“İctimai fəallar” niyə indi aksiya qərarı verdi - iki rəy


14 mayda şəhərin mərkəzində qarışıqlıq salmaq planı, yoxsa...

Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiyanın məqsədi “ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz məqsədi daşıyır”. Aksiya keçirmək istəyənlərin yaydıqları açıqlamalarda “hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən siyasi qətllər baş verəcək” kimi fikirlər yer alıb. Aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai, vətəndaş cəmiyyəti fəalının daxil olduğu da yayılan məlumatlar sırasındadır.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir. “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq”.
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov da “Yeni Müsavat”a açıqlamasında şəhərin mərkəzində razılaşdırılmamış istənilən kütləvi aksiyanın qanunsuz hesab ediləcəyini və məsuliyyətin aksiyaçıların, çağırışı edənlərin üzərinə düşəcəyini bildirdi: “Əvvəla, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilib. Bunun üçün yetər ki, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olsun. Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələyə baxdıqdan sonra müraciətə cavab verilir. Bilirsiniz ki, uzun müddətdir Bakının çox gözəl məkanlarından biri olan Qaradağ rayonunun ərazisində kütləvi aksiyalar üçün yer ayrılıb. Qaradağ rayonu ərazi baxımından Bakının ən böyük rayonudur. Şəhərin mərkəzindən də Qarabağ rayonu ərazisində aksiyalar üçün ayrılmış yerə məsafə çox qısadır, həm də yollar çox yüksək səviyyədədir, meydanın özü də çox yaxşı vəziyyətdədir. Özünü ictimai fəal adlandıran aksiya keçirmək istəyən şəxslərin niyyətləri bu və ya digər hadisəyə münasibətdə öz fikirlərini sərbəst və açıq şəkildə qanuni formada ifadə etməkdirsə, zəhmət çəksinlər 5-6 kilometr məsafədir, gedib aksiyalarını keçirsinlər. Amma indi onların Bakı şəhərinin mərkəzində razılaşdırılmadan, özbaşına, ictimai asayişi, insanların şəhər mərkəzində rahatlığını pozaraq hansısa aksiya keçirməsi qanuna ziddir. Qanuna zidd olan istənilən addımın qarşısı hüquq çərçivəsində müvafiq dövlət qurumları tərəfindən alınacaq. Buna heç kimin şübhəsi olmasın. Bütün məsuliyyət də həmin qeyri-qanuni aksiyanı keçirməyə cəhd göstərənlərin üzərinə düşəcək”.

Elman Nəsirov onu da dedi ki, burada qəribə bir sinxronluq da diqqətdən yayınmır: “Belə ki,  bugünlərdə Ermənistan paytaxtında hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. Sübut etməyə ehtiyac belə yoxdur ki, burada xarici qüvvələrin əli var, bu aksiyalar təkcə Qarabağ klanının özfəaliyyəti deyil, onları xaricdən idarə edənlər var. Ermənistanı daxildən çalxalayırlar. Belə bir reallıq fonunda Azərbaycanda sinxron addımların atılmasına cəhdlərin işartılarının şahidi oluruq. Həm Ermənistan, həm Azərbaycan paytaxtında qarışıqlıq yaradılması, ictimai asayişin pozulması, gərginlik ocaqlarının yaradılması kimi paralel cəhdlər edilir. Eyni niyyətli insanların xaricdəki müəyyən anti-Azərbaycan siyasi dairələr tərəfindən idarə olunması şübhə doğurmur. Ona görə də özünü ictimai fəal adlandırıb qanuna zidd hərəkətlərə cəhd etmək istəyənlər bilsinlər ki, Azərbaycan Ermənistan deyil. Azərbaycan güclü dövlətdir, insan haqları qorunur, müdafiə olunur və əhalinin təhlükəsizliyini və asayişin qorumaq üçün Azərbaycan polisi addımlarını atacaq. Mayın 14-də Bakının mərkəzində icazəsiz aksiyaya cəhdin qarşısı əminəm ki, bütün qanuni vasitələrlə alınacaq”.    
Qeyd edək ki, 14 mayda şəhərin mərkəzində kütləvi aksiya keçirmək çağırışları edənlərdən biri ictimai fəal Bəxtiyar Hacıyevdir. Ona görə də ortaya çıxan sual və iddiaları Bəxtiyar Hacıyevə ünvanladıq. “Aksiyaya icazə üçün BŞİH-ə rəsmi müraciət etmisinizmi” sualına Bəxtiyar Hacıyevin cavabından bəlli oldu ki, belə müraciət etməyiblər: “Dinc yürüşümüzlə bağlı məlumat geniş şəkildə sosial şəbəkələrdə, mətbuatda yayılıb. Sərbəst toplaşmaq hər bir vətəndaşın hüququdur və bu hüquqdan istifadə etmək üçün qanunda nəzərdə tutulmuş bütün məlumatlar, yürüşün məqsədi, şüarları, tələbləri, iştirakçıları haqqında hər şey artıq yayılıb və müvafiq icra hakimiyyəti orqanının da bundan məlumatı var”.
“Qaradağ rayonu ərazisində mitinqlər üçün yer ayrıldığı bildirilir. Orada razılaşdırılmış aksiya keçirmək variantına nə deyirsiniz” sualından isə belə məlum oldu ki, təşkilatçıların sözügedən ünvanda aksiya keçirmək niyyəti yoxdur: “Bizim yürüş zamanı əsas etiraz edəcəyimiz problem Bakı şəhərinin mərkəzində müxtəlif tənqidçilərə, fəallara, jurnalistlərə qarşı basqılar, cinayətlər, bu cinayətlərin araşdırılmaması olacaq. Cinayətlər  Qaradağ rayonunda baş verməyib ki, biz də ora gedib, orada etiraz edək. Biz şəhərin mərkəzində oğurlanmışıq, döyülürük, boğazımıza bıçaq dirənir, hakimiyyət vətəndaşların təhlükəsizliyini qorumaq vəzifəsini icra edə bilmir, buna görə də biz Fəvvarələr meydanından DİN qarşısına qədər dinc yürüş edərək bu problemə cəmiyyətin və hakimiyyətin diqqətini çəkməyə, etirazımızı bildirməyə çalışacağıq”.

B.Hacıyevin razılaşdırılmamış aksiyaların qarşısının alınacağı, məsuliyyətin isə təşkilatçıların üzərinə düşəcəyi barədə DİN-in xəbərdarlığına münasibəti belə oldu: “DİN-in köhnə adətidir ki, bütün gücünü dinc etiraz edən əliyalın vətəndaşlara yönəltsin. Yaxşı olardı ki, DİN razılaşdırılmamış cinayətləri araşdırsın, cinayətkarları tapsın, hüquqi məsuliyyətə cəlb etsin ki, belə aksiyalara da ehtiyac qalmasın. DİN aksiya təşkilatçılarının məsuliyyətini xatırladırsa, özünün də məsuliyyətini xatırlasın ki, bu cinayətlər açılmayana, cinayətkarlar qanun qarşısında cavab verməyənə qədər məsuliyyət DİN-in üzərində qalacaq. Biz bu problemə, polis zorakılığına etiraz olaraq dinc yürüşə çıxacağıq. Əgər Azərbaycan polisi dəyişən geosiyasi durumda Azərbaycan hakimiyyətinə ciddi təzyiqlərə əsas vermək istəyirsə, o zaman aksiyanı güc yolu ilə dağıdar, əks halda, imkan versinlər dinc şəkildə etirazımızı bildirək”.
“Bir sıra siyasi şərhçilər, həmçinin deputat Elman Nəsirov deyir ki, Ermənistandakı mitinqlərdə xarici qüvvələrin əli var. Belə bir vaxtda Azərbaycan daxilində qarışıqlıq yaratmaq istəyənlər ortaya çıxır, razılaşdırılmamış aksiyaların xaricdəki anti-Azərbaycan dairələr tərəfindən sifariş verilməsi şübhə doğurmur. Nədən məhz Ermənistanda mitinqlər keçirildiyi vaxtda sizlər də Bakıda aksiya keçirmək istəyirsiniz? Bu aksiyalarda kənar qüvvələrin marağı varmı” sualını da B.Hacıyevə ünvanladıq. Cavabında dedi ki, YAP da, YAP-ın deputatı Elman Nəsirov da köhnə adətləri üzrə ölkədə baş verən hər şeydə xarici maraq, Ermənistan izi axtarırlar: “Əgər belədirsə, o zaman məni paytaxtın mərkəzində oğurlayaraq insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qoyanlar və bu cinayəti araşdırmayanlarda, Tofiq Yaqublunu polis bölməsindən sağlam çıxarıb, naməlum şəxslərə təhvil verib, döyülmüş şəkildə naməlum yerdə buraxdıran və ”özü-özünü döyüb" deyənlərdə, Aytən Məmmədovanın boğazına bıçaq dirəyib, bu cinayəti törədənləri tapmayanlarda axtarsınlar erməni izini və xarici marağı. Biz müxtəlif kriminal, mafioz hədələrə, cinayətlərə məruz qalmışıq və buna etiraz edirik, əgər hakimiyyət ictimai-siyasi sabitliyin pozulmasını istəmirsə, bu cinayətləri törədənləri tapıb, onlarla haqq-hesab aparsın, cinayət qurbanları ilə yox".
Qeyd edək ki, təşkilatçıların adlarını çəkdikləri hadisələrlə bağlı polis dərhal araşdırmaya başlayıb, müvafiq instansiyalar hərəkətə keçib. Yəni jurnalistin hədələnməsi də daxil, baş verən hadisəyə görə cinayət işi başlanıb.
Belə görünür ki, bu kimi hadisələr bəzi dairələrin əlinə fürsət verib. Dünyanın indi əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə cəlb edilib. Bu arada isə Ermənistanda anti-Azərbaycan qüvvələr neçə vaxtdır küçələrdən çəkilmirlər. Erməni revanşistlərin Qarabağ ermənilərinə “təhlükəsiz həyat” tələb etdikləri bir vaxtda Azərbaycanda guya ictimai fəalların və siyasət adamlarının həyatına “təhlükə yaranması” adı altında küçəyə çıxmaq Qərbdəki bəzi anti-Azərbaycan və erməni revanşistlərin dəyirmanına su tökmək kimi qiymətləndirilə bilər.
Tarix: 13-05-2022, 10:51
Xəbəri paylaş





Xəbər lenti