YAP-dan İlqar Məmmədova cavab


Partiya sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, parlamentdə təmsilçisi olmayan 1200 vətəndaşdan imza toplanıb, ardı da gəlir: “İnsanlar 7 dairə üzrə təkrar və əlavə seçkilər istəyir. Onlar vergi ödəyir, amma yığılan vergilərə sərəncam verən parlamentdə təmsilçiləri yoxdur və konstitusiya pozulmuş durumdadır”.
 
Respublikaçı Alternativ Partiyası Milli Məclisdə boş yerlərə seçkilər tələbi ilə imza kampaniyası aparır.
 
İlqar Məmmədov şərhində əlavə edir ki, parlamentdə boş yerlərə seçkilərin keçirilməməsi hakimiyyətin konstitusiyanı dəyişib proporsional sistem tətbiq etmək niyyəti ilə bağlıdır: “Hakim Yeni Azərbaycan Partiyası nisbətən düz seçki keçirmək istəsə də, dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının əvvəlindəki ilk 5-10 nəfərin üzərində cəmləşir. Belə yarışa hakim partiya nisbətən daha yaxşı hazırdır, adam arasına çıxarmağa 5-10 nəfər hörmətli namizədi var. Ancaq hələlik referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur. Qalır seçicilərin dairələr üzrə məlumatlandırılması və imzaların toplanması”. Yada salaq ki, 125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”da REAL sədrinin bəzi fikirlərinə bu cür cavab verdi: “Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük partiyalarından biridir. Bu gün partiyamız kifayət qədər güclü və mütəşəkkildir. Partiyanın sıralarında bacarıqlı, qabiliyyətli, ölkəsini, vətənini sevən insanlar var. Bu baxımdan belə yanaşmalar kökündən yanlışdır. Partiyanın tərkibində işini bilən, peşəkar kadrlar kifayət qədərdir. Onlar bu gün ayrı-ayrı dövlət strukturlarında çalışırlar, parlamentdə xalqımızı təmsil edirlər. Ona görə də belə iddialar, fikirlər irəli sürmək əsassızdır. Yeni Azərbaycan Partiyası bu gün əminliklə deyə bilərik ki, ölkənin ən güclü, ən aparıcı partiyasıdır. Ölkə ictimaiyyəti arasında hər zaman olduğu kimi indi də YAP çox mühüm rol oynayır. Savadı, biliyi, peşəkarlığı ilə adından söz etdirən, cənab Prezidentə sadiqliyi, dövlətə bağlılığı ilə seçilən həmkarlarımız, vətəndaşlarımız var. Ona görə də belə fikirlər səsləndirmək kökündən yanlışdır”
Tarix: 11-05-2022, 14:35
Xəbəri paylaş





Xəbər lenti