Ekspert hesab edir ki, bütün bunlara rəğmən biz Rusiya və İranla əməkdaşlıq etməliyik, amma...
Mayın 10-da Litva parlamenti Rusiyanı terror dövləti olaraq tanıyıb. “Yeni Müsavat” məlumat verir ki, ABŞ Senatı isə öz növbəsində Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Rusiyanın terrorizmi himayə edən ölkə kimi tanınması təşəbbüsünü “səfehlik” adlandırıb. Bundan bir gün əvvəl də ABŞ prezidenti “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı”nı imzalamışdı.İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə (eləcə də Böyük Britaniya və digər müttəfiqlərə) dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə SSRİ-nin varisi olan Rusiyaya qarşı bərpa edildi. Bütün bunlar nə vəd edir? Rusiyanın terror dövləti elan olunması digər hansı ölkələrə problem yarada bilər? Bu addım Rusiyanı daha da aqressivləşdirməyəcək ki? Yada salaq ki, Azərbaycanla həmsərhəd olan Rusiyadan başqa, Qərb İranı da terroru maliyyələşdirən ölkə kimi tanıyır. Bu, Azərbaycana hansı risklər vəd edir?Bizim iki qonşumuzu “terrorçu dövlətlər” sayan Qərb dünyası bu ölkələri sanksiya altında saxlayır. Belə mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün təhlükələr nədən ibarətdir və biz xarici siyasət kursunda hansı addımları atmalı, dilemma qarşısında qalmamalı, bu həssas dövrdən ağrısız çıxmalıyıq? Hazırda beynəlxalq təşkilatların siyahısında terrorizmi maliyyələşdirən dövlətlər Şimali Koreya, İran, Suriya və Kubadır. Bəs ABŞ Rusiyanı bu qara siyahıya əlavə edəcəkmi? Bundan əvvəl rus ordusunun Buça şəhərində törətdiyi qətliamı Ağ Ev rəhbəri Cozef Bayden soyqırımı adlandırmışdı. Ona görə Amerika Ukraynada müharibə cinayətlərini və mülki əhalinin həyatını itirməsini əsas gətirərək rəsmi şəkildə belə bir bəyan edə bilər.
Ancaq indiki halda Senat Rusiyanı terroru maliyyələşdirən ölkə kimi qəbul edərək qətnamə yayıb. Ukrayna müharibəsinin sonunda Rusiya dövlətinə rəsmi şəkildə soyqırımı törətmək iddiası da irəli sürüləcəyi istisna deyil. BMT hazırda bu ölkədə işgəncə, zorakılıq faktlarını araşdırır, müharibə cinayətlərinə dair dosye hazırlayır.
Bütün bu kəskinləşən geosiyasi mənzərə, Azərbaycanın yaxın qonşuları ilə kollektiv Qərbin münasibətlərinin düşmənçilik həddinə çatması heç də yaxşı perspektiv vəd etmir. Rəsmi Bakı hər zaman iki qütbün qarşıdurmasından kənarda qalmağa, balans saxlamağa çalışıb. Buna görə NATO və rus generalları bir neçə dəfə Bakını görüş yeri seçiblər. Həmçinin Azərbaycan Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Biz Qoşulmama Hərəkatına üzv olmaqla da hərbi bloklardan uzaqda dayanmağı bacarmışıq. Ancaq yenə də Qərblə qonşularımız arasında əlaqələr pisləşir və bunun təsirləri bizdən yan keçmir.
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a dedi ki, bu məsələ son dərəcə aktualdır: “Rusiyanın rəqibləri onun nüfuzunu dünyada kifayət qədər aşağı salıblar. Belə hallar dünyada çox olur. ABŞ və satellitləri Rusiyaya qarşı apardığı bu siyasətlə onun müttəfiqləri olan Çin və Hindistana da təzyiq etmiş olurlar. Yəni ”terrorçu dövlət" adlandırmaqla mesaj verirlər ki, Rusiyanı dəstəkləməsinlər. Azərbaycana gəldikdə, bizim üçün yaxşı hal deyil. Çünki iki əsas böyük qonşumuzla müqayisədə Azərbaycan kiçik ölkədir. Biz iqtisadi siyasətimizi bu dövlətlərlə həyata keçiririk. Onların “terrorçu dövlətlər” adlandırılması bizə mənfi təsir göstərəcək. Amma Azərbaycan öz milli və iqtisadi maraqlarından irəli gələrək siyasətini davam etdirməlidir".
Analitik hesab edir ki, bütün bunlara rəğmən biz Rusiya və İranla əməkdaşlıq etməliyik: “Xüsusən Zəngəzur dəhlizi ilə bağlı maraqlarımız var. Ancaq dünya da bunu qəzəblə qarşılamasın deyə vəziyyətimizi izah etməliyik. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir, elə bilirəm ki, diplomatik kanallarla da Britaniya və Amerikaya hazırkı situasiyamız izah olunub. Hər ikisi anti-İran və anti-Rusiya koalisiyalarında əsas aparıcı ölkələrdir, bununla belə, Azərbaycanın hansı vəziyyətdə olduğunu, coğrafi şəraiti anlamalıdırlar”.
Təhlükəsizlik məsələləri üzrə mütəxəssis İlham İsmayıl bildirdi ki, dünyanı təhdid edən beş faktordan üçü bizə yaxındır: “Şimali Koreya, Çin, İran, Rusiya və radikal islamçılıq göstərilir. Onlardan ikisi qonşuluqdadır, üstəgəl, İslam bayrağı altında terrorun maliyyələşdirilməsini də bilirik. Amerikadan rəsmi status olmasa da, faktiki biz təhlükənin içindəyik. Son olaraq Rusiyanın Azərbaycanı ”gizli laboratoriya" ittihamı ilə hədəfə alması təhdidin bir forması idi. Bu ittihama Dövlət Təhlükəsizlik Xidmətinin münasibət bildirməsi də sübut etdi ki, məhz dövlət üçün təhlükəsizlik məsələsidir". İ.İsmayıl hesab edir ki, Litva və Amerikanın məsələni belə qoymasından sonra Azərbaycanın yanaşması bu cür olmalıdır: “ABŞ və Qərbə deməliyik ki, bizə münasibətdə yardımçı olsunlar. Xüsusi xidmət və diplomatiya sahələrində əməkdaşlığı yaxşılaşdırmalıyıq ki, Azərbaycana kömək olsunlar”.
Tarix: 13-05-2022, 10:39