
Bundan əlavə Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.O, 1961-ci il mayın 31-də Sankt-Peterburq şəhərində anadan olub.
Məlumata görə, 2016-cı il iyulun 28-də Vladimir Putin İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin edib. O, 2017-ci il sentyabrın 19-da isə vəzifəsinin icrasına başlayıb.
Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.
Tarix: 10-05-2022, 23:02