“Dənizdən dənizə” üzən Ermənistan və “Ptiçku jalko”... - VİDEO

“Dənizdən dənizə” üzən Ermənistan və “Ptiçku jalko”... - VİDEO
“Kiçik, lakin məğrur bir quşcuğaz dedi: "Şəxsən mən birbaşa günəşə uçacağam." Və o, getdikcə yüksəlməyə başladı, amma çox keçmədən qanadlarını yandırdı və ən dərin dərənin ən dərin dibinə düşdü”.
 
Bu günlərdə Ermənistanda baş verənlər “Qafqaz əsiri” filmindəki məşhur ”odna malenkaya , no qordaya ptiçka” tostunu xatırladır. Günəşin özünə uçmaq istəyən “quşcuğaz” kimi bu zavallılar da on illərdir ki, “Dənizdən-dənizə” illuziyaları ilə yaşayıb, Messopotamiya çöllərindən, Anadoludan tutmuş Böyük Qafqaza qədər əraziləri erməni torpaqları hesab edib ələ keçirmək xəyyalarına düşmüşdülər və Qarabağda müvəqqəti əldə etdikləri uğurdan sonra qonşu Türkiyə və Azərbaycan ərazilərinə iddialı olduqlarını rəsmən Konstitusiyalarına da saldılar. 44 günlük müharibədəki ağır məğlubiyyətə uğrayıb “dərənin dərin dibinə” düşmələrinə baxmayaraq indi yenidən “məğrur quşcuğaz”obrazı ilə İrəvan küçələrində qanad çalırlar. Daşnak İşxan Saqatelyan boğazını cıraraq Robik Koçaryanın maliyyəsi ilə gah avtomobillərlə, gah piyadalarla yol kəsib “itaətsizlik” nümayiş etdirir, amma, dərin dərə olan Ermənistanın ən dərin dibindən lələkləri Azərbaycan əsgəri tərəfindən sındırılmış, tökülmüş bu “daşnak quşcuğaz” sürüsünün səsinə səs verən yoxdur və olmayacaq da. 
 
Bu zavallılar hələ də dərk edə bilmirlər ki, Azərbaycan onlar üçün bir şans verib. Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında sülh müqaviləsinin imzalanması həm Ermənistanın bir dövlət kimi mövcudluğunu,  həm də Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olaraq rahat yaşamalarını saxlayacaq bir şansdır. Amma, İrəvandakı daşnaklar, Xankəndidəki separatçılar hələ də “günəşin özünə” uçmaq illuziyaları ilə çağırışlar edirlər. Dünən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı söylədikləri və nazir müavini Xələf Xələfovun eksklav kəndlər və sərhədlərin müəyyənləşdirilməsi haqqında Azərbaycanın mövqeyini bir daha bildirməsi düşməndə şok effekti yaradıb. Demək olar ki, bütün erməni mətbuatı, hətta siyasət adamları beynəlxalq hüquqla Azərbaycan əraziləri olan bu kəndləri həyasızcasına Ermənistan SSR-ə aid olduqlarını yazıblar. Separatçı rejimin ən çox danışanı, daha doğrusu sərsəmləyəni David Babayan da “neçə ki, Rusiya hərbiçiləri artsaxdadır, ermənilər də burada olacaq” deyir və bu müddətin “10 il, 20 il də davam edəcəyini” söyləməklə, Qarabağ ermənilərinin gələcək həyatlarını qeyri-müəyyənliyə sürükləyir. Nikol Paşinyana müraciət edib Azərbaycanla “ammasız” barışıq etməyi istəyənlər kimi, Qarabağ ermənilərinin də Azərbaycan rəhbərliyinə müraciət etməsinin yaxın zamanda baş verə biləcəyindən qorxan babayanlar, arutunyanlar, balasanyanlar, beqlaryanlar hər gün düşmənçilik ideyalarını təbliğ etməklə məhz sadə Qarabağ ermənisini belə müraciətlərdən çəkindirməyə çalışırlar. 
 
Həmişə olduğu kimi ermənilər problemlərini başqalarının əli ilə həll etməyə üstünlük verib, Rusiyanı özlərinə arxa bilirlər. Pul verdikləri Stanislav Tarasov kimisi də sanki Kreml rəsmisi kimi danışır, “Rusiya Azərbaycanın mövcudluğuna son verə bilər” kimi səfeh bəyanatlar verməklə ağası Modest Kolerova ( İA REGNUM-un baş redaktoru), ermənilərə reallıqdan uzaq olan “xidmətlər” göstərdiyini zənn edir və ermənilər də saman çöpündən yapışan boğulan kimi, bu cür sərsəm sözlərlə təsəlli tapırlar.
 
Hələ ağıllıları Paşinyan bu gün Niderlandda Azərbaycanı “Ermənistan və artsaxa qarşı aqressiv siyasət” aparmaqda ittiham edib. Və Azərbaycanın “aqressiv” siyasətini görün bir hökümət başçısı nədə görür:” Azərbaycan Avropa İttifaqında Ermənistanın rusiyayönlü ölkə olduğunu, Rusiyada isə Ermənistanın qərbyönlü ölkə olduğunu bəyan edir. Bəzən də deyirlər ki, Ermənistanda Qərbin rəngli inqilab yolu ilə təyin etdiyi, Rusiyanın əleyhinə fəaliyyət göstərən hökumət var”. Baş nazir hələ də anlamır ki, nə Brüsselə, nə də Moskvaya Azərbaycan yol göstərmir, sadəcə biz doğru siyasət yürütdüyümüzdən, bizimlə hesablaşmağa məcburdurlar. Paşinyanı dinləyənlər içərisində bir ağıllı çıxıb soruşmalıydı ki, hətta bu deyilənlər düz olsa belə, nə vaxtdan aqressivlik nümunəsi hesab olunur? Bax bunun da adı “quşlamaqdır”. Sadəcə, günəşə doğru deyil, dərənin dibinə şığıyan quş. Görünür, erməninin nə başında duranını, nə ayağında oturanını “dəmir yumruq” hələ ağıllandırmayıb ki, yenə dərəyə doğru şığıyırlar. Bunlara xatırlatmaq lazımdır ki, dərəyə doğru “şığıdığınız bəsdi, arada qanad çalın”. Lap, Şurikin dediyi kimi: “ptiçku jalko”.

 
 
İlham İsmayıl

Tarix: 11-05-2022, 21:48
Xəbəri paylaş





Xəbər lenti